Facebook avaralar yeridir?
16:01 – 19 Aprel, 2017

“Facebook” sosial şəbəkəsi ilə bağlı deputat Araz Əlizadəninbildirdiyi fikir, son günlər narazılığa səbəb olmaqla yanaşı, ciddi müzakirələrlə müşahidə edilməkdədir. Belə ki, Araz Əlizadənin fikirlərinə görə “facebook”da olanlar avara adamlardır. Bəs görəsən doğrudanmı belədir? Və ümumiyyətlə, “facebook” və digər sosial şəbəkələr lazımsızdırlar? APA TV-nin “İlham Tumasla 40 dəqiqə” layihəsinin növbəti buraxılışında bu fikirlərlə bağlı qızğın müzakirə aparılıb.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev bildirib ki, insanların həyatının, hətta şəxsi həyatının bir hissəsi artıq sosial şəbəkələrin üzərindədir: “ “Facebook” xəbər mənbəyidir, insanların bir-biri ilə ünsiyyət vasitəsidir. Cəmiyyətin güzgüsüdür. Mən həyatımı onsuz təsəvvür etmirəm”.

Yazar Çingiz Öztürkün sözlərinə görə əgər beş il bundan əvvəl yaşlı nəsil “facebook”da olmağı avaralıq kimi qəbul edirdisə, bu gün artıq münasibət dəyişib: “Onlar özləri olmasa da, övladlarının səhifələri ilə qohum-əqrəbalarından xəbər tuturlar. Toyların şəklinə baxırlar. Camaat “facebook”da yas da edir”. Ç.Öztürk onu da qeyd edib ki, avara insan təkcə “facebook”da deyil, hər yerdə ola bilər: “Bu gün artıq kəndlərdə də “facebook”da olanları avara kimi qəbul etmirlər. Faktlar göstərir ki, ən yuxarı yerdə də oturub, avaralıq etmək olar”.

Müğənni Günay İbrahimli hesab edir ki, “facebook”da normal düşüncəli, işi-gücü olan insanlar da oturur, avara adamlar da olur: “Amma “facebook”da avara adamlar oturur cümləsi düzgün qurulmamışdı cümləsi düzgün qurulmamışdı. Məsələn bu yaxınlarda bir əcnəbi rejissor var idi, mən onu “facebook” vasitəsilə tapdım. “Facebook” bizim üçün PR vasitəsidir. Mənim dostluğumda kifayət qədər adlı-sanlı adam var ki, onlara avara demək olmaz”. G.İbrahimli onu da vurğulayıb ki, bir nəfər çoxlu sayda paylaşım edəndə bu həddindən artıq bezdirici olur: “eyni adamın şəkillərini görəndə bezdirici olur. Mən “facebook”da daha çox mahnılarımı, vacib xəbərləri paylaşıram”.

Jurnalist Nərgiz Əzizovanın sözlərinə görə “facebook” əslində Azərbaycanda biznes qurmaq, PR üçün nəzərdə tutulmuşdu: “Təxminən 7-8 il bundan əvvəl gənclər, xüsusilə yeniyetmələr internet kafelərə gedərək, əks cinslərlə tanış olurdular. Oyun oynayırdılar. İndi artıq bunlar “facebook”a keçib. Gənc nəsil bunu yaydığı üçün “facebook” Araz Əlizadə və onun yaşıdları üçün bu qəribə gəlir. Araz Əlizadənin özünün seçki ərəfəsində “facebook” səhifəsi var idi, paylaşımlar edirdi, sonra fəaliyyətini dayandırdı”. N. Əzizova xanımlara “facebook” vasitəsilə müxtəlif təklifli mesajların yazıldığını da istisna etməyib.

İlham Quliyev hesab edir ki, cəmiyyətimiz artıq “facebook”a transfer edib: “Real həyat “facebook”a transfer edib. Bu bir mənalı şəkildə belədir. “Facebook” həyatımızın ayrılmaz tərkib hissəsidir”. İ. Quliyev ailəvi şəkillərin paylaşılması məsələsinə də münasibət bildirib: “Kimsə paylaşa bilər, kimsə paylaşmaya bilər. Mən məsələn öz övladlarımın şəkillərini həvəslə paylaşıram. Biz bu platforma vasitəsilə dostlarımızı tapa bilirik”. Baş redaktor hesab edir ki, məktəbyaşlı uşaqların “facebook”dan istifadə etməsi düzgün deyil: “İstənilən halda nəzarət olmalıdır”. 

Nərgiz Əzizova isə öz profilində başqa şəkillər istifadə edənlərə, xüsusilə jurnalistlərə münasibət bildirib: “Bəzən baxıb görürsən ki, jurnalistdir, xəbər paylaşıb, amma öz şəkli yoxdur. Ya gül şəkli qoyur, ya çalışdığı yerin loqosunu qoyur”.

“Facebook”un ailə münasibətlərdəki yerinə toxunan N. Əzizovanın sözlərinə görə burada müsbət halları görmək mümkündür: “Cütlüklər” adətən üz-üzə dava etmirlər, “facebook”da danışırlar, danışırlar və bir-birlərinə söz atırlar, mahnı paylaşırlar. Axşam da xoşbəxtcəsinə yaşayırlar”.

Çingiz Öztürk isə hesab edir ki, “facebook” heç də ailə dəyərlərinə ziyan vurmur: “ “Facebook”da olan insanlar real həyatda da var. “Facebook” indiki dövrdə inqilıabdır. Vaxt var idi, mesajın biri 11 qəpikdən sevgilisi ilə mesajlaşanlar var idi. “Facebook” ailə dəyərlərinə qarşı deyil, insanın mahiyyətini üzə çıxarır. “Facebook” barışdırırsa, ona da şükür”.

 

 

 

 

 

 

     

 

  

X

XƏBƏRLƏR
BÖYÜT