15 yaşında ərə gedib bədbəxt oldu: “Uşaqkən ailə qurmayın” - HƏYAT DRAMI
12:02 – 24 Aprel, 2017

“Atamın evinə görə xalalarım döyüb məni, yaddaşımı itirirəm”  

 

“Mamamın meyiti ortalıqda idi, onlar ev davası, paltar davası eləyirdilər. Lap canavar kimi. Ana nənəm bizə dedi ki, "qızım olmayandan sonra siz də mənim üçün yoxsunuz”. Bu sözlər APA.TV-nin efirində yayımlanan “Həyat dramı” verilişinin növbəti qəhrəmanına aiddir. 

 

Qəhrəmanımız üzünün görünməsini istəmədi. Adı, soyadı, doğulduğu yer də şərtidir. "Kimliyim bilinməsin ki, balam mənə görə utanmasın"- dedi. Bu söhbətdə biz onu şərti olaraq "Leyla" adlandıracağıq.

 

Onun otuz üç yaşı var. Altı yaşında olanda atası vəfat edib. Elektrik ustası imiş, cərəyan vurub öldürüb. Ata nənəsi və anası ilə birgə yaşamağa başlayıb. Orta təhsilini 7-ci sinfə qədər, doğulduğu rayonda alıb. Ardını oxumayıb. 15 yaşında ailə qurub. Deyir, buna heç kim məcbur etməyib onu, öz istəyi ilə özündən səkkiz yaş böyük olan, iyirmi üç yaşlı bir oğlana ərə gedib. Leylanın yaşı çatmadığından rəsmi nikaha daxil ola bilməyiblər. Həyat yoldaşı ilə birgə anasının yanında yaşayıb Leyla. Ana olub, amma körpəsi on bir aylığında tələf olub.  

 

“Ərim dedi evi mənim adıma keçir, yoxsa çıxıb Rusiyaya gedirəm”

 

Bir neçə aydan sonra yenidən hamilə qalıb Leyla. Həmin müddətdə anası ağır xəstəlikdən yatağa düşüb. Xəstə anasına qulluq edib, onun dizinin dibindən ayrılmayıb. Bu vaxt onun ata yurdunu həyat yoldaşı öz adına keçirtmək istəyib. Ailəsinin dağılmaması üçün qadın ərinin bu istəyini anasına və qohumlarına söyləyib. Elə faciəsi də burdan başlayıb Leylanın: “Sonra o məni döyməyə başladı. Xalamın yoldaşının sözü ilə mənim qarşıma şərt qoydu ki, ya bunu elə, ya da mən çıxıb gedirəm Rusiyaya. Anam razı olmadı, dedi, nə qədər ki, mən sağam evi onun adına keçirməyə qoymaram. Sonra ərim məni yenə döydü. Biz tərəf yığışdı, soruşdular ki, nə olub? Ərim dedi, bu evdə mənim də haqqım var, adıma keçməlidir. Qəti etiraz edildi".

 

Həyat yoldaşı hamilə Leylanı qoyub, Rusiyaya gedir. Leyla övladını, xəstə anasının yanında dünyaya gətirir. Uşağın doğulmasının qırx gününün tamamında əri Rusiyadan zəng edib Leylanı ora, yanına çağırır. Leyla razılaşmır: “Anamla qalmalıyam, onun məndən başqa heç kimi yoxdur” - deyib ərinin təklifindən imtina edir. Körpəsini tək böyütməyə çalışan Leyla deyir ki, nə qədər ki, anası yaşayırdı, həyatında hər şey normal idi.  

 

“Mənim həyatda hər şeyim anam idi”

 

4 yaşında ikən oğlu ciddi xəstəliyə düçar olur Leylanın. Körpənin bir tərəfi quruyur, başı da çiynində sərbəst daya bilmir. Leyla deyir, xəstə uşağına on iki yaşına qədər anası baxıb. 2010-cu ildə Leylanın həyatı alt-üst olur. O anasını itirir: “Mən anamı seçdim. Çünki həyatda hər şeyim anam idi”.

 

Leyla bu seçimindən heç peşman da deyil. Deyir, həyat yoldaşının təklifi ilə razılaşıb Rusiyaya getsəydi, yeganə ümid yeri - anasının yurdu da əlindən çıxardı: “Əgər sonradan o, məni Rusiyadan qovsaydı, gedəcək yerim də olmayacaqdı”.

Leyla deyir körpəsi əri ilə dava-dalaşdan, keçirdiyi stresslərdən bu vəziyyətə qalıb. Ancaq öz əsəblərini, uşağının sağlamlığını qurban verməklə də olsa, sonda evi öz adına keçirə bilib. Deyir o evə görə başı çox bəlalar çəkib. Ana tərəfin qohumları evə görə əməlli-başlı narazılıq yaradıblar arada. Vəziyyət o həddə çatıb ki, axırda Leyla xəstə uşağını da götürüb Bakıya gəlməyə məcbur olub. Tanımadığı qapılarda qalır, bacardığı hər işlə məşğul olur, birtəhər balasını saxlamaq istəyir. Amma gücü çatmır...

 

On beş yaşlı oğlunu internata vermək məcburiyyətində qalır. Övladını internata qoymasına həm də onun təhsili və tərbiyəsini düşünməsi səbəb olub. Deyir bir ana kimi övladını internata qoymaq çətindir, çox çətindir, amma çarəm yoxdur. Çalışır hər həftə balasının yanına getsin, bəzən pulsuzluqdan bunu belə edə bilmir, balası üçün ağlaya-ağlaya danışır Leyla: “Dedim, 9-cu sinfə qədər oxusa da, heç olmasa təhsili olsun. İçkiyə, pis insanların əhatəsinə düşməsin, oğlan uşağıdır ona görə”.  

 

“Oğlumun yanına əliboş getməmək üçün dilənmişəm”

 

Deyir atası on beş ildə bir dəfə də olsun, gəlib övladını görməyib. Nikahları olmadığından aliment də ala bilmir, atasından. Balası sağ ayağını yerə basa bilmir: “Çox darıxır oğlum. Deyir mama tez gəl yanıma. Elə vaxtlarım olub ki, metronun ağzında dilənmişəm”.   

 

Dilənçilik ediir ki, bir az pul yığsın, övladının yanına əliboş getmək istəmir bu ana. Bəzənsə ümidsiz olur, əli heç nəyə, heç kimə çatmır Leylanın: “Qaldığım evdə özümü öldürmək istəyirdim. Getdim ip də aldım, yaşaya bilmirəm deyə. İmkanım yoxdur. Aciz olduğum zamanlarda intihar eləmək istəyərdim. Uşağım gözümün qabağına gəlir, heç kim yox”.

 

 

Rayona - doğulduğu, böyüdüyü evə qayıtmaq istəmir. Deyir ora ilə əlaqəni tamam qırmışam. Anası vəfat edəndən sonra bir il boyunca o evdə yaşayıb Leyla. Həmin vaxtlar evə yeyələnmək üçün döyüb onu anasının qohumları uşağının gözləri qarşısında: “Məni dərd götürüb ki, uşağım 9-cu sinfə qədər oxuyandan sonra necə edəcəyəm, onun taleyi necə olacaq. O qədər döyülmüşəm ki, yaddaşımda da problemlər var. Balama arzum odur ki, böyüsün, sənət sahibi olsun. Heç olmasa qocalanda mənə baxsın. Övladını bir dəfəlik atan valideynlərə nifrət edirəm. Mənim canımın yarısı balamın yanındadır”.

 

Leyla heç bir qıza özü kimi tez ailə qurmağı məsləhət görmür: “Qızlar tez ailə qurmasalar yaxşıdır”. 

 

Leylanın bizə müraciət etməsinin yeganə səbəbi övladıdır: “Balama görə narahatam, ona kömək edin”...

Ana bu addımı atmağa məcbur olduğunu söyləyir. Deyir batmaqda olan insanın əli heç yana və heç kimə çatmayanda bəzən dalğalar vurub haradansa bir saman çöpü də olsa gətirir. Heç olmasa bir anlıq ümidləndirmək üçün. Ya da lap elə, daha bir dəfə köməyə çağırmağa özündə güc tapmaq üçün yapışmağa nəsə bir şey olsun deyə. Leyla ümid edir ki, bu veriliş onun səsini kimlərəsə çatdıracaq, hələ bəlkə kömək edən də oldu...

 

Qeyd: Adı şərti Leyla olan qadının hazırkı ünvanı “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağıdır. 

X

XƏBƏRLƏR
BÖYÜT