İslama görə səməni, tonqal, qara bayram, məzar ziyarəti haramdır?
15:59 – 16 Mart, 2017

Müsəlman Pasxa və digər qeyri-islami bayramları da qeyd edə bilərmi? Hansı Novruz ənənəsi islama görə haramdır? Novruz hansı xalqa məxsusdur? Bayramın adı niyə farscadır? Novruz milli, yoxsa atəşpərəstliyə aid dini bayramdır? 

 

 

“ Novruz türk dünyası üçün çox önəmli bir bayramdır və türk mədəniyyətində Ərgənəkonla bağlıdır”.

 

APA TV-nin məlumatına görə, bunu filologiya üzrə fəlsəfə doktoru, yazıçı Şəmil Sadiq  “Yaşıl orta” verilişində deyib. İslam və Novruz mövzusunun müzakirə olunduğu verilişdə ilahiyyatçı, yazıçı Rövşən Abdullaoğlu da iştirak edib. Hər iki qonaq mövzu ilə bağlı fikirlərini bölüşüb. Ş.Sadiq bildirib ki, Novruz bayramının kökündə təbiət dayanır: “Türk xalqları baharın gəlişini qeyd edirlər. Novruzda təbiətə inam var. Bu bayramın tarixi çox qədimdir. Odur ki, müxtəlif dinlərin dövründən keçib günümüzə çatıb. Demək olar ki, əksər dinləri görüb və o dinlərin də Novruz adət-ənənələrinə təsiri olub, izləri qalıb. Bəziləri bayramın adının farsca olmasını əsas gətirərək, farslara məxsus olduğunu iddia edirlər. Amma bu doğru yanaşma deyil və etimologiya ilə bağlıdır. Novruzu bir millətə bağlamaq da olmaz. Slavyanlarda, bütpərəstlərdə də buna oxşar  bayramlar var.  Təbiətlə, təbiətin oyanışı ilə bağlı bayramdır və hər millət də  milli mədəniyyəti ilə özünküləşdirib. Hətta Azərbaycanda bölgələrə görə Novruz adət-ənənləri fərqlidir”.

 

İllahiyyatçı Rövşən Abdullaoğlu islamın bayramlara qarşı olmadığını bildirib: “İslam milli bayramları mərasim folklorunun bir parçası olaraq qəbul edir. Təbii ki, müəyyən şərtlərlə. Lakin digər dinlərə məxsus olan bayramlara qarşıdır. Məsələn, Pasxa bayramı kimi. Amma müsəlman milli mədəniyyətinə məxsus bayramları qeyd edə bilər. Önəmli odur ki, həmin bayramlarda dinin təməl prinsiplərinə zidd  ayin və mərasimlər olmasın. Əgər olarsa, həmin adət-ənənələri çıxmaqla milli bayramı da  keçirmək olar”.

 

İlahiyyatçının sözlərinə görə, islam yayıldığı coğrafiyada xalqların  milli mədəniyyətini, folklorunu silməyib, tövhid sürgəcindən keçirərək saxlayıb: “Elə bayram da ola bilər ki, xalqın ənənəsidir, amma tövhidə, islam hüququna zidd elementləri var, həmin elementləri çıxarmaqla, islam onu da qəbul edə bilər. Eləcə də Novruzun dinlə bir bağlılığı yoxdur. Amma bəzi hədislərdə Novruzla əlaqəli müstəhəb əməllər, o gün oxunan dualar da var”.

 

Verilişə telefon xətti ilə qoşulan tarix üzrə fəlsəfə doktoru, etnoqraf Tahir Şahbazov bildirib ki, Novruz nə türklərə, nə də farslara məxsus bayramdır: “ Novruz  şimal yarımkürəsində yerləşən bütün xalqların, hətta Avropa xalqlarının da bəşəri dəyəridir. Bu sırf astronomik təqvimə əsaslanan il dəyişməsidir. Adının fars dilində olmasına gəlincə isə, bu heç də o demək deyil ki, Novruz farsın bayramıdır. Onu da qeyd etməliyik ki, Azərbaycan xalqının timsalında Novruz yüksək inkişafa çatıb”.

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT