Paytaxt yollarında hansı nöqsanlar var?
14:30 – 11 Aprel, 2017

Şəhərdaxili yollardakı nöqsanlar hansılardır? Bu nöqsanlar ictimai nəqliyyata necə təsir göstərir? Nöqsanlardan çıxış yolu nədir? APA TV-nin “Avtoclub” layihəsinin növbəti buraxılışında bu suallar ətrafında fikir mübadiləsi aparılıb.

Yollar üzrə mütəxəssis Zaur Seyidzadənin sözlərinə görə,  paytaxt ərazisinin bir çox hissələrində mütəmadi olaraq baxış keçirdiklərindən, müəyyən dairə və kəsişmələrə yaxın ərazilərdə çatışmazlıqlar mövcuddur. Mütəxəssis, konkret olaraq Bakının Lev Landau və dördüncü mikrorayon dairələrini misal çəkib: “Ələsgər Ələkbərov küçəsi ilə kəsişmədə daha dəqiq desək Landau dairəsindən sağa dönərək Ələsgər Ələkbərov küçəsinə daxil olmaq üçün nəzərdə tutulan yerdə dayanacaq var. Onun həmin ərazidə yerləşməsi, dönmə əməliyyatı həyata keçirən avtomobillərin axınını çox zəiflədir, maneə yaradır. Digər bir ərazini misal çəkmək olar: 4-cü mikrorayon dairəsi, Hüseyn Seyidzadə, Cavadxan, 20 yanvar küçələrinin kəsişdiyi dairə. Ora yaxın hissələrdə piyada keçidlərində yəni kəsişmələrdən dairələrə daxil olan hissələrdə 4.3 nişanları tətbiq olunur yəni digər nəqliyyat vasitələri üçün gözləmə mövqeyi tutmaq, daha dəqiq desək dairəni buraxmaq. Sadəcə olaraq bu hissəyə daxil olduqda sürücü həm dairədə olan nəqliyyat vasitələrinə yol verir, həm də dairələrin kəsişməsində olan piyada keçidlərindəki piyadalara yol vermək məcburiyyətindədir”.

Verilişin efirinə telefon vasitəsi ilə qoşulan BDYP-nin  Siqnal idarəsinin texniki şöbə rəisi Şahin Həsənov, aparıcı Rövşən Həsənovun suallarını ətraflı cavablandırmaqla yanaşı, çalışdığı qurum və onun fəaliyyəti haqqında da geniş məlumat verib. Şahin Həsənov qeyd edib ki, təmsil etdiyi qurumun gördüyü işlər respublikanın bütün şəhər daxili yollarını əhatə edir. O, bildirib ki, Azərbaycanın 13 rayonunda BDYP-nin  Siqnal idarəsinin regional bölmələri fəaliyyət göstərir.  Daha sonra nəzərə çatdırılıb ki, qurum  yol hərəkətinin təhlükəsizliyi ilə bağlı  nəzərdə tutulan nişanların və işıqforların quraşdırılması ilə məşğuldur. Siqnal idarəsinin texniki şöbə rəisi  əlavə edib ki, şəhərlər arası yollara nəzarəti isə “Azəravtoyol” ASC həyata keçirir. BDYP-nin  Siqnal idarəsi tərəfindən nişan və işıqforların quraşdırılması isə Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının çıxardığı qərarlar əsasında həyata keçirilir.

 

X

XƏBƏRLƏR
BÖYÜT