İraq və Suriya uğrunda III dünya müharibəsi başlayır
16:27 – 10 Mart, 2017

 

Bu həftə ABŞ Suriya ərazisinə əlavə hərbi qüvvələr göndərdi. Pentaqon ilk dəfə olaraq Suriyada aktiv hərbi əməliyyatlarda quru qoşunlarının iştirak edəcəyini açıqladı. ABŞ dəniz piyadaları Rəqqa şəhərinin İŞİD terrorçularından azad edilməsində iştirak edəcəklər. Zərurət yaranarsa İraqda dislokasiya edilmiş amerikalı hərbçilər də Suriyadakı əməliyyata cəlb olunacaqlar. Birləşmiş Ştatların İraq və Suriyanı yenidən öz təsir dairəsinə salmağa zərurət duyur. Başqa sözlə desək, Vaşinqton bu iki ölkənin İranın əlinə keçməsinə imkan vermək istəmir. Amerikalıların Suriyada aktiv hərbi əməliyyatlara başlaması üçüncü dünya müharibəsinin başlamasına səbəb ola bilərmi? İranın cəlb olunacağı bu müharibənin Azərbaycana necə təsiri ola bilər? APA TV-nin "Panoram" layihəsində bu suallara ətraflı aydınlıq gətirilib.

 

Politoloq Elşad Mirbəşiroğlunun sözlərinə görə, Amerika Birləşmiş Ştatlarını hazırda daha çox narahat edən məsələ İranla bağlıdır: "İran son dövrlərdə Suriyada xüsusilə fəallaşmaqdadır. İsrail tərəfi də İranın fəallaşmasını kifayət qədər narahatlıqla müşahidə etməkdədir. Mən hesab edirəm ki, burada həm İsrailin, həm ABŞ-ın ortaq mövqeyinin olması, ABŞ-ın belə fəallaşmasına və nəticədə  Tramp tərəfindən sərt bəyanatların verilməsinə gətirib çıxardı". ABŞ prezidenti Donald Trampın Suriya istiqamətində qəti addımlar atmaq fikrində olduğunu söyləyən E. Mirbəşiroğlu ABŞ-ın həmişə böyük müharibələrə distant başladığını vurğulayıb: "Amma nəzərə almaq lazımdır ki, Amerika Suriyada heç də açıq-aşkar hərbi əməliyyatlara getməyəcək. Çünki məlumdur ki, ABŞ-la Rusiya arasında Suriya ərazisində kiçik bir toqquşma iri miqyaslı müharibəyə gətirib çıxara bilər. Odur ki, ABŞ bütün resursları istifadə edir ki, Rusiya ilə qarşı-qarşıya gəlməsin. Hesab edirəm ki, indiki vaxtda ABŞ-ın əsas hədəfi Suriya ərazisində nəzarət zonası əldə etməyə hesablanıb". Politoloq bu fikirdədir ki, Suriyanın Rusiyanın köməyi ilə geniş əraziləri işğaldan azad etməsi, Bəşər Əsəd hakimiyyətinin qalacağından xəbər verir: "Rusiyanın Suriyada genişlənməsi, ABŞ-ın Suriyada faktiki olaraq uduzması deməkdir. ABŞ ərəb ölkələri ilə bağlı siyasətini faktiki olaraq həyata keçirdi, amma Suriyaya qədər. Amerikanın nəzarəti altında olan ərazi isə Aralıq dənizi arasında bu gün Suriya var".

 

Politoloq iddia edir ki, Bəşər Əsədin devrilməsi məsələsi İranla bağlı idi: "Bildiyiniz kimi Bəşər Əsəd rejimi ilə İran arasında həmişə sıcaq münasibətlər olub. Bəşər Əsəd də şiə təriqətinə məxsusdur. ABŞ Əsəd rejimini devirməklə, İrana zərbə vurmuş olacaqdı". E. Mirbəşiroğlunun sözlərinə görə Əsəd rejiminin qalması, Rusiyanın birbaşa təhlükəsizliyinə hesablanıb: "Amerika Birləşmiş Ştatları anakonda halqasında istifadə edir, yəni ABŞ Rusiya ətrafındakı əraziləri nəzarətə götürməklə, Rusiyanı siyasi cəhətdən boğaraq, zəiflətmək istəyir". Politoloq Suriya məsələsi üzrə ABŞ və Rusiya arasında gedən mübarizəni "ölüm-dirim savaşı" kimi qiymətləndirir.

 

Elşad Mirbəşiroğlunun hesab edir ki, Suriyada Bəşər Əsəd rejimi əvvəlki ərazilərə vahid şəkildə nəzarət edə bilməyəcək: "Suriya təsir zonalarına parçalanacaq. təhlükəsizlik zonalarının kimin əlində olması isə, sual doğuran məsələdir.  Burada yalnız Amerika Birləşmiş Ştatları və Rusiya ola bilər. Türkiyə və İranın burada nəzarət zonasının olması sual altındadır". O iddia edir ki, ABŞ-ın İŞİD-ə münasibəti, bu cinayətkar qruplaşmanın arxasında Amerikanın dayandığından xəbər verir: "Əgər ABŞ Rəqqa uğrunda müharibəyə başlayacaqsa, bu deklorativ müharibə olacaq. Bu döyüş olmayacaq, bu görüntü xarakterli döyüş olacaq. İŞİD geri çəkiləcək və həmin əraziləri ABŞ-a təslim edəcək. İŞİD-in zəbt etdiyi ərazilər, ABŞ-ın zəbt etdiyi ərazilər kimi qəbul edilə biləcəkdir". Politoloqun fikirlərinə görə, ABŞ Suriyadakı proseslərə müdaxilə etməklə, hadisələrdə dönüş yarada bilər.  

 

Astana görüşünü nəzərdən qaçırmayan politoloq, bu görüşdə ABŞ və Rusiya arasındakı danışıqlar predmetinin, Suriyada atəşkəsin elan edilməsi ilə bağlı olduğunu söyləyib.

 

İran-ABŞ münasibətlərinə toxunan politoloqun sözlərinə görə, ABŞ-ın İrana sərt mövqe nümayiş etdirməsində İsrailin çox böyük rolu var: "Bu gün Rusiyanın Suriyada təmsil etdiyi cəbhədə İran var, hətta müəyyən mənada Türkiyə də var. Bu baxımdan hesab edirəm ki, İran ABŞ-la açıq hərbi əməliyyatlara getməyəcək. İran yenə də Suriyada müəyyən kölgə altında Bəşər Əsəd rejiminə dəstək verməsini davam etdirəcəkdir".  O həmçinin İranın öz nüvə proqramını dayandırmasının müvəqqəti xarakterə malik olduğu fikrindədir: "Bu vaxt udma strategiyası kimi qiymətləndirilməlidir".  

 

İsrailin Suriya məsələsində narahatlığı xüsusi qeyd edən E. Mirbəşiroğlu bunu İranın Suriya ərazisində olması ilə əlaqələndirir: "İsrailin Rusiyadan istədiyi odur ki, İran Suriya ərazisindən çəkilsin. Holan yüksəkliklərində İranın nəzarəti bərqərar olarsa, bu gələcəkdə İsrailə qarşı ciddi bir cəbhə açacaqdır. Təbii ki, İsrail hesab edir ki, İran Holan yüksəkliklərindən istifadə edərək, İsrail ərazisində hərbi əməliyyatlara da başlaya bilər". 

 

İrana qarşı İsrailin təşəbbüsü ilə ərəb koalisiyasının yaradılması məsələsinə münasibət bildirən Elşad Mirbəşiroğlunun birmənalı şəkildə hesab edir ki, İsrail tərəfindən verilən bəyanatlar, ABŞ-ın strategiyasına uyğunlaşdırılmış olur: "Bəli, ABŞ-ın yeni administrasiyası İrana qarşı yeni cəbhə açmaq istəyir. Mən hesab edirəm ki, ABŞ ərəb ölkələrini hərbi cəhətdən bir araya gətirmək niyyətindən uzaqdır. Çünki ərəb ölkələri müəyyən amillərin təsiri altında bu gün ABŞ-ın strategiyasını sürətləndirməyə məcburdur. Məsələn bütün ərəb şeyxlərinin maliyyə vəsaitləri Amerika və Avropanın banklarındadır. Sadəcə Amerika ərəb ölkələrinin parçalanmış güclərindən İrana qarşı, Hizbullaha qarşı istifadə edə bilər".

 

Yaxın Şərqdəki proseslərin Azərbaycana təsirindən bəhs edən politoloq, Azərbaycanın cəbhənin həm bu, həm də qarşı biri tərəfində dayanan ölkələrlə yaxşı münasibətləri olduğunu vurğulayıb: "Bu baxımdan Azərbaycanın xarici siyasətdə manevr etməsi olduqca böyük ustalıq tələb edir. Və Azərbaycan bu iki cəbhələşmə arasında uğurlu manevr edə bilir. Azərbaycanın bu mövqeyi gələcəkdə həmin o konfrontasiyanın yumşalmasında rola malik ola bilər. Azərbaycan həm ABŞ-ın, həm də Rusiyanın başında durduğu cəbhələr arasında əlaqələndirici rolunda çıxış edə bilər. Beynəlxalq aləmdə də dəfələrlə vurğulanıb ki, Azərbaycan bu gün regionda təhlükəsizlik adasıdır". 

X

XƏBƏRLƏR
BÖYÜT