Xanımlar mükəmməl sürücüdürlərmi?
12:00 – 10 Mart, 2017

Kişi sürücülər çox vaxt qadın sürücüləri, avtomobillərin manevrlərindən, parklama vəziyyətindən tanıyırlar. Bu səbəbdən də,  hər bir kişinin şüurunda ənənəvi sual mövcuddur: “Xanımlar mükəmməl sürücüdürlərmi?” APA TV-nin 8 "Avto klub" layihəsinin 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş buraxılışında, bu sualla bağlı fərqli fikirlər səsləndirilib.  

Qadın sürücülük kurslarının təlimçisi Arzu Babazadə bildirib ki, xanım  sürücülərin müsbət cəhəti odur ki, onlar nəzəriyyəni çox gözəl bilirlər. Lakin sükan arxasında olarkən avtomobili yol nişanlarını oxumadan idarə edirlər. Arzu Babazadə qeyd edib ki, sükan arxasında xanımların fikri özündə, diqqət isə bərabər şəkildə paylaşılmış halda olmalıdır: “Sükan arxasında biz yalnız sürücünü təmsil etmirik. Bir özümüz, üç bizim avtomobilin aynaları, yəni orta, ümumi, sağ və sol aynalar, bir də hər hansı bizə təhlükə törədəcək sürücünün yerinə biz sürücüyük”. Sürücülük təlimçisi xanımları çaşdıran böyük problemlərdən biri kimi, onlara təlim keçirilərkən avtomobilin yalnız zolaqdaxili, sağ və sol kənar xətlər tapdanmamaq şərti ilə idarə edilməsinin tədris olunmadığını vurğulayıb: “Lakin bunu xanım sürücülərdən daha çox kişi sürücülər edir. Dönmə işıqlarını yandırmadan zolağı dəyişdirir və ya manevr edir. Bu da qadın sürücülərin daha çox panikaya düşməsinə səbəb olur”. 

Xanımların daha çox hansı ötürücülər qutusuna, avtomat yoxsa mexanikiyə üstünlük vermələrinə gəlincə, sürücülük təlimçisi söyləyib ki, xanımlar daha çox avtomat ötürücülər qutusuna üstünlük verirlər. O qeyd edib ki, əgər təlim üçün 100 xanım tələbə müraciət edirsə, onlardan dörd nəfəri mexaniki ötürücülər qutusunu seçir. 

Xanım sürücülərin sükan arxasında nələri etməli olduqlarını unutmaları, necə davranmaları  ilə bağlı sualı cavablandıran  gənc müğənni İradə Mehrinin sözlərinə görə, sükan arxasına qorxmadan əyləşmək lazımdır. Avtomobil sürməyə böyük həvəsi olduğunu bildirən xanım sənətçi artıq bir neçə ildir ki,  nəqliyyat vasitəsi idarə etdiyini və sükan arxasına əyləşməzdən əvvəl həmişə ətrafında olanların necə avtomobil sürmələrini diqqətlə izlədiyini söyləyib: “Təlim kursu keçmədən avtomibil idarə etməyə başlamışam. Hələ indiyədək də heç bir ciddi nöqsanlara yol verməmişəm. Yolda məni çox nadir hallarda qayda pozduğuma görə polis əməkdaşları saxlayıb. Sadəcə avtomobil idarə etməyə başlayan şəxs, sükan arxasında qorxmadan, soyuqqanlı və məsuliyyətli şəkildə əyləşməlidir. Bir də xanımlara müraciət etmək istərdim ki, sağ-sol güzgülərə diqqət yetirsinlər. Parklma məsələsindən eybi yox, ətrafdakılar yardım edəcək. Ümumilikdə isə bütün diqqət və fikrin yolda, nişanlarda və özündə olmalıdır. Bir də telefonla çox danışmasınlar”.

İradə Mehrinin “eybi yox” ifadəsini sürücülük təlimçisi Arzu Babazadə ən böyük problemərdən biri adlandırıb.  O bildirib ki, bu kimi yanaşma  sonradan yolda böyük problemlərə və ağır qəzalara səbəb olur.

“Qarşıda hərəkət edən avtomobilin sükanı arxasında sürücünün  kişi və ya qadın olduğunu müəyyən etməyin yolunu manevrlərın ləngliyindən bilmək olar. Amma kişi sürücülərdə də bu problemlər var. Məsələn, parklamada bunun şahidi olmuşam ki, intensiv hərəkət müşahidə edilən yolda, saniyələr tələb edilən parklamaya dəqiqələr sərf edirlər. Bu daha çox xanım sürücülərdə rast gəlinir".

Yolda kimlərin daha səliqəli avtomobil idarə etmələrinə gəlincə, sənətçi İradə Mehri bildirib ki, qadınlar evdəki səliqə-sahmanla eyni olduğu kimi, avtomobil idarə etmədə də bu balansı qoruyurlar. Daha sonra gənc müğənni qeyd edib ki, elə yollar da var ki, orada sürət həddinin mütləq şəkildə artırılması tələb olunduğu halda, bəzi xanımlar bunu dərk etmədən düşünürlər: “Amma bu problemli bir məsələdir. Mən özüm də bir xanım olaraq, yolda ləng hərəkət edən sürücünün qadın və ya kişi olmasından asılı olmayaraq, gərginlik yaşasam da, yol verirəm. Lakin baxıram ki, sürət həddi 110 və ya 120 müəyyən edilən yolda 60-70-lə hərəkət edirlər”. Xanım sənətçi yolda avtomobil idarə edərkən ən xoşagəlməz, qorxulu məqamlardan biri kimi avtobusun arxasınca gedərkən, onun sürücüsününü qəfil və ya bəzən qadağan edilən yerdə sərnişin düşürməsini qeyd edib. Daha sonra İradə Mehri aparıcıya və sürücülük təlimçisinə “Bununla necə mübarizə aparmaq olar? Ara məsafəsi nə qədər olmalıdır?”  tipli suallar da ünvanlayıb.

Suala cavab olaraq sürücülük təlimçisi Arzu Babazadə bildirib ki, sürücü sürət həddi 110 olan yolun birinci zolağında, ən sağ zolağında minimum 50 ilə başqalarına mane olmadan idarə etmək haqqına malikdir.  Məsafəyə gəlincə isə  qanunun icazə verdiyi ara məsafəsini  saxlamaq vacibdir. Yəni arada olan məsafə ən azı sürət həddinin yarısına bərabər olmalıdır.  Əgər qarşıdakı yük avtomobilidirsə, bu məsafənin ölçüsü bir qədər də dəyişir. Bəzi mənbələrə görə,  arxada hərəkət edən nəqliyyat vasitəsi, qarşıdakı avtomobilin arxa təkərlərini görməlidir.

Yol polisi ilə bağlı problem yaşayıb-yaşamadığı sualına gəlincə gənc müğənni İradə Mehri bildirib ki, on ilə yaxındır ki, avtomobil idarə edir və yol polisi əməkdaşlarından razıdır: "Çünki onlar olmasa, bəzi sürücülər yolda avtomobil idarə edərkən həddini aşa bilər. Doğrudur, qayda pozduğu üçün cərimələnsə də, yol polisi ilə bağlı heç vaxt  problemi olmayıb".

Xanımlar üçün sürücülük kurslarına yazılmaq üçün ən yaxşı dövrün hansı yaş həddi hesab olunması ilə bağlı məsələyə münasibət bildirən Arzu Babazadəyə görə, hazırda kursa 18-dən başlayaraq 60 yaşa qədər xanımlar müraciət edir: "Amma bizim  məsləhət gördüyümüz və təlimi mənimsəmək üçün ən yaxşı yaş dövrü 18-25 arasıdır. Bu zaman həm həvəs güclü olur, həm də öyrənmək istəyi. Təlim zamanı xanımların fikri yayınmır, “eybi yoxdur” ifadəsini istifadə etmirlər. Odur ki, mən övladı, bacısı və ya xanımı avtomobil idarə etmək həvəsinə düşən  hər bir şəxsdən xahiş edirəm ki, bu yaş həddində xanım istəyini dilə gətirirsə, ona imkan yaratsınlar, mane olmasınlar”. Arzu Babazadənin  sözlərinə görə xanım da var ki, 54 yaşında avtomobil sürmək həvəsinə düşür, öyrənir. Lakin onun təlimi nə dərəcədə mənimsədiyini, peşəkar sürücü  olaraq avtomobil idarə edəcəyini deyə bilmərik. Çünki təlim zamanı gələcəkdə sürücü olacaq xanımın yanında mütəxəssi əyləşir, ona dərs keçir və avtomobildən necə istifadə etməyin qaydalarını öyrədir. Bir sözlə təlim zamanı nəzarətsiz şəkildə sürücü olmaq istəyən xanım heç bir şeyə müdaxilə edə bilməz. Lakin dərs bitdikdən sonra xanım sərbəst şəkildə gedib istədiyi kimi avtomobili idarə edə bilir. Bunun da qarşısını almaq mümkün deyil. 

Müasir dövrdə işgüzar xanımların şəxsi avtomobillərinin olmasını və qadın sürücülərin nəqliyyat vasitəsini idarə edərkən qaydaları mükəmməl bilməsinin çox vacib olduğunu qeyd edən xanım sənətçi, bununla da  xanım sürücülərin gələcəkdə özlərini  avtomobil idarə edərkən yolda bir çox problem yaşanmasından və pis vəziyyətə düşmələrindən sığortalandıqlarını bildirib.

Yol hərəkət qaydalarının iştirakçılarından olan piyadalara səslənən Arzu Babazadə, bir daha piyadalara müraciət edərək, qulaqçıqdan istifadə edərkən, hər ikisini deyil, birini taxmalarını xahiş edib.

Avtomobilin qabaritlərinə gəlincə, xanım sənətçi kiçik ölçülü avtomobilə üstünlük verdiyini, bunun daha çox rahat olduğunu bildirsə də, sürücülük təlimçisi Arzu Babazadənin bu məsələ ilə bağlı fikirləri tamam fərqli olub. O, xanımların kiçik qabaritli avtomobillərə üstünlük vermələrinin tərəfdarı olmadığğını bildirib: “Mən tələbələrimə də bunu məsləhət görmürəm. Çünki xanımlar onsuz da bir az cəsarətsiz avtomobil sürürlər. Böyük qabaritli avtomobillərdə xanımlar ətrafı daha aydın şəkildə görür, kişi sürücülər də böyük ölçülü avtomobil görəndə düşünmürlər ki, sükan arxasındakı xanımdır. Bunun üçün də bu cür nəqliyyat vasitələrindən bir az ehtiyat edirlər”. Sürücülük təlimçisi yolsuzluq avtomobili idarə edənlərin bir qədər diqqətli olmalarını vurğulayıb. Bunan səbəb kimi isə həmin avtomobillərin alt hissəsində hava axınının çox olmasını göstərib. Belə ki, bu tip avtomobillərin yolun müəyyən hissələrində, döngələrdə çevrilmək və s. problemləri daha çoxdur.

Arzu Babazadə, avtomobili idarə etməyə yeni başlayan şəxslərə avtomobili parklamadan öncə həmin məkana birbaşa daxil olmamalarını tövsiyə edib: “Əvvəlcə avtomobilinizi saxlayaraq, qəza işıqlarını yandırın, daha sonra avtomobilinizdən enərək həmin məsafəyə diqqət yetirin. Əgər sizdə belə bir fikir yaransa ki, bura daxil olsam, kiminsə avtomobilinə xəsarət yetirmiş olaram, onda ora daxil olmayın. Bu, ilk dəfə sükan arxasına keçənlər və avtomobil parkalayanlar üçün bir qaydadır. Xüsusən də xanımlara səslənmək istərdim ki, ilk altı ay ərzində hərəkətin intensiv olduğu yollara nə daxil olsunlar, nə də  park etsinlər”.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT