Jurnalistika: məsuliyyət və səlahiyyət!
15:25 – 14 Aprel, 2017

Mətbuat cəmiyyətin güzgüsüdür, yəni cəmiyyətdə baş verən ictimai-siyasi prosesləri mətbuat vasitəsilə izləyirik. Maraqlıdır, görəsən, Azərbaycan jurnalistikası, Azərbaycan mətbuatı bu missiyanın öhdəsindən gələ bilirmi? Jurnalistikamızda səlahiyyət və məsuliyyət hissləri nə qədərdir? APA TV-nin “İlham Tumasla 40 dəqiqə” layihəsinin növbəti buraxılışında bu suallar ətrafında ciddi fikir mübadiləsi aparılıb.

Qafqainfo saytının rəhbəri, jurnalist Elbrus Ərudun hesab edir ki, jurnalistlərin məsuliyyətini, səlahiyyətini ayrıca təhlil etmək düzgün deyil: “Cəmiyyət bütövlükdə məsuliyyətlidir. Azərbaycanda bütün  sahələrdə kadr çatışmazlığı var. Jurnalistikada daha çox görünür. Bu gün yerindən duran sayt açır”.

ARB Telekanalının strateji inkişaf və media direktoru İsmayıl Həsənovun sözlərinə görə jurnalistlərin səlahiyyətdən doğan məsuliyyəti mövcuddur: “Qanunlar jurnalistlərə hüquqlar verir. Kim bundan necə istifadə edirsə, bu artıq insanın fərdi keyfiyyətləridir. Kimin xoşuna gəlmir, televizoru söndürsün, interneti söndürsün”.

Müğənni Afaq Aslan öz təcrübəsindən qaynaqlanaraq, jurnalistlərin bəzi problemlərini sadalayıb: “Mən hansısa sözü müsahibədə zarafatyana deyirəm, amma sözü dərhal gətirib başlığa qoyurlar ki, nə var, nə var jurnalist ondan reytinq qazansın. Amma başa düşmür ki, sən reytinq qazanırsan, yazdığın insanı isə nüfuzdan salırsan. Kimlər ki, sayt açır, saytın sahibi söyləyir ki, filan müğənnidən xoşum gəlmir, ona qadağa qoyun”.

Jurnalist Əfruzə Ağayeva isə hesab edir ki, jurnalistlə müsahibədə ciddi olmaq lazımdır: “Əgər mən saytda işləyirəmsə, mən saytın rəhbərinə qarşı çıxa bilmərəm, qadağalar olur. Bir müğənni ilə işləyirdim, göndərirdim xəbərləri, deyirdilər ki, ödənişlidir. Üstündən bir az keçdi, həmin müğənni ilə bağlı elə bir hadisə oldu ki, bütün saytlar onun haqqında yazdılar. Bəzən biz belə haqsızlıqlar edirik. Müğənninin pisini yazırıq, mahnı təqdim edəndə, klip təqdim edəndə, deyirik ki, ödənişlidir”.

Elbrus Ərudun sözlərinə görə qadağalara fərqli yanaşmaq lazımdır: “Burada şəxsi münasibətlər rol oynamamalıdır. Qadağa qoyduğun adam elə bir hadisə ortaya qoya bilər ki, onu verməyə məcbur olarsan. Səlahiyyəti qanun müəyyənləşdirməlidir. Bizdə xalq olaraq, hər şeyə münasibət var Hər şeyin öz mütəxəssisi olmalıdır”.

İsmayıl Həsənovun sözlərinə görə hər hansı bir fikri konteksdən çıxarmaq və fikrin bəzədilərək manşetdə verilməsi başqa-başqa hallardır: “Bu gün xəbərə sadə bir başlıq qoyaq, bu nə qədər oxunacaq? 300-500. Bu sayt üçün də lazım deyil. O ki qaldı ödəniş məsələsinə, mənim fəaliyyət göstərdiyim televiziya kommersiya qurumudur. Nəyə görə ödənişsiz olmalıdır? Dünyanın hər yerində belədir”.

Şairə Nazilə Səfərova hesab edir ki, jurnalist vicdanla peşəkarlıq arasında qalarsa, peşəkarlığı seçməlidir.

Müğənnilərin jurnalistlərlə münasibətlərinə toxunan Əfruzə Ağayeva iddia edir ki, bu gün müğənnilər elə adamlarla oturub-dururlar ki, istənilən jurnalisti susdura bilirlər. Ə. Ağayeva həmçinin saytların operativ informasiya çatdırmaq baxımından televiziyanı üstələdiyini vurğulayıb.

Əfruzə Ağayevanın fikirlərinə münasibət bildirən İsmayıl Həsənovun sözlərinə görə televiziya saytlarla müqayisədə operativlikdə geri qala bilər: “Amma bu gün televiziya yenə də ən böyük kontent istifadəçisidir. Yəni informasiyanı ancaq xəbərdən düşünməyək, bunun bir çox aspektləri var”.     

X

XƏBƏRLƏR
BÖYÜT