Prezident: "Ermənistan depressiyada yaşayan ölkədir"
15:56 – 18 Mart, 2017

"Azərbaycan bayrağı bu gün Lələtəpədə və Ağdərədə dalğalanır, Şuşada da, Xankəndidə də dalğalanacaq". APA TV-nin məlumatına görə , bu fikirləri prezident İlham Əliyev Bakıda Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində çıxışı zamanı deyib.

 

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın beynəlxalq mövqeləri möhkəmlənir.

 

"Yanvarın ortalarından bu günə qədər mənim xarici səfərlərimin coğrafiyasına nəzər salsaq görərik ki, Azərbaycan çoxşaxəli və uğurlu xarici siyasət aparır. Son iki ay ərzində mən 7 dəfə xaricə səfər etmişəm. Azərbaycan dünyanın aparıcı, ən mötəbər Davos Forumunda və Münxen Konfransında ləyaqətlə təmsil olunub. Dünyanın həm biznes, həm də siyasi elitasından bizə olan hörmət göz qabağındadır. Avropa Komissiyasına mənim uğurlu səfərim olubdur. Bu səfər nəticəsində Avropa Komissiyası ilə Azərbaycan arasında yeni sazişlə bağlı danışıqlara start verildi. Onu da qeyd etməliyəm ki, bu da nadir hadisədir. Bu danışıqların aparılması üçün layihəni Azərbaycan təqdim edib və bu layihə qəbul edilib. Ümid edirəm ki, yaxın zamanlarda danışıqlarda fəal proses başlanacaq və tezliklə bu mühüm saziş bağlanacaq".

 

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan İslam həmrəyliyi üçün çox böyük işlər görür, çox böyük töhfələr verir.

 

"Bunu İslam aləmi qiymətləndirir. İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri dəfələrlə bizim siyasətimizə ən yüksək qiymət veriblər. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşündə fəal iştirak edib. Biz son 5 ildə bu təşkilata uğurlu sədrlik etmişik. Bu yaxınlarda Fransaya rəsmi səfərim də çox uğurlu keçdi. Fransa dünyanın aparıcı ölkələrindən biridir və mənim səfərimi izləyən vətəndaşlar gördülər ki, ölkəmizə çox böyük hörmət, çox böyük maraq var. Biz həm siyasi, həm iqtisadi, həm enerji sahələrində və digər sahələrdə uğurlu əməkdaşlıq edirik. Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb".

 

"Xarici siyasətimizin və ümumiyyətlə, siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir" - deyən Azərbaycan Prezidenti əlavə edib ki, əfsuslar olsun ki, bu məsələnin həlli istiqamətində ciddi irəliləyiş yoxdur.

 

"Mən bunun səbəbləri haqqında dəfələrlə bildirmişəm. Ermənistan sülh istəmir, status-kvonu saxlamaq istəyir, işğal edilmiş torpaqlardan çıxmaq istəmir. Ona görə biz və beynəlxalq ictimaiyyət, vasitəçilər onları məcbur etməlidirlər. Bunun başqa yolu yoxdur. Çünki indi Ermənistan danışıqları boykot etməyə çalışır, özünü təcrid vəziyyətinə salır. Vasitəçilər, Minsk Qrupunun həmsədr ölkələri artıq açıq bəyan edirlər ki, tezliklə substantiv, yəni, mənalı danışıqlar bərpa edilməlidir. Ona görə hesab edirəm ki, Ermənistan işğal edilmiş torpaqları işğal altında saxlaya bilməyəcəyini nə qədər tez anlasa, bu, onlar üçün də o qədər yaxşı olacaq. Biz bu vəziyyətlə barışmayacağıq. Biz gücümüzü artırırıq. Hərbi gücümüzü, siyasi gücümüzü, beynəlxalq mövqelərimizi möhkəmləndiririk. Bu günlərdə Bakıda V Qlobal Forum keçirilir. Forumda 40-dan çox fəaliyyətdə olan və sabiq dövlət, hökumət başçıları iştirak edirlər. Azərbaycan nəinki bölgədə, artıq dünya miqyasında önəmli ölkəyə çevrilib. Ermənistan isə bütün ümidlərini itirmiş, depressiyada yaşayan bir ölkədir və bunun səbəbi Ermənistanı qanunsuz yollarla zəbt etmiş kriminal xunta rejimidir. Erməni xalqı üçün ən böyük təhlükə elə Ermənistanın indiki rəhbərliyidir".

 

Azərbaycan prezidenti bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq, çünki Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır.

 

"Biz ərazi bütövlüyümüzü bərpa etməliyik. Beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Bölgədə vəziyyət bizim xeyrimizə işləyir. İqtisadi, hərbi potensial da aydındır ki, bizim tərəfimizdədir. Keçən ilin aprel hadisələri bunu bir daha göstərdi. Ona görə biz daha da güclü olmalıyıq, daha da güclənməliyik və bunu edirik.Ermənistan isə xarici yardımsız yaşaya bilmir. Əgər aprel döyüşlərinə qədər onlar öz mifoloji fəaliyyətlərində müəyyən dərəcədə uğurlar qazana biliblərsə, aprel döyüşləri onların təbliğatına ciddi zərbə vurub, erməni cəmiyyətini sarsıdıb. O sarsıntının fəsadları bu günə qədər orada hiss olunur. Aprel hadisələri orada dərin hərbi və siyasi böhrana gətirib çıxarıb. Bu, hələ qısamüddətli döyüşlər idi. Ona görə onlar düzgün nəticə çıxarmalıdırlar və bilməlidirlər ki, biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Nəyin bahasına olursa-olsun ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu etmək üçün əlbəttə ki, biz uğurlu siyasət aparırıq, hər gün, hər il biz o günü yaxınlaşdırırıq. Bilirsiniz ki, Azərbaycan bayrağı bu gün Lələtəpədə və Ağdərədə dalğalanır, Şuşada da, Xankəndidə də dalğalanacaq. Son illərin beynəlxalq münasibətləri göstərir ki, əfsuslar olsun, beynəlxalq təşkilatlar artıq o qədər də ciddi təsirə malik deyillər. Böyük dövlətlər isə öz maraqlarını güdürlər, beynəlxalq hüququ istədikləri kimi təhrif edirlər. Belə olan halda güc əsas amildir və biz bunu bilirik".

X

XƏBƏRLƏR
BÖYÜT