İsmayıllıda Qarabağ müharibəsi əlillərinə ev verildi
15:25 – 21 Aprel, 2017

İsmayıllıda yaşayan 3 nəfər Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evləri verilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, yeni evlərin təqdim edilməsi mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev iştirak edib.

 

O bildirib ki, bu il Şəmkir, Tərtər, Salyan, Astara, Füzuli, Zaqatala, İsmayıllı və digər rayonlarda müasir tələblərə cavab verən yeni fərdi yaşayış evləri Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Son bir ildə 310 yeni mənzil bu təbəqələrdən olan şəxslərə təqdim edilib: “İndiyədək 5045 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib. Hazırda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Bakının Nizami rayonunda 94, Şamaxıda 36, İmişlidə 54 mənzilli yaşayış binasının və digər rayonlarda 103 fərdi evin tikintisi, hazır yaşayış binalarından mənzillərin alınaraq təmir olunması işləri davam etdirilir. Yaxın vaxtlarda 53 rayonda 142 fərdi evin tikintisinə başlanacaq”.

 

Tədbirdə məlumat verilib ki, indiyədək İsmayıllı rayonunda 110 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib, bu kateqoriyadan olan 33 nəfərə minik avtomobili, 12 nəfərə əlil arabası verilib. Çıxışlardan sonra Qarabağ müharibəsi əlilləri Kamal Nağıyev, Elşən Əsgərov və Pərviz Həsənova 2 və 3 otaqlı fərdi yaşayış evlərinin açarları və sənədləri təqdim edilib. Sonra mənzillərə baxış keçirilib, ailələr üçün yaradılan şəraitlə tanışlıq olub.

 

X

XƏBƏRLƏR
BÖYÜT