Münaqişələr necə həll olunmalıdır? - SEMNEBİ, KVASNEVSKİ, FREYBERQA, JUMAQULOV
19:09 – 17 Mart, 2017

"Dağlıq Qarabağ münaqişəsi sülh danışıqları yolu ilə həll olunmalıdır. Bu münaqişənin həll olunması üçün hər şey edilməlidir".

 

 

APA TV-nin məlumatına görə, V Qlobal Bakı Forumunda iştirak edən Qırğızıstanın keçmiş baş naziri Apas Jumaqulov jurnalistlərə açıqlamasında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabadda keçirilən sammitində Qırğızıstanın yekun bəyanata səs verməməsinə də münasibət bildirib:

 

"Ola bilsin elə məsələlər olub ki, orada olan insanlar öz üzərlərinə götürüb, həll edə bilməyiblər".

 

Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski isə qeyd edib ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün əlindən gələni etməlidir, bundan başqa isə BMT-nin 4 qətnaməsinin icra olunması üçün səylərini əsirgəməməlidir, çünki bu, münaqişənin həllinə doğru ilk addımdır.

İki ölkə arasında münasibətlərdən danışan A. Kvasnevski qeyd edib ki, Polşa və Azərbaycan arasında siyasət və iqtisadiyyat sahələrində möhkəm əlaqələr qurulub.

 "Polşa Azərbaycanın köməyi ilə öz resurslarının diversifikasiyasında maraqlıdır. Bizim iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün çoxlu imkanlarımız var. Biz 25 il əvvəl əsası qoyulmuş kurs üzrə işləməkdə davam edirik".

Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa Dağlıq Qarabağ münaqişənin həlli var və sülh yolu ilə çözülməsinin vacibliyindən danışıb. Regionda mövcud münaqişələrdən və onların həlli barədə diqqət çəkən Latviyanın sabiq prezidentinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi də bugünkü görüşün əsas mövzularındandır:

 

"Münaqişələr cəmiyyətlərə böyük əziyyət verir. Qaçqınlar illərlə öz doğma yurdlarına qayıda bilmirlər, lakin ümid həmişə var. Latviyada çoxları deyirdi ki, ölkənin müstəqilliyi bərpa etməyə şansı yoxdur, amma bu baş verdi, SSRİ dağıldı, çox şey dəyişdi, əvvəllər sərhədi olmayan yerdə sərhədlər yarandı. Münaqişəni o zaman həll etmək mümkün olacaq ki, xalqlar bu münaqişədən daha çox itirəcəklərini anlasınlar. Münaqişənin həlli var və o, sülh yolu ilə çözülməlidir. Bu üsuldan dünyanın bir çox yerlərində istifadə olunub və burada da tətbiq oluna bilər".

 

 

Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi Piter Semnebi Dağlıq Qarabağ münaqişəsi ilə yaxından tanış olduğunu və münaqişənin həlli istiqamətində irəliyə doğru addımlar atılacağına ümid etmək istədiyini deyib.

 

“Bu konfliktin həlli ilə intensiv məşğul olmaq lazımdır. Həm bizim, həm də beynəlxalq cəmiyyətlər tərəfindən bu sahədə hərtərəfli iş aparılmalıdır”.

 

“Be­ynəlxalq münasibətlərin gələcəyi: güc və­ maraqlar” mövzusuna həsr olun­an V Qlobal Bakı Forumu bu gün öz işini yekunlaşdıracaq.

X

XƏBƏRLƏR
BÖYÜT