Parlament hökumətin hesabatını qəbul etdi
19:03 – 17 Mart, 2017

“Ötən il dünya iqtisadiyyatında qeyri-müəyyən vəziyyət davam edib. Azərbaycan prezidenti İlham Əliyevin siyasəti nəticəsində dünya iqtisadiyyatında cərəyan edən mənfi proseslərin ölkə iqtisadiyyatına təsirinin azaldılması mümkün olub”. APA TV-nin məlumatına görə, bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov Nazirlər Kabinetinin 2016-cı il üzrə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı deyib. O bildirib ki, ötən il ÜDM artımı baş verməsə də, bəzi sahələrdə artım olub.

 

“ÜDM istehsalında qeyri-neft sektorunun payı 63,4 faiz təşkil edib. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının “doing biznes” hesabatında işgüzar mühitin əlverişliliyinə görə Azərbaycan 190 ölkə arasında 65-ci yerdə qərarlaşıb. Dörd göstərici üzrə Azərbaycan ilk pillələrdə yer alıb. Ötən il sosial infrastruktur layihələrinin həyata keçirilməsinə 15 milyard manat vəsait yatırılıb”.

 

Hökumətin hesabatını təqdim edən baş nazir Artur Rasizadə bildirib ki,  dünya iqtisadiyyatında mənfi tendensiyalar Azərbaycanın tədiyyə balansına mənfi təsir edib. Ötən il büdcənin sosialyönümlü olması əmək haqları və pensiyaların artırılmasına imkan verib.

 

"Ümumilikdə keçən il 400-dən artıq sənaye müəssisəsi açılıb. Kənd təsərrüfatında istehsal 2,4% artıb. Əsas kapitala yönəldilmiş 15 milyard vəsaitin 45 faizi qeyri-neft sektorunun payına düşüb. Sosial öhdəliklər 10 faiz artıb. 7 min məcburi köçkün yeni mənzillərlə təmin olunub".

 

Bəzi bankların qeyri-qənaətbəxş fəaliyyətinə diqqət çəkən baş nazir bildirib ki, sistem əhəmiyyətli "Azərbaycan Beynəlxalq Bankı"nın  əvvəlki rəhbərliyinin cinayətkar fəaliyyəti daha pis vəziyyətin yaranmasına səbəb olub.
 

Hesabatla bağlı aparılan müzakirələrdə  deputat  Əli Məsimli bildirib ki, Beynəlxalq Valyuta Fondu ötən il iqtisadiyyatımızda 2,5 faiz artım olacağını proqnozlaşdırsa da, 3,1 faiz eniş müşahidə olunub.

 

Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə sahibkarların icra orqanlarında süründürməçiliklə üzləşməsindən narazılığını bildirib.

 

"İcra strukturlarında bürokratik əngəllər, süründürməçilik halları hələ də davam edir. Adamlarımızın gözlədiyinin əksinə olur. Belə olan halda kiçik sahibkarlıq inkişaf etmir. Mən üzümü icra orqanlarına çatdırıram ki, xalqımız çox şey gözləyir".

 

Millət vəkili Elmira Axundova isə bank faizlərinin yüksək olmasından şikayətlənib. O, Azərbaycanda bankların bağlanması və ya birləşdirilməsinin problemin həlli yolu olmadığını deyib.

 

"Banklar 29%-lə kredit verir. Bu sahədə təklif tələbdən çoxdur. Amma sahibkarlar risk edib bu kreditləri götürə bilmir. Bundan başqa, əhali bank kreditləri üzrə borclarını qaytara bilmir. Hesab edirəm ki, artıq bununla bağlı əməli tədbirlər görülməlidir".

 

Millət vəkili Siyavuş Novruzov da kommersiya banklarının yerli sahibkarlığın inkişafı ilə bağlı kreditləri  yüksək faizlə verməsindən şikayətlənib. Onun sözlərinə görə, banklar vətəndaşların düşdüyü vəziyyətdən istifadə edərək onları soyur, hüquq-mühafizə orqanları qarşısında asılı vəziyyətə salır.

 

 “Belə olmasa, kredit alan hansısa sahibkar heç bir bizneslə məşğul ola bilməz. Banklar dollarla depoziti vətəndaşdan 3 faizə götürürsə, digər vətəndaşa 24 faizə verir. Belə olan halda, bir vətəndaşdan 21 faiz gəlir götürülür. Bu faizə kredit götürən vətəndaş onu qaytarmaq məqsədilə götürmür".

 

Millət vəkili Mərkəzi Bank bu məsələlərə ciddi nəzarət etməyə çağırıb.

 

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov kütləvi informasiya vasitələri üçün idxal olunan qəzet kağızı və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsini təklif edib.

 

Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə isə bildirib ki, Tarif Şurasının elektrik enerjisinin qiymətini artırması bir sıra müəssisələrin fəaliyyətində ciddi problemlər yaradıb. O, Neftçala rayonundakı yod-brom zavodunun fəaliyyətinin iflic olduğunu deyib.

 

Müzakirələrdən sonra hesabat qəbul edilib. 

X

XƏBƏRLƏR
BÖYÜT