Çaya atılan paltarlar, "lal su" niyyəti... LƏNKƏRANDA NOVRUZ ADƏTLƏRİ
16:00 – 20 Mart, 2017

Lənkəranda  yüzlərlə insan çay qırağına gələrək köhnə geyimləri suya atıb, axar su ilə əl-üzlərini yuyurlar.

Lənkəran sakini Vamiq Babayev deyir ki, bu adətə uşaqlıqdan öyrəşiblər: "Nənə-babalarımızdan qalma adətdir. Biz də bunu yaşadırıq, gəlib çay qırağına adətləri yerinə yetiririk".

APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, Lənkəranda bayram günü tezdən bütün insanlar çay üstünə gedirlər.

Hər il olduğu kimi bu il də bayram səhəri Lənkərançayın kənarında xoş, gözəl bir ab-hava var: "Su insanların dərdini qəmini aparır. Su şəffafdır, su həyatdır. Yeni il gəlir, təbiət oyanır, su insanlara canlı bir həyat verir. Qoy ilimiz həmişə firavan və ruzi bərəkətli olsun".

Çay kənarında qohumlar, tanışlar, dostlar hal-əhval tutur, bir-birlərinin bayramlarını təbrik edir. Suya niyyətlərini deyir, dərd-qəmlərinin isə çay vasitəsilə axıb getməsini arzulayırlar: "Evdən köhnə əşyalarımızı gətirib çaya atırıq. Bu bir ənənə halını alıb, mənası odur ki, pis və yaxud çətin günlər, uğursuzluqlar geridə qalsın. Daha uğurlu, firavan günlərin arzulanması üçün biz çay qırağına gəlirik".

Bardağa doldurulan suya  “lal su” deyilir. Adətə görə, su bardağa doldurulduqdan evə çatana kimi həmin şəxs yol boyu heç kimlə danışmamalıdır. Yalnız evə çatıb, o sudan evə, otaqlara səpdikdən sonra niyyət edilir, xeyir-dualar verilir. Deyilənə görə həmin niyyətlər mütləq yerinə yetir.

X

XƏBƏRLƏR
BÖYÜT