Günay Malikqızı: “Baş redaktor dedi ki, sənin hər yazından sonra bizə bir metr ip lazımdır...”
17:45 – 12 Aprel, 2017

  “Biz  o vaxt yeni açılan “Space” telekanalında tanış olduq”.

  “Park-Bulvar” AVM-in piar meneceri Günay Malikqızı APA TV-nin  “Ömür yoldaşı” proqramında    ailə qurduğu oğlanla tanışlıq illərini belə xatırlayb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “İctimaiyyətlə əlaqələr və marketinq” departamentinin direktoru, Əməkdar jurnalist Bəhruz Nəzərov  o vaxt 365 nəfərin qatıldığı müsabiqədən seçilən 6 nəfər arasında özünün və Günayın olduğunu söyləyib: “ Günay elə ilk gündən diqqətimi çəkdi. Əsl Azərbaycan qızlarına xas keyfiyyətlər görürdüm Günayda”.

O vaxt Bəhruzun 20, Günayın 18 yaşı varmış. Qaynar iş prosesi onların bir-birinə daha yaxından  bələd olmalarına şərait yaradıb.

  “Bəhruz, əsasən, ağlı ilə , hadisələrə münasibəti ilə diqqətimi çəkdi. Bir də ki, təmkinli deyildi, Bəhruzda gənclik çılğınlığı var idi, bu da mənim xoşuma gəlirdi” .

“Bir yerdə işləyib ailə qurmaq həm çətindir, həm də asandır”- qənaətini dilə gətirən Günay Malikqızı bu məsələnin onlara daha çox kömək etdiyini söyləyib,   ömür yoldaşının qayğısını daim öz üzərində hiss elədiyini qeyd edib: “Mən ailə qurmağa hazır deyildim. Bəhruzun belə bir zarafatı var. Deyir, nə yaxşı ki, mən vaxtında səninlə evləndim. Mən səninlə evlənməsəydim, bilmirəm ailə qura biləcəkdin, ümumiyyətlə, o sahədə bir iş görə biləcəkdin, ya yox...”

 

Bəhruz Nəzərovun fikrincə də bir yerdə işləmək münasibətlərə mənfi təsir göstərə biləcək bir hal deyil.

O vaxt bütün mədəniyyət tədbirlərinə getdiyini, uşaqların zarafatla: “Günaydan icazəsiz respublikada mədəniyyət tədbiri keçirilmir”- dediyini xatırlayan Günay xanım jurnalistlik fəaliyyətində qarşılaşdığı maraqlı, yaddaqalan məqamlara da toxunub:

  “Baş redaktorumuz  Qəzənfər Qəribov məni otağına çağırıb dedi ki, sənin hər yazından sonra bizə 1 metr ip lazımdır. Yarısı sənə, yarısı da mənə. Mən heç nə başa düşmədim. Sən demə özünü asmaq mənasında deyirmiş...”

  Bəs birgə yaşayışda anlaşmalar necə yoluna qoyulur? Problemin həllinin kiminsə güzəştə getməyi ilə nəticələndiyini qeyd edən Günay xanım  evdarlıq məsələlərinə toxunarkən, zarafatla, bildirib ki, bu sahədə problemlər hələ də davam edir. Və artıq buna problem kimi baxılmır.

  Hər iki jurnalist artıq xeyli vaxtdır ki, televiziyadan ayrılıb.

  “Keçmiş jurnalist olmur ” fikrini xatırladan Bəhruz Nəzərov: “Fikirləşirdim ki, Günay televiziyadan yeni sahəyə gedəndə iş daha az olacaq. Amma tam əksinə oldu”.

“Mən işimi dəyişdim ki, qızım Zeynəbə daha çox vaxt ayırım. Amma belə olmadı ”- deyə ömür yoldaşının fikrinə qüvvət verən Günay Malikqızı  bu gün də öz işinin xarakterini televiziyaya bənzətdiyini söyləyib: “Mən indi burada bütün günü canlı efirdəyəm. Efir davam eləyir. Sadəcə, bunu hamı görmür”.

 

X

XƏBƏRLƏR
BÖYÜT