Bayram büdcəsi necə formalaşdırılmalıdır?
18:06 – 16 Mart, 2017

“Ötən illə müqayisədə bu il Novruz bayramı ərəfəsində meyvə və çərəzlərin qiymətləri artıb. Ümumiyyətlə, bayramqabağı ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətlərində müəyyən artım müşahidə edilir”.

 

Bunu “Sosium” proqramının qonağı, iqtisadçı-ekspert, marketoloq Arzu Qafarlı deyib.  Onun sözlərinə görə, bayramqabağı müxtəlif şirniyyatların hazırlanmasında istifadə olunan qoz, fındıq, eləcə də bəzi çərəz və ədviyyatlar, bəzi kənd təsərrüfatı məhsulları bahalaşıb: “Qabıqlı qoz və fındığın qiyməti 6-7 manat civarında dəyişir. Paxlavanın hazırlanmasında istifadə olunan qozun ləpəsi hazırda 15-18 manata təklif edilir. Süfrəlik qoz ləpəsinin qiyməti 19-21 manat civarındadır. Fındıq ləpəsi çiy halda 15-17 manatadırsa, qovrulmuş fındıq 19-21 manata satılır”.

 

A.Qafarlı qeyd edib ki, ötən il 4-5 nəfərlik bir ailənin bayram xərcləri 150 manat olubsa, hazırda bu xərclər 200 manat təşkil edir. İqtisadçı-ekspert bayramqabağı qiymətlərin artmasını tələbatın çoxalması ilə izah edir. Bununla belə marketoloq əlavə edib ki, süni qiymət hallarına yol verilməməsi üçün müvafiq qurumlar tərəfindən tədbirlər görülüb: “Hər il bayramı ərəfəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Bakının Səbail, Xətai, Suraxanı, Binəqədi rayonlarında və Sumqayıt şəhərində yarmarkalar təşkil olunur. Yarmarkaların təşkil olunmasında məqsəd qiymət artımının qarşısının alınması və istehlakçıları keyfiyyətli məhsulla təmin etməkdir”.

 

Bahalaşmanın qarşısının alınması istiqamətində dövlət tərəfindən tədbirlərin görüldüyünü xatırladan A.Qafarlı hesab edir ki, iş adamları da bu təşəbbüsə qoşulmalı, xüsusilə bayramqabağı müxtəlif endirim kampaniyaları keçirməlidirlər.

 

Bayramqabağı ailə büdcəsinin formalaşdırılmasına gəlincə, iqtisadçı-ekspert izafi xərclərə yol verilməsini düzgün sayılmır: “Bayramqabağı ən çox tələb olunan məhsullar məlumdur. Bayramqabağı alış-verişi daha çox qadınların etməsi məqsədəuyğundur və ya kişilər məhsulları xanımları ilə birlikdə alsalar, daha yaxşı olar. Çünki, kişilər bayram üçün ərzaq mallarını, çərəzləri tələbatdan artıq alır. Bundan başqa, istehlakçılar bayram günlərində səfərləri nəzərə almadığından lazım olandan artıq məhsul alır. Nəticədə uzun müddət qaldığına görə, həmin məhsullar tez xarab olur. Bu isə ailə büdcəsinə mənfi təsir edir, maliyyə itkisi baş verir. Bazara getməmişdən öncə, tələb olunan məhsulların siyahısının tərtib olunması xərclərin azalmasına və qənaətə gətirib çıxaracaq”.

 

Mütəxəssis istehlakçılara adi günlərdə də maliyyə nəzarətini vərdiş halına gətirməyi və ailə büdcəsinə qənaət etməyi tövsiyə edir.

 

 

  

X

XƏBƏRLƏR
BÖYÜT