Pensiya yaşının artırılması prosesi necə həyata keçiriləcək?
18:12 – 13 Mart, 2017

“Hazırda qüvvədə olan qanuna görə, ölkədə yaşa görə pensiyanın yaş həddi kişilər üçün 63, qadınlar üçün 65 yaş təşkil edir. “Əmək Pensiyaları haqqında” qanuna görə, 2017-ci ilin iyulun 1-dən etibarən kişilərin pensiyaya çıxma yaşı 4 il müddətinə hər ildə 6 ay olmaqla, qadınların isə 10 il müddətinə hər ildə 6 ay olmaqla artırılacaq”.

 

Bunu “Sosium” proqramının qonağı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Çingiz Əliyev deyib.

 

“Məsələn, 2017-ci ilin sentyabrın 10-da 63 yaşı tamam olan kişinin hazırda qüvvədə olan qanuna əsəsən 12 il iş stajı olduğu üçün o yaşa görə əmək pensiyası üçün müraciət edə bilərdi. Amma “Əmək Pensiyaları haqqında” qanun bu ilin iyulun 1-dən qüvvəyə minəcəyindən o, 6 ay gec, yəni 2018-ci ilin mart ayının 10-da yaşa görə əmək pensiyasına çıxmaq hüququ qazanacaq. Bu o deməkdir ki, bu ilin iyulun 1-dən etibarən  kişilər üçün yaşa görə əmək pensiyası hüququ 63,5 yaş olur. Eyni zamanda, iyulun 1-dən sonra 60 yaşı tamam olmuş və minimum 12 illik iş stajı olan xanım vətəndaşlarımız yaşa görə əmək pensiyasına 6 ay gec çıxacaq”, - deyə Ç.Əliyev vurğulayıb.

 

Şöbə müdiri bildirib ki, yaşa görə əmək pensiyasının 2 şərtindən biri olan minimum 12 il sosial sığorta stajının olması yeni qəbul edilən qanunda bir məhdudiyyət olaraq aradan götürülüb: “Amma siz bilirsiniz ki, “Əmək pensiyaları haqqında” qanun 12 ildir ki, tətbiq olunur. Bu qanun tətbiq olunan tarixdən etibarən bütün işləyənlərin fərdi hesabları mövcuddur. Sığortaolunanlar, yəni işləyənlər üzrə ödənilən sosial sığorta vəsaitləri onların fərdi hesablarında toplanır. Əgər müvafiq yaşa çatmış şəxs bu qanunun tətbiqindən sonrakı dövr üçün müraciət etdiyi təqdirdə stajı 12 il olmasa belə fərdi hesabında toplanan pensiya kapitalını pensiyada olma müddətinin saylarına, yəni 144-ə böldükdə ən azı əmək pensiyasının minimum məbləği olan 110 manat və ya bundan yuxarı rəqəm alınarsa, o pensiyaya çıxma hüququ əldə edəcək. Yəni, bu zaman 12 illik iş stajının olub-olmaması əhəmiyyət daşımayacaq”.

 

Ç.Əliyev əlavə edib ki, 2017-ci ilin iyulun 1-dən qüvvəyə minəcək qanuna əsasən pensiyaların baza hissəsi ləğv edilib: “Baza hissəsi ifadəsi çıxarılır. Baza hissəsi dəyişdirilmədən sığorta hissəsinə birləşdirilir. Qeyd edim ki, indiyədək ödənilən 25%-lik sosial sığorta haqqının 50%-i ümumilikdə pensiyaların baza hissəsinin maliyyələşdirilməsinə xərclənirdi. Yerdə qalan hissəsi isə hər bir sığortaolunanın fərdi hesabında qeydə alınırdı. Amma yeni qanunda artıq burda da dəyişiklik baş verir. Bütün sığortaolunanların ödədiyi sosial sığorta haqlarının 90%-i onların fərdi hesablarında toplanacaq”.

 

Nazirlik rəsmisi vurğulayıb ki, yeni dəyişikliyə əsasən pensiyalar nominal orta əmək haqqının artım tempinə uyğun indeksləşdiriləcək.  

X

XƏBƏRLƏR
BÖYÜT