Alın yazısı varmı, taleyi dəyişmək, ömrü uzatmaq olar?
14:10 – 30 Mart, 2017

“Alın yazısı ilə bağlı ənənəvi təsəvvür doğru deyil və islam bu mənada alın yazısının varlığını qəbul etmir”.

 

APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Hacı Şahin Həsənli "Yaşıl orta" verilişində deyib. O bildirib ki, insan üçün öncədən müəyyən olunmuş həyat yolu yoxdur: “ Əks halda iradə azadlığının, imtahanın, peyğəmbərlərin göndərilməsinin mənası qalmazdı. İnsan öz taleyini əməlləri əsasında formalaşdırır. Əməllərimizlə taleyimizi dəyişə bilirik. Bu baxımdan insanların başa düşdüyü anlamda alın yazısı yoxdur. Bəziləri elə zənn edir ki, insanın həyatı öz əlində deyil, ona əvvəlcədən yol müəyyən edilib və o çərçivədən kənara çıxmır. Bu insanı passiv və zəif qəbul etməkdir. Uca Allah  “Qurani-Kərim”də buyurur ki, biz insana doğru yolu göstərdik, istər şükür etsin, istər nankor olsun”.      

 

Hacı Şahin Həsənli qeyd edib ki, Allah hər şeyi bilir, amma onun elminin əməlimizə təsiri yoxdur: “İnsan öz əməlinə görə məsuliyyət daşıyır. Yaşadığımız çətinliklər, sıxıntılar alın yazısı deyil, əməllərimizin nəticəsidir. Çətinliklərə də doğru yanaşmaq lazımdır. Əgər Allah bir sıxıntı göndərirsə, deməli haradasa boşluğumuz var”.

 

İlahiyyatçının sözlərinə görə, əməllərimizin ömrümüzə də təsiri var: “Savab əməllər ömrümüzün uzanmasına səbəb olur. Ömrün uzanıb, qısalması belə insanların əməlləri nəticəsindədir. Günah ölümü tezləşdirir. Ayədə buyrulub ki,  başınıza gələn bütün işlər öz əməllərinizin nəticəsidir. Alın yazısının varlığını qəbul etmək müsəlmanları passivliyə aparır.  Bu islam dünyasının tənəzzül  səbəblərindən biri kimi də qəbul edilə bilər. Bir xalqa desən ki, alın yazısına məhkumsan, o  xalqın inkişafından söhbət gedə bilməz. İslam buyurur ki, insan nə əldə edirsə, çalışması nəticəsində nail olur”.     

 

Ş.Həsənli cinayət və intihar hallarının da alın yazısı olmadığını bildirib: “Bu insanın iradəsinin nəticəsidir. Dinimizə görə insanın özünü öldürməsi əbədi əzabla nəticələnəcək. İnsan Allaha inanırsa, ən sıxıntılı anlarında belə Yaradandan  ümidsiz olmamalıdır. İntihar da, cinayət də Allahın yazısı ola bilməz".

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT