Ayaqyalın uşaqların atasının göz yaşları: “Yataqdan qalxa bilmirəm…” - HƏYAT DRAMI
11:44 – 27 Mart, 2017

Bu daxmada, ağır şəraitdə və ehtiyac içində böyüyən körpələrin simalarındakı nikbinlik onların həyatın haqsızlıqlarına təslim olmayacaqlarına, mübarizə aparıb sonda qalib gələcəklərinə ümidləndirir insanı.

 

Elçin və Nazənin Ağdam rayonundan olan məcburi köçkünlərdi. Bir vaxtlar Elçin  Nazənin xanımı götürüb qaçıb, ailə qurublar. İndi onların altı övladı var. Uşaqların ən kiçiyi 11 aylıq qızdır. Hazırda ailə ehtiyac içində yaşayır. Son dövrlərədək onlar heç vaxt vəziyyətlərindən şikayətlənməyib, dərdlərini, ehtiyaclarını kimsəyə bildirməyiblər. Ta ki ailə başçısı Elçini  ağrıları yatağa salmayınca. Əli heç nəyə və heç kimə çatmayan Nazənin isə ərinin yataqdan qalxmasını arzulayır.  

 

Nazənin 1971-ci ildə Ağdamda anadan olub. Uşaqlığı çox yaxşı keçib. Ailə qurandan sonra çətin şəraitdə yaşmalarına rəğmən elə bir korluq çəkməyiblər. Həyat yoldaşının səhhətində yaranan problemlərin səbəbini onun özünü çox yükləməsində görür Nazənin. Qadın deyir ki, qaldıqları evi atasının sayəsində əldə ediblər. Atası öləndən sonra daha da köməksiz qalıblar.

 

Elçin Nazənindən doqquz yaş kiçikdir. Onların ali təhsili yoxdur. Nazənin 7-ci sinifdən sonra təhsilini davam etdirməyib. Deyir ali təhsil almasına atası razı olmayıb. Əlindən gələn, göz yaşları içində hər gün üzünü Allaha tutub balalarının atasının yenidən ayağa qalxması üçün dua etməkdir.

 

Son zamanlar ağrıdan günlərlə yataqdan qalxa bilmir Elçin. Artıq ağrıkəsici dərmanlar da ağrılarına məlhəm olmur. Günün yarısını yatır ki, bəlkə ağrıları sakitləşər. O ailəsinin maddi durumunun düzəlməsi üçün kimlərinsə köməyini istəmir, sadəcə özünün sağalıb ayaq üstə durmasını istəyir ki, ailə başçısı kimi öhdəsinə düşəni etsin:

 

"Canım sağ olsun, heç kimdən heç nə istəmirəm. Ailə qurandan sonra mən heç kimə bildirməmişəm problemimi. Həmişə öz problemimi özüm həll etməyə çalışmışam ki, kimisə narahat etməyim. Qaçqın olmağımıza, ağır vəziyyətdə yaşamağımıza baxmayaraq heç vaxt kimdənsə nəsə istəməmişəm. Amma indi elə bir vəziyyətə gəlib çıxmışıq ki, artıq heç nəyə əlim çatmır.

 

Elçin ailəsini, balalarını yaxşı saxlamaq üçün özünü müalicə üçün pul xərcləməyə əli gəlməyib. Deyir imkansızlıqdan vaxtında həkimə də getməyib:

 

"Əvvəllər baş ağrılarım çox olurdu. Hiss edirəm ciyərimdə problemlər var, böyrəyimdə də ağrılarım çoxdur. Dörd uşağı məktəbə göndərmək asan iş deyil. Elə uşaqları düşünmüşəm, başqa heç nə. Ağrıyanda demişəm, keçib gedəcək. İndi də yataqdan qalxa bilmirəm".

 

 

İndi onu hər şeydən çox övladlarına çörək gətirə bilməməsi üzür. Deyir uşağa yaxşı baxa bilməmək insana çox pis təsir edir: "Özüm işləsəm, qazansam yenə də şikayətim yoxdur. Düşdüyüm bu durum məni çox üzür".

 

Bir qadın, bir ana kimi günü ağlamaqla keçən Nazənin deyir ki, Elçin ailədə bütün problemləri daim özü həll edib. O, hər gün dörd uşağı özü məktəbə  aparıb - gətirib. Yatağa düşəndən sonra isə artıq dörd həftədir uşaqlar məktəbə gedə bilmirlər:

 

"Müalicə olunsun, sağalsın, uşaqlarının üzərində dayansın. O, olmasa bizə həyat yoxdur. Mən olmasam da olar".

 

Beton döşəməli soyuq evdə ayaqyalın gəzişən uşaqların lap körpəlikdən həyatda nələrlə qatlaşmalarının şahidi olan xəstə ata və ananın yaşantılarını təsəvvür etmək üçün isə elə də dərin savada, yaxud dünya görüşünə malik olmağa ehtiyac yoxdur. Yetər ki, sadəcə insan olasan...

 

Bütün təsəllilər acizdir dünyaya gələndən min bir əziyyətə düçar olan bu körpələrin məhrumiyyətləri qarşısında...

 

Çətinliklərə baxmayaraq, uşaqlar  dərslərinə qarşı diqqətlidirlər. Dərslərini həvəslə oxuduqlarını, fəxrlə deyir valideynləri. Bu övladların hər birinin gələcək üçün arzuları da var. Ailənin böyük qızı 15 yaşlı Səma hüquq təhsili alıb vəkil olmaq istəyir. 10 yaşlı Aysun isə həkim olub, maddi çatışmazlıqdan əziyyət çəkən ailələrə təmənnasız xidmət göstərməyi arzu edir. Bu balaca ürəklərdə yatan böyük arzuların reallaşması üçünsə uşaqların yeganə ümid yeri və arxası olan atanın sağalıb yataqdan qalxmasına sadəcə cüzi bir dəstək lazımdır...  

 

X

XƏBƏRLƏR
BÖYÜT