4 əsrlik dövlətə malik olan türklər - XƏZƏRLƏR
11:43 – 13 Mart, 2017

APA TV-nin "Səsli tarix" layihəsinin növbəti buraxılışı Azərbaycan xalqının soykökünün formalaşmasında iştirak etmiş xəzərlərə həsr olunub. Verilişdə Avrasiya coğrafiyasında böyük dövlət qurmağı bacarmış, 4 əsrə qədər mövcudluğunu qorumuş xəzərlərlə bağlı müəmmalı məqamlara, onların musəvilik dinini qəbul etməsinin səbəblərinə, köç marşrutlarına, onların varisi olan xalqlara aydınlıq gətirilib. 

 

Xəzərlər kimdir - gəzərlər, xəz dərili kişilər, minlik qoşunla gələnlər, yoxsa ağaçərilər?

 

Xəzər etnonimi hələ də tarixdə yekdil fikir yoxdur. Tarixçilərin bir qismi, eləcə də etimoloqlar belə hesab edirlər ki, "Xəzər" sözü türk dillərində "gəzər" formasında işlənib, bu isə azad gəzən, hər hansı bir məhdudiyyət olmadan istədiyi yerə gedən insanlara deyilir. Başqa bir fərziyyə isə mənim keçmiş müəllimim olmuş Aleksandr Qamlonun nəzəriyyəsidir.  Bu nəzəriyyəyə görə, "Xəzər" sözü əslində xəz geyinmiş kişilər mənasını verir. Hətta "Xəzər" etnonimini fars dilindən izah edənlər də var. Bu iddianın müəllifləri deyirlər ki, "Xəzər", "hazar" yəni, minlik qoşunla gələn deməkdir. İstənilən halda əgər biz xəzərlərin soykökünü verməli olsaq, təbii ki, bunu daha çox ağaçərlərlə bağlamaq ehtimalı üzərində dayanmalıyıq. Ağaçərlərin etimologiyasına gəldikdə, onları "lesnie lyudi", "ağac adamları", "ağac ərləri" deyə izah edirlər. Bundan başqa "Ağaçəri" "ordunun önündə gedən" mənasında da izah olunur. Təbii ki, "Xəzər" sözünün "ağaçəri"dən törəməsi faktı daha güclüdür. Niyə? Çünki ağaçərilərin etnogenizi ilə xəzərlərin etnogenezi demək olar ki, üst-üstə düşür. 

 

Ərməniyyədən çıxan, Toqormanın övladları olan türkdilli xalq - XƏZƏRLƏR

 

Xəzərləri türk xalqlarından ayırıb, ayrıca bir etnos kimi təqdim etmək kökündən yanlışdır. İstər-istəməz burada biz yenə də dəfələrlə APA TV-nin "Səsli tarix" verilişində səsləndirdiyimiz fikrə bir daha qayıtmaq istəyirik - bədnam Altay nəzəriyyəsi məhz Türk xalqlarının etnogenezinin, onların soykökünün öyrənilməsinə çox böyük əngəl törədib. Niyə? Çünki xəzərlərin adları Avropa mənbələrində əgər aqafis şəklində çəkilirsə, miladdan öncə 7-ci əsrdə gürcü və pəhləvi mənbələrində dəfələrlə "Xəzər" formasında çəkilirsə, o zaman bir daha görürük ki, Altay nəzəriyyəsi dediyimiz nəzəriyyə kökündən yanlışdır. Məsələn, xəzərlərin özlərinin tarixi ilə bağlı ən gözəl mənbələrdən biri Kordova xilafətində yaşamış yəhudi dininə məxsus Xasta İbn Şahrudun Xəzər xaqanı İosifə məktubudur. Bu məktub təsadüf nəticəsində tapılıb. Sonradan Kopkalçov tərəfindən tərcümə edilən həmin kitab, qarpız satan bir kişinin arabasından tapılmışdı. Bu mənbə əsasında İosif ona göndərilən suallara bir-bir cavab verir və bununla da nəinki xəzərlərin soy kökünü araşdırmaq mümkün olur, eyni zamanda onların qonşu xalqlarla olan münasibətləri də aydınlaşır. Məsələn fransız tarixçilərinin əksəriyyəti məhz həmin o məktuba əsaslanaraq, belə qeyd edirlər ki, yəni İosifin özünün qeyd elədiyi kimi, biz Ərməniyyədən çıxmış bir xalqıq. Tamaşaçılar Ərməniyyə ilə Hayastan sözünü qarışdırmasınlar. Ərməniyyə tamamilə başqa məfhumdur, Hayastan isə başqa. Söhbət tarixi Ərməniyyə vilayətindən gedir. İosif mənbədə qeyd edir ki, biz Toqormanın övladlarıyıq. Toqormadan törəyən o biri xalqlar arasında albanların adlarını çəkə bilərik. Hətta kartfellər də öz soy kitablarında Toqormadan törədiklərini qeyd edirlər. Və ərmənilərin özləri də. Yenə deyirəm söhbət haylardan getmir. Gürcü qaynaqları bunu birbaşa təsdiq edir. Düzdür, sonradan deyirlər ki, xəzərlər məhz elə skitlərdir. Burada da təbii ki, bu qanunauyğunluq var. Çünki skitlərin, kimmerlərin özlərinin də türk mənşəli olmaları heç bir şübhə doğurmur.

 

Linqvistik tədqiqatlar nəticəsində məlum olur ki, xəzərlərin dili, bugünkü türk dillərinin qərb qoluna aiddir. Oğuz və qıpçaqlar da türk dillərinin qərb qoluna aid olunurlar. Oğuz-qıpçaq dilindən qalmış abidələrin çoxunda xəzər kəlmələrini tapmaq mümkündür. Məsələn böyük tarixçilərdən Danlab, Arto Monaf təsdiq edirlər ki, xəzərlər türk dilinin qərb qolunda danışıblar.

 

Xəzər-bulqar savaşları: şimala və Dunaya doğru türk köçü

 

Xəzərlərin xaqanlıq olaraq tarix səhnəsinə çıxmaları daha çox 634-cü il götürülür. Ancaq qeyd eləmək lazımdır ki, Göytürk xaqanlığının Qərb ucunu təşkil edən xalqlar içərisində barsinlər, suvarlar, bulqarlar və xəzərlər vardı. Göytürk xaqanlığının Qərb qanadı məhz bu tayfaların konqlomeratından ibarət idi. Bu konqlomerat sonrakı dövrlərdə nəinki Göytürk xaqanlığının zərbə qüvvəsini təşkil edirdi, eyni zamanda Şərqi Göytürk xaqanlığı çökəndən sonra, onun əvəzində burada daha böyük bir dövlət yaranır: XƏZƏR XAQANLIĞI. Xəzər xaqanlığının idarəetmə strukturuna gəldikdə, bu, tamamilə türk törəsinə uyğundur. Sadəcə olaraq Qərbi Göytürk xaqanlığı parçalanandan sonra, burada iki nəsil arasında savaş gedir. Dolu nəslindən olan bulqarlarla aşina nəslindən olan xəzərlər bir-biri ilə savaşır. Sonradan bulqarların bir qismi şimala çəkilir, digər bir qisim isə 679-cu ildə Asparux xaqanın başçılığı altında Dunay istiqamətində hərəkət edir . Qara bulqarlar adlanan qrup isə xəzərlərin içərisində əriyirlər. Daha doğrusu, ərimək deyəndə bir az düz gəlmir. Çünki faktiki olaraq eyni kökdən eyni xalq idi, sülalə fərqi var idi.

 

Xəzər xaqanlığını parazit dövlət adlandıran rus şovinist tarixçiləri, Xəzər şəhərlərini su altında qoyan sovet təfəkkürü

 

Avropa tarixşünaslığında 7-8-ci yüzilliklər, Xəzər asayişi dövrü adlanır. Çox təəssüf ki, bu asayişi görməyən bəzi şovinist rus tarixçiləri var. Bunların içərisində Novoselçevi, Rıbakovu qeyd etmək lazımdır. Onlar çox təəssüf ki, Xəzər dövlətini parazit dövlət adlandırırlar. Onların parazit adlandırdığı bir dövlətin ərazisi Manqışlaq yarımadasından başlayıb Balxaş gölü sahillərinə qədər uzanırdı. Digər tərəfdə Krımı əhatə edirdi. Şimalda indiki Şərqi Avropa düzənliyində yaşayan drevlyanlar, viyatiçlər, polyanlar xəzərlərə xərac verirdi. Digər tərəfdən çox təəssüf ki, Xəzər xaqanlığının cənub sərhədi düzgün verilmir. Niyə? Çünki Azərbaycanın böyük bir qismi məhz Xəzər xaqanlığının tərkibində olmuşdu. Xəzərlərlə bağlı daha bir yanlış bir nəzəriyyə də var. Xəzərləri bəzən köçəri, dövləti olmayan xalq adlandırırlar. Əslində belə deyil. Əksinə xəzərlərin Bələncər, Səməndər, İdil və Sarı Kel kimi böyük şəhərləri vardı. Bu şəhərlərin çoxunun taleyi faciə ilə bitdi. Xəzərlərin ən böyük şəhərlərindən olan Sarı Kel, Sovet hakimiyyəti illərində məqsədli şəkildə yaradılan Semyansk su hövzəsinin altında qaldı. Bu gün dünyada sualtı arxeologiya deyilən bir sahə yaranır. Əgər arxeoloqlar Semyansk su hövzəsinin dərinliklərinə dalsalar, o şəhəri bütövlükdə taparlar.

 

Xəzərlər niyə musəviliyi qəbul ediblər?

 

Xəzərlər musəviliyi necə qəbul ediblər? Avropadakı araşdırmaların böyük əksəriyyətində xəzərlərin adı "The jews hazar", yəni yəhudi xəzərlər şəklində keçir. Burada Xəzər xaqanlığı yarandığı gündən hansı dövlətlərlə mübarizə apardığına diqqət yetirmək lazımdır. Yenə də keçmiş SSRİ-də, eləcədə də Rusiya tarixşünaslığında mövcud olan kökündən yanlış konsepsiya var idi. Deyirdilər ki, ön Asiya uğrunda cəmi iki dövlət mübarizə aparıb. Roma ilə Sasanilər. Roma ilə Parfiya. Çox təəssüf ki, Qafqazın yerli əhalisi olan, Qafqazda söz sahibi olan türklər çox vaxt unudulur. Hətta xəzərlərin 627-ci ildə, 628-ci ildəki yürüşlərdə guya muzdlu ordu kimi iştirak etmələri barədə kökündən yanlış fikirlər var. İndiyə qədər aydınlıq gətirilməyən albanların mənşəyini araşdırmalı olsaq, albanları xəzər kökündə araşdırsaq, məlum olur ki, albanlar da türkdür. Musa Kalakaytuklu deyilən tarixçi hamıya, eləcə də tamaşaçılara tanışdır. Həmin müəllifin "Ağvan tarixi" əsərində çox maraqlı bir məqam var. 6-cı yüzilliyin sonlarından başlayan Sasani-Bizans savaşı Sasanilər az qala Konstantinopolu tutması ilə nəticələnmişdi. Belə bir vaxtda İraklinin dəvəti ilə xəzərlər işə qarışırlar.  Xəzər qoşunu 627-ci ildə Tiflisi mühasirəyə alır və Tiflis yaxınlığında Xəzər xaqanının müavini Zivyel Yabqu ilə İrakli görüşür. İrakli də öz qızını ona verəcəyini vəd edir. 628-ci ildə xəzərlər Mədain qapılarına qədər gedib çıxırlar. Xəzər xaqanının yabqusu Sasani dövlətinin başçısı Xosrov Pərvizə müraciət edir. Çox təəccüblüdür ki, onu hökmdar kimi tanımır, Assuriya canişini deyir. Zivyel Yaqbu Mədaini tutacağını bildirir və tələb edir ki, xristianlardan götürülmüş xaç geri qaytarılmalıdır. Burada biz bir mənzərə ilə rastlaşırıq. Əslində xəzərlərin böyük bir qismi qədim türk inanclarına tapınırdılar. Sonrakı mərhələdə xəzərlər cənubdan islam dininin təsirinə məruz qalır. Xəzərlərin Sasanilərdən başqa ən ağır savaş apardıqları dövlətlərdən biri ərəb xilafəti olub. Xəzərlərlə ərəb xilafəti arasında üç dəfə böyük savaş olub. Onların böyük qismində, məsələn 643 və 653-cü il Bələncər döyüşlərində xəzərlər qələbə çalırlar. 730-cu ildə xəzərlərin orduları Mosula və indiki Türkiyənin şərq vilayətlərinə qədər gedib çıxmışdılar. Sonrakı mərhələdə isə Məhəmməd ibn Mərvanın vaxtında dünya tarixində çirkli müharibə başlayır. Bəzən palçıqlı müharibə deyilən müharibədə iki tərəfdən hərəkət edən xilafət orduları Xəzər xaqanlığının paytaxtını ələ keçirdilər və Xəzər xaqanını məcbur edirlər ki, sən islam dinini qəbul etməlisən. Bu zaman xəzərlərin digər qonşusu Bizansda xristianlıq mövcud idi. Belə bir vaxtda təbii ki, xəzərlər başqa bir dünyəvi din seçmək məcburiyyətində idi. Üç dünyəvi din var: musəvilik, isəvilik və islam. Xəzərlər də özlərini müsəlman ərəblərdən və xristian slavyanlardan fərqləndirmək üçün musəviliyi qəbul etdilər. Bu konfessional dini yəhudiliklə, etnik yəhudiliklə qarışdırmaq düzgün deyil. Çünki sonrakı dövrlərdə hətta xəzərlərin dini kitabları belə 17-18-ci əsrə qədər ivrit və idiş dillərində yazılmamışdı. Daha çox qədim türk dillərində yazılmışdı.

 

Xəzərlərin varisləri - Şimali Qafqazın türk xalqları, Həştərxan türkləri, karaimlər, kırımçaklar

 

Xəzərlərin böyük qisminin musəvi olması barədə fikir də yanlışdır. Niyə? Çünki xəzərlərin böyük bir qismi islam dinini qəbul etmişdi. Yenə xronikalarda göstərilir ki, özü mənşəcə xəzər türkü olan Buğa Əl-Kəbir xilafətin ən görkəmli sərkərdələrindən idi. Məsələn "Kartli Çxovreba"da deyirlir ki, böyük Buğa Dərbənd qapılarını açdı və Qafqazın o tərəfindən - təbii ki, Şimali Qafqaz nəzərdə tutulur - minlərlə xəzər ailəsi Şəmkir və Dımanisdə yerləşdirdi. Xəzərlərin müsəlman varislərinin digər bir qismi hazırda Orta Asiyada yaşayır, xüsusilə Həştərxan türklərini bura aid etmək olar. Yəhudi dinində, musəvi dinində qalan xəzərlər isə indiki karaimlərin, kırımçaqların soy kökündə iştirak etmiş xalqlardır. Boloselçevin, eləcə də Artumonovun belə bir fikri var ki, onlar tarixin göy qübbəsində ulduz kimi parlayaraq, yox oldular. Xeyr! Xəzərlər yox olmadılar. Xəzərlər bugünkü bir çox türk xalqlarının soy kökündə birbaşa iştirak etmiş və hazırda onların simasında yaşamaqda olan xalqdır.   

X

XƏBƏRLƏR
BÖYÜT