Əfv olunan atasının yolunu gözləyən azyaşlı Mələk: "Adamın dostu öz ailəsidir" - ƏFV SƏRƏNCAMI
18:39 – 17 Mart, 2017

Səhər saatlarından başlayaraq, əfv sərəncamının icrasına başlanılıb. Əfv olunanlar məhkumlar hazırda  öz doğmaları ilə görüşürlər.

 

Prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar. Sərəncamla qadın məhkumların cəza çəkdiyi 4 saylı cəzaçəkmə müəssisəsindən 14 nəfər azadlığa buraxılıb. Məhbusların azadlığa buraxılması mərasimində çıxış edən Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov bildirib ki, ilk dəfədir ki, əfv fərmanı  bu qədər şəxsə şamil olunub. Daha sonra əfv edilmiş şəxslərə azad olunmaları barədə buraxılış vərəqələri təqdim edilib.

 

Məhkum Arzu Mustafayeva azadlığın gözəl nemət olduğunu deyib: "Çox sevincliyəm. Biz bu gün sevindik, inşallah digər qadınlar da tezliklə sevinər. 2 il 3 aydır burdayam. Bi il 4 ayım qalmışdı. Ən azından burada ailə olmuşuq. Azadlıq çox gözəldir. Həbs olunmazdan qabaq dərk etmir adam, deyirsən həbs etsinlər də, amma yox, azadlıq gözəldir. Ailən gəlir səni görməyə, sən onlarla gedə bilmirsən, o çox çətindir".

 

Azadlığa çıxan məhkumların qohumları isə göz yaşlarını saxlaya bilmirlər: "Bu gün onun övladının ad günüdür. Mehriban xanıma təşəkkür edirəm".

 

Lətafət Qardaşxanova oğlunun doğum günü olduğunu deyir: "Bu gün mənim oğlumun doğum gündür. Mənə hədiyyə oldu".  

 

1 Saylı Cəzaçəkmə Müəssisəsindən isə 7 nəfər azadlığa buraxılıb, onlardan biri xarici vətəndaşdır. Əfv olunanlar arasında  82 yaşlı Səməd Qasımov da var. "Burada olduğum müddətdə qayda pozuntum olmayıb. Sağ olsunlar, əfv verdilər. Qoca yoldaşım var, o gəlib gedirdi".

 

Digər əfv olunan məhkum isə Çin vətəndaşıdır. O məhkumluq müddətində Azərbaycan dilini də öyrənib: "Sağ olsun prezident məni əfv elədi. O çox yaxşı adamdır. Adam oğurlamışdım. Öz millətimizdən. Bu gün çox sevindik. 7 ildir içəridəyəm. Ata anamı görmürəm. Onlar üçün çox darıxırdım. Gedib tez görüşmək istəyirəm".

 

Əfv olunan məhkumlardan birinin qohumu olan Fuad Qasımov prezidentə təşəkkür edib: "Şükürlər olsun, bu gün azadlığına qovuşdu. Heç bura düşəsi adam deyildi. Çox şükürlər olsun ki, azadlığına qovuşdu".

 

6 Saylı Cəzaçəkmə Müəssisəsindən isə 51 nəfər azadlığa buraxılıb. Onlardan biri Türkiyə, digəri isə İran vətəndaşıdır. Türkiyə vətəndaşı Çingiz Çiftçi narkotik maddələrin dövriyyəsində iştiraka görə həbs olunub: "Kamaz sürücüsüyəm. Narkotiklə bağlı həbs edilmişəm. 9 ildir içəridəyəm. 5 il bağışlandı".

 

Düz 3 saatdır atasının yolunu gözləyən Mələk Şavandayeva isə çox həyəcanlıdır: "Atamı mənə verdiklərinə görə, çox təşəkkür edirəm. Bir sözüm də var, onu bilsinlər ki, adamın dostu ailəsidir. Adam heç vaxt dostu ilə dalaşmaz. Dost adamın pis günündə yanında olmur. Mən 1 il 4 aydır atamı görmürəm. Mən 3 saatdır gözləyirəm, gecəyə kimi də gözləyərəm, çünki bu mənim atamdır. Çox darıxmışam".

 

Mələyin atası dostu ilə aralarında düşən mübahisədən sonra ona bıçaqla xəsarət yetirib. 3 il həbs cəzası verilib.   

 

Penitensiar  Xidməti Müalicə Müəssisəsindən isə 12 nəfər azadlığa buraxılıb. Onlardan biri Nörəstə Rzayevadır. O narkotik üstündə həbs edilib: "Bir il 3 aydır buradayam. Bu gün azadlıqdayam, prezidentə və buranın həkimlərinə təşəkkür edirəm. 6 aydır buradayam".

 

Həmin müəssisədən azadlığa buraxılanlar arasında NİDA üzvü Əbdül Əbilov da var.

 

Ombudsman Elmira Süleymanova bu dəfəki əfv sərəncamının fərqli olduğunu deyib: "İşlədiyim dövrdə bir çox əfvlər görmüşəm, şahidi olmuşam, icrasında iştirak etmişəm. Amma bu dəfə çox fərqlidir. Hər dəfə azadlığa buraxılan insanlar ictimailəşir, özlərinin ailəsinə qovuşur, cəmiyyətə qovuşur, haradasa iş yerləri tapır, haradasa faydalanır".

 

Qeyd edək ki, prezident İlham Əliyevin martın 16-da əfv sərəncamı imzalayıb. Sayca 62-ci sərəncam ümumilikdə 423 nəfərə şamil olunub. Onlardan 412 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad edilib, 11 nəfər isə onlara verilən müxtəlif cəzalardan azad olunublar. 

 

X

XƏBƏRLƏR
BÖYÜT