Türkiyədə bazar gününün proqramı: "Evet-hayır" oyunu
19:38 – 14 Aprel, 2017

 

 

Aprelin  16-da Türkiyədə Konstitusiya dəyişikliyinə dair referendum keçiriləcək. Seçki qutusundan hansı cavabın çıxacağını hamı səbirsizliklə gözləyir. Gün ərzində Türkiyə mediasında aparılan monitorinq nəticələri göstərir ki, ölkə tam şəkildə referendumun nəticələrinə köklənib. Səsvermədə iştirak edən seçicilərin yarıdan çoxu konstitusiyanın 18 maddəsinə olan dəyişiklik təklifini dəstəkləsə, Türkiyədə parlament sistemi prezident üsul idarəsi ilə əvəz ediləcək. Qutudan rədd cavabı çıxsa, nə olacağını təxmin etmək olar. Türkiyə vətəndaşlarının seçimi necə olacaq? Qutudan türk qardaşlarımızın təbirincə desək “evet”, yoxsa “hayır” cavabı çıxarsa, nə baş verəcək? APA TV-nin “Panoram” layihəsinin növbəti buraxılışında bu suallar ətrafında geniş müzakirə aparılıb.

Qafqaz Strateji Araşdırmalar və Beynəlxalq Münasibətlər Mərkəzinin sədr müavini, siyasət üzrə fəlsəfə doktoru Nazim Cəfərsoyun sözlərinə görə, son on ildə Türkiyənin siyasi palitrası nə qədər monotonlaşsa da, əslində rəngarəngdir: “Buna görə də referendumun nəticələrini əvvəlcədən proqnozlaşdırmaq çətindir. Son 1-15 ildə Türkiyə siyasətində prezident Ərdoğanın ciddi üstünlüyü var. Mən düşünürəm ki, hakimiyyət cəbhəsində “evet” istəyən prezident Ərdoğan, Binəli Yıldırım və Baxçalıdır. Bəs bu üçündən neçəsi həqiqətən “evet” istəyir?” N. Cəfərsoy, seçki qutusundan “evet” çıxacağını təxmin etdiyini, “hayır” çıxacağı təqdirdə isə, bunun Türkiyə üçün sürpriz olacağı fikrindədir.  

Politoloq Şahin Cəfərli hesab edir ki, onun proqnozlarına görə prezident Ərdoğanın bu prosesdən məğlubiyyətlə çıxması ehtimalı çox az idi: “Lakin Dövlət Baxçalının dünənki çıxışı belə bir ehtimal yaratdı ki, referendumla bağlı qəti proqnoz vermək düzgün deyil. Eyni zamanda Türkiyədə sosioloji sorğu xidmətlərinin açıqladığı rəqəmlərdə “evet” və “hayır” arasında fərq çox azdır. Bu Mərkəzlərin açıqladığı nəticələrdə 51% “evet”, 49% “hayır” çıxır. Bu o deməkdir ki, xəta payını daxil etsək, “hayır” çıxması ehtimalı da var”.

Referendumda şəhərlərin payına toxunan Nazim Cəfərsoy, İstanbulun referenduma əhəmiyyətli təsir edəcəyi fikrindədir: “Bununla belə yenə də öncədən hansısa proqnozları vermək çətindir”.

Dövlət Baxçalının Türkiyənin NTV və Star telekanallarındakı son açıqlamasından danışan Şahin Cəfərli, bunu Türkiyənin hakim dairələrində “xalq öz dövlətini quracaq”, “Türkiyə əyalət sistemi ilə idarə ediləcək” kimi dolaşan ziddiyyətli fikirlərin qarşılığı olaraq əlaqələndirib: “Baxçalı dedi ki, prezident Ərdoğan hələ bunlara reaksiya verməyib və biz bundan narazıyıq. Onsuz da güman olunurdu ki, ülküçülərin böyük əksəriyyəti yox deyəcək, eyni zamanda MHP rəhbərliyinin mövqeyini əsas alaraq, hə deməyə hazırlaşan ülküçülər də var idi. Güman olunur ki, Baxçalının bu çıxışından sonra, hə deməyə hazır olan ülküçülərin də üzərində bunun təsiri olacaq”.

Dövlət Baxçalının son açıqlamalarına münasibət bildirən Nazim Cəfərsoy, Baxçalının şüurlu şəkildə Kılıcdaroğlunu hədəfə aldığı fikrindədir: “Burada referendumun məzmunundan daha çox cəhbələşmədən söhbət gedə bilər. MHP ilə bağlı bu günki görüntü odur ki, partiya daxilində ciddi parçalanma mövcuddur”. N. Cəfərsoy onu qeyd edib ki, əyalət sisteminə keçidlə bağlı məsələlər Baxçalıda həssaslıq yaratmaya bilməzdi.

Şahin Cəfərli deyib ki, Türkiyə Konstitusiyasına təklif edilən dəyişikliklərdə əyalət sistemi məsələsi var: “Orada qeyd olunur ki, prezident ölkənin ərazi bölgüsünü müəyyən etmək hüququna malikdir. Hal-hazırda isə bu hüquq parlamentə məxsusdur”.

Ordunun mövcud vəziyyətə müdaxilə etməsi məsələsinə münasibət bildirən Nazim Cəfərli, hazırkı siyasi mənzərə və ordunun vəziyyəti baxımından hər hansı çevrilişdən söhbət gedə bilməyəcəyini vurğulayıb: “Ordunun proseslərə təsir etmək imkanı yoxdur”.

Şahin Cəfərli hesab edir ki, əgər qutudan “hayır” cavabı çıxarsa, Türkiyədə yeni hərəkətlərin yaranmasının şahidi olacağıq: “Çox böyük ehtimalla əgər MHP-li müxaliflər əmin olsalar ki, əgər MHP daxilində hər hansı dəyişiklik yoxdur, belə bir yol qalmayıb, onda onlar partiyalaşma mərhələsinə başlayacaqlar. Ümumiyyətlə hesab edirəm ki, Türkiyədə yeni milliyyətçi mühafizəkar partiyaya çox böyük ehtiyac var. Çünki AKP 15 ildən çoxdur ki, sanki Türkiyənin  siyasi həyatını zəbt edib”.

Nazim Cəfərsoy qutudan çıxacaq istənilən nəticədən asılı olaraq, erkən seçkilərin keçirilmə ehtimalının olduğunu vurğulayıb: “Baxçalı ilə yeni anlaşmanın əsası qoyula bilər. FETÖ əməliyyatında hədəfə CHP üzvləri qoruya bilər. Cəmiyyətdə parlamentin hakimiyyətinin azaldılması səbəbindən, yeni seçkilərin keçiriləcəyini düşünürəm. Amma sistem 2019-cu ilə qədər yenə baş nazirin idarəsində gedəcək. Binəli Yıldırımın istefa verməsi 2019-cu ildə gündəmə gələ bilər”.    

X

XƏBƏRLƏR
BÖYÜT