İki bankın birləşməsi zamanı ixtisar olmayacaq
13:04 – 21 Aprel, 2017

"AtaBank" və "CDB Bank"ın konsolidasiya prosesində ixtisara yol verilməyəcək. APA TV xəbər verir ki, bunu "AtaBank" ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini müvəqqəti icra edən Fərəh Məmmədova bu gün keçirilən mətbuat konfransında bildirib.


"Səhmdarların siyasəti bankların birləşməsindən sonra kadr ixtisarına yol verilməməkdən ibarətdir. Hər iki bankın işçiləri müvafiq vəzifələrdə yerləşdiriləcək. Hazırda "AtaBank"ın 415 nəfər, "CDB Bank"ın isə 100 nəfər işçisi var", - deyə F.Məmmədova qeyd edib.

 

"AtaBank"ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Dəyanət Quliyev isə bildirib ki, "CDB Bank" "AtaBank"a qoşulduğuna görə iki bank "AtaBank" brendi altında birləşəcək. "CDB Bank"ın İdarə Heyətinin üzvləri "AtaBank"a transfer olunacaq və İdarə Heyətinin üzvlərinin sayı 7-yə çatdırılacaq. Onun sözlərinə görə, konsolidasiya prosesi maksimum 2-3 ay ərzində başa çatacaq.

 

"CDB Bank" ASC ilə birləşərək yenidən təşkil olunan "AtaBank" ASC-nin səhmdarı "Synergy Group" MMC olub. Bunu isə "Synergy Group"un icraçı direktoru İsmayıl Süleymanov deyib.

 

"Yenidən təşkil olunan "AtaBank"ın səhmdarı "Synergy Group"dur. Bununla bağlı aprel ayında alqı-satqı olub", - deyə İ.Süleymanov bildirib.

 

Bunadək "AtaBank"ın səhmdarları "AtaHolding" ASC (76%) və fiziki şəxslər (24%) idi.

 

X

XƏBƏRLƏR
BÖYÜT