Fazil Mustafa: "Sahibkar çıxışıma görə qonaqlıq vermək istəyirsə, bunun nəyi qəbahətdir?"
15:53 – 20 Aprel, 2017

“Azərbaycan Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitəsinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılıb.

 

APA TV-nin məlumatına görə, Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib ki, bəzi hallarda deputatlar tərəfindən qeyri-adekvat davranış sərgilənə bilir:

 

“Təbii ki, bu da qanunla tənzimlənməlidir. Ona görə də yeni hazırlanan qanun layihəsinin əsas məqsədi şəffaflığın və səmərəliliyin artırılmasıdır. Layihə hazırlanarkən Avropa Şurasına və MDB ölkələrinin təcrübələri, eləcə də Azərbaycan reallıqları nəzərə alınıb”.

 

Deputat Azay Quliyev vurğulayıb ki, belə bir qanun layihəsinin hazırlanmasına ciddi ehtiyac vardı:

 

“Layihədə yer alan müddəalarda qeyri-adi heç nə yoxdur. Konstitusiyaya əsasən, bunu ümumi cəmləşdirib yekun halda təqdim etmək lazım idi. Hakim partiyaların, müstəqil və müxalifət partiyalarının deputatları ilə ayrılıqda görüşüb işçi qrupu da yarada bilərik”.

 

Deputat Fazil Mustafa onlara verilən hədiyyələrlə bağlı layihədə yer alan maddəyə etirazını bildirib. O qeyd edib ki, bir çox hallarda İntizam Komissiyasının rəyi subyektiv və qərəzli ola bilər:

 

Məsələn, bir sahibkar hansısa çıxışıma görə, mənə qonaqlıq vermək istəyir. O zaman ona deməliyəm ki, bir həftə gözlə, qoy mən intizam komissiyasına müraciət edib rəy alım, ondan sonra qonaqlığını ver. Çıxışım sahibkarın xoşuna gəlib, qonaqlıq vermək istəyirsə, bunun nəyi qəbahətdir və ya qanunsuzdur?”.

 

Deputat Qüdrət Həsənquliyev qeyd edib ki, vaxtı ilə parlamentdə küçə söyüşünün söyülməsi halları olub:

 

“Həmin şəxslər də təbii ki, layiqli cəzalarını alıblar. Gələcəkdə də bu tipli addımların atılmasının qarşısını almaq üçün belə bir qanun layihəsinin hazırlanması zəruri idi”.

 

Müzakirələrin sonunda yeni qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

 

Qeyd edək ki, parlament tərəfindən hazırlanan yeni qanun layihəsi 13 maddədən ibarətdir.

 

Qanun layihəsində etik davranış qaydalarını kobud surətdə pozan deputatların mandatdan məhrum edilməsi nəzərdə tutulur, millət vəkillərinə təhqiramiz sözlərdən istifadə etməyə qadağa qoyulması, eləcə də deputatlara həmkarlarının sözünü kəsmək qadağan edilir.

 

Layihəyə əsasən, Azərbaycanda deputat öz xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən, yaxud onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən hədiyyələri tələb və ya qəbul edə bilməz.

 

Layihədə qeyd olunub ki, bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş məbləğdən (55 manat) yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

X

XƏBƏRLƏR
BÖYÜT