"Facebook" - manipulyasiyalar üçün ən uğurlu alət
16:38 – 28 Aprel, 2017

Türkiyənin tanınmış psixiatrı, professor Erol Göka insanların social mediada davamlı olaraq foto paylaşması ilə bağlı tənqidlərə belə cavab vermişdi: “Bir vaxtlar evə qonaq gələndə ailə albomlarını ortaya qoyub xoş xatirələrimizlə bağlı fotoları qonaqlara göstərirdik. Divarlardan ailə böyüklərimizin fotolarını asırdıq. İndi “facebook”dakı davranışlar heç də fərqli deyil. İndi fotolarımızı təkcə evə gələn qonaqlara deyil, yüzlərlə insana göstərmək imkanı qazanmışıq”. Kim nə deyirsə desin, artıq ortada başqa bir dünya var. Gəlin bu dünyanı, yeni dünyanı, sosial median tənqid edək. Amma bu dünyanı həm də anlamağa çalışaq. İstər-istəməz artıq hamımız bu dünyanın üzvüyük.  APA TV-nin “Panoram” layihəsinin növbəti buraxılışında sosial media adlanan yeni dünyadan, sosial şəbəkələrdəki manipulyasiyalardan danışılıb.

Media eksperti Rizvan Qənbərli söyləyib ki, insanlar daha əvvəlki davranışları üçün yeni vasitə kəşf ediblər: “Bu vasitə sosial mediadır. Fotolar paylaşmaq, bir mövzu ətrafında fikirlərin bir çox insanlara çatdırmaq arzusu. Bütün bunlar üçün onların əlinə inkişaf etmiş bir vasitə keçir”. Rizvan Qənbərlinin sözlərinə görə sosial medianın populyarlaşması, klassik medianın kütlənin tələbinə cavab verməməsindən irəli gəlir: “Klassik media tək tərəfli ünsiyyət vasitəsi idi. Artıq sosial mediada hər kəs informasiya yarada bilər, informasiya ala bilər. Klassik medianın çatışmazlıqlarını sosial media bu formada bağlaya bilir”.

İnsanların sosial mediadakı davranışlarına gəlincə, Rizvan Qənbərli söyləyib ki, başlanğıcda sosial mediadan daha çox tanıdığımız insanları tapmaq üçün istifadə edirdik: “Amma sonra sosial şəbəkələrin imkanlarının daha geniş olduğunu dərk anladıq. Biz “facebook”u, “instagram”ı, “twitter”i daha çox gündəlik həyatımızda yaşadığımız duyğuları paylaşmaq üçün istifadə edirdik. Amma dünya təcrübəsi göstərir ki, məsələn “ərəb baharı”nın yaşandığı zəminlərdən biri “twitter” idi. Sosial media fikirlərin ortaq məxrəcə gətirilməsi baxımından bizə verilən imnkanlardan biridir”.

Media eksperti hesab edir ki, insanın dünya görüşü necədirsə, sosial şəbəkədə də elədir: “Mühafizəkar biridirsə, sosial şəbəkədə də mühafizəkardır. Sosial şəbəkələr bizi yetişdirə biləcək bir məkandır. Bu mənim baxışımdır. Bir başqası sosial şəbəkələri əyləncə vasitəsi kimi görə bilər”. R. Qənbərli iddia edir ki, Azərbaycanda “facebook” daha çox əyləncə mənbəyi kimi istifadə olunur: “Hətta çox ciddi siyasi, ictimai hadisələr belə çox rahatlıqla sosial şəbəkələrdə əyləncə kateqoriyasına daxil edilərək paylaşıla bilir”.

“Twitter”dən Azərbaycanda niyə az istifadə edilir sualını cavablandıran Rizvan Qənbərlinin sözlərinə görə, “twitter” daha çox siyasiləşməsi yüksək olan cəmiyyətlərdə populyardır: “Azərbaycanda isə insanlar bəlkə də siyasi hadisələrə bilərəkdən maraq göstərmir. Bu əsnada “twitter”i siyasi reaksiya formalaşdıran analiz məkanı olaraq xarakterizə edə bilərik”.  

Media ekspert bildirib ki, əgər paylaşılan xəbərlər ailələrdə müzakiyərə səbəb olursa, sosial şəbəkələr burada ayna rolunu oynayır: "Cəmiyyət üçün hansı məsələlər bizim üçün önəmlidirsə, "facebook", "twitter" və "instagram"da da bu məsələlər gündəmdə olur. Bu təhsilimizlə, dünya görüşümüzlə bağlı olan bir məsələdir". Ekspert onu da vurğulayıb ki, insan həyatı ilə bağlı olan bəsit məsələlər daha çox diqqəti çəkir: "Bununla mübarizə formasını tapmaq lazımdır. Sosial şəbəkələrin mahiyyətini dərk etmək lazımdır".

Sosial şəbəkələrin manipulyativ xüsusiyyətlərindən bəhs edən Rizvan Qənbərlinin sözlərinə görə, sosial şəbəkələr manipulyasiya məsələsində klassik medianı təkrarlayır: "Aradakı fərqlər nədir? Vasitə dəyişib. İnsanlarla ünsiyyət qurulacaq məkan yaranıb. Televiziya və qəzetlərlə müqayisədə daha ucuzdur. Cəmiyyətin reaksiyalarını ölçmək və dəyərləndirmək imkanlarına malikdirlər".  Media eksperti onu da qeyd edib ki, sosial şəbəkələr siyasi xadimlərə yeni imic, yeni strategiya yaratmaq baxımından imkanlar qazandırır: "Qazanılmış bütün uğurların kökündə sosial şəbəkələr özünəməxsus rol önəmli oynayır. Sosial şəbəkələrdə siyasi şəxslər klassik mediaya nisbətən daha rahatdırlar".   

Media ekspertinin sözlərinə görə bu gün sosial şəbəkələrin timsalında "informasiya bombardmanı" ilə üz-üzəyik: "Bunun da kökündə manipulyasiya dayanır. Sosial şəbəkələrin bir üstünlüyü də odur ki, bizə inanmadığımızı ortaya qoymaq üstünlüyünü verir". Rizvan Qənbərli həmçinin hesab edir ki, cəmiyyətdə baş verən proseslərə görə sosial şəbəkələri günahlandırmaq olmaz.   

 

 

    

X

XƏBƏRLƏR
BÖYÜT