Banklar dolları niyə rəsmi məzənnədən ucuz satır? - EKSPERT RƏYİ
17:51 – 12 Aprel, 2017

“Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankın bank sektoru ilə bağlı açıqladığı statistik məlumatlar, iqtisadiyyatda baş verən proseslərin analizi nəticəsində belə nəticəyə gəlmək olar ki, banklar devalvasiya nəticəsində aldığı zərbənin fəsadlarını yaşayır”.

 

Bu fikirləri “Sosium” proqramının qonağı, iqtisadçı-ekspert Samir Əliyev deyib. Onun sözlərinə görə, maliyyə bazarlarının kiçilməsi fonunda banklar mühafizəkar siyasət yürütməyə, kreditləri minimuma endirməyə başlayıb. S. Əliyev bildirib ki, banklar digər fəaliyyətlərlə, xüsusi ilə valyuta bazarında fəal iştirak etməklə gəlir əldə etmək üzərində çalışırlar: “Təsadüfi deyil ki, fevral ayına olan göstərici də onu göstərir ki, bankların qeyri-faiz gəlirləri artıb. Bunun da səbəbi sadədir. Banklar bu gün faktiki olaraq dollar alış-satışı prosesinə girişib. Çünki, manatın məzənnəsinə tətbiq edilən bir sıra inzibati normalar aradan qalxıb. Sonuncusu ötən ilin noyabr ayından 4%-lik marja aradan qalxandan sonra bankların valyuta alış-satışında məzənnə ilə bağlı inzibati qadağa yoxdur. Buna görə də təsadüfi deyil ki, banklar dollar alış-satışında fəal iştirak edir. Buna görə də dollar alış-satışındakı fərq 2-3%-dən 10, hətta bəzi halda 15%-ə qədər təşkil edir”.

 

İqtisadçı-ekspert əlavə edib ki, bəzi banklar xarici valyutanı Mərkəzi Bankın müəyyən etdiyi məzənnədən də aşağı satır. O, bunu həmin bankların manata olan tələbatı ilə əlaqələndirir: “Azərbaycanda indiyədək elə bir hal olmayıb ki, bankların satış kursu Mərkəzi Bankın müəyyən etdiyi məzənnədən aşağı olsun”.

 

Azərbaycanda 32 bankın olduğunu xatırladan S. Əliyev qeyd edib ki, banklardan bəziləri böhrandan çıxmağı bacarıb: “Biz bankları vəziyyətinə görə 3 kateqoriyaya bölə bilərik. Birinci kateqoriyaya daxil olan banklar nəinki böhrandan çıxıb, eyni zamanda inkişaf edib. Bəzi banklarda problemlər qalmaqdadır. Elə banklar da var ki, onlar “ölüm-dirim” mübarizəsi aparırlar. Bu bankların taleyi sual altında olaraq qalır. Bu gün banklar məhdud müştəri, kiçilmiş iqtisadiyyat və maliyyə xidmətlərinin azalması, mal dövriyyəsinin azalması fonunda müəyyən qədər gəlir əldə etməyə nail olub. Amma digər banklarda problemlər hələ də qalmaqdadır”.

 

S. Əliyev fevral ayından başlayaraq bankların dollara tələbatının azalmasını Mərkəzi Bankın pul kütləsini azaltması ilə əlaqələndirir. O hesab edir ki, Mərkəzi Bank pul kütləsini azaltmaqla manata təzyiqin qarşısını almağa çalışır. “Azərbaycanın xarici öhdəlikləri var. Buna görə də bu gün dolların məzənnəsinin bahalaşmasında hökumət maraqlı deyil. Çünki, bizim büdcə 1,75 məzənnəsi ilə müəyyənləşdirilib”.

 

Bankın problemlərinin yaranmasında inzibatçılar və səhmdarların məsuliyyətləri olacağı təqdirdə onlar əmlakları ilə dəymiş zərərin ödənilməsi üçün cavabdeh olması məsələsinə gəlincə, S. Əliyev qanunvericiliyə bu dəyişikliyin bank sektoruna müsbət təsir edəcəyini hesab edir.

 

X

XƏBƏRLƏR
BÖYÜT