Şair mütləq içməlidirmi?
16:27 – 17 Aprel, 2017

Müxtəlif dövrlərdə yaradıcı insanlar və ziyalı vərdişlərlə bağlı mübahisələr gedib. Rəssam, şair, jurnalist, rejissor mütləq içməlidirmi? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu məsələyə toxunulub.

 

Yazar Aysel Əlizadəyə görə cəmiyyətdəki müəyyən problemlər, qüsurlar birinci yazıçıların gözünə dəyir: "Bunun öhdəsindən gəlmək üçün mütləq bir vasitə olur. Neçə il stresslərlə döyüşən bir insan kimi deyim ki, antidepressantlar olmasaydı, çoxdan intihar etmişdim. Yaradıcı enerji dağıdıcı bir şeydir. Müəyyən vasitələr yüngüllük gətirir, amma sən bunun köləsinə çevrilməməlisən. Məsələn məşhur Amerika müğənnisi Rey Çarlz da narkotik aludəçisi olub, amma sonra ondan qurtulub".  Aysel Əlizadə onu da əlavə edib ki, müasir dövrün alimləri tamamilə fərqlidir: "Yəni onların içki içdiklərini təsəvvür etmirəm".

 

Yazar, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs birmənalı şəkildə, içkili vəziyyətdə əlinə qələm almadığını söyləyib: "Bəzi orqanizmlərin özü də fərqlidir. Adam var ki, içkini götürmür. Mən içkinin mənə ehtiyacı olduqda ondan istifadə edirəm. İnsan dünyaya gəlibsə, hər şeydən dadmalıdır, sadəcə onları idarə etməyi bacarmalıdır". Q. Ağsəs eyni zamanda gənc yazıçıların problemlərinə toxunaraq, onların düzgün qidalanmadıqlarını, yaxşı qidalanmaq üçün imkanlarının olmadıqlarını söyləyib: "Gəcn yazıçılar gün ərzində qidalana bilir? Çoxu axşam yeyir. Bunların kirayə haqları  və digər. Deməli yazıçıların təkcə içmək yox, həm də yemək problemi var".

 

Yazar Səlim Babullaoğlu isə söyləyib ki, insanın təbii halında içki və tüstü yoxdur: "Biz anamızın döşündən süd içmişik, niyə alkoqol içməliyik? O ki qaldı yaradıcı işə, əgər yaradıcı deyiriksə, o adam dağıdıcı ola bilməz. Biz özümüz öz problemlərimizi həll etməliyik". S. Babullaoğlunun sözlərinə görə bütün insanların içki içməsi ziyanlı hadisədir: "Yazarların xüsusilə, çünki onlar yazdıqlarının məsuliyyətini daşıyırlar".

 

Yazar Səbuhi Məmmədli içki içmədiyini, daha çox siqaret çəkdiyini etiraf edib: "Mən bütün iri yazıları bir yazını bir qutu siqaretə bitirirəm. Bu da məni konsentrasiya edir. Amma spirtli içkidən qaynar nöqtəyə gedəndə kifayət istifadə etmişəm. Məsələn 2013-cü ildə APA-dan Suriyaya gedəndə, kifayət qədər rakı və pivə içib, Suriyaya keçdim".  

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT