Yolayrıcını keçmə qaydaları, sarı xətt və paytaxta daxil olan avtomobillər
17:18 – 02 May, 2017

Yaxın günlərdə Azərbaycanda İslam Oyunları Olimpiadası keçiriləcək. Oyunlar ərəfəsində sürücüləri maraqlandıran məsələlərdən əsasən yolayrıcını keçmə qaydaları, sarı xətt və paytaxta daxil olan avtomobillərə qoyulan məhdudiyyətdir. APA TV-nin "Avtoclub" layihəsinin növbəti buraxılışında bu məsələlərə aydınlıq gətirilib.

Verilişin qonağı Eldar Bəşirov söyləyib ki,  nizamlayıcı olan yerdə işıqforun və ya onun altında quraşdırılan üstünlük nişanlarının təsiri itir. "Hər bir sürücü mütləq nizamlayıcının göstərişini rəhbər tutmalıdır. İşıqfor varsa, altında yaşıl və qırmızı işıq, əksər hallarda onun altında üstünlük nişanları qoyulur. Bu zaman bəzi sürücülərdə elə təsəvvür yaranır ki, işıqforun altında qoyulan nişan əsasdır. Bəzi sürücülər ötmə qaydalarını həqiqətən də bilmir. Məsələn, nizamlanmayan yolayrıcılarında ötmə əməliyyatı aparmaq olar. Əgər biz baş yolda deyiliksə, yalnız ikitəkərli motosikletləri ötə bilərik. Yox, əgər biz baş yoldayıqsa əks yola çıxmadan ötmə əməliyyatı aparmaq olar. Bəzən birtərəfli yollar olur. Birtərəfli yollarda ötmə əməliyyatı aparmaq olar. Çünki əks yol yoxdur. Amma iki hərəkət istiqaməti olan üç zolaqlı yollarda əks yol var. Orta zolaq sola və geriyə dönmək üçündür. Sağ zolaq isə hərəkət istiqaməti üçün nəzərdə tutulub. Sol zolaq isə əks yoldur. Çox vaxt sürücülər 1-ci və 2-ci zolaq dolu olduğundan, 3-cü zolaqda əks yola çıxır".

Nizamlanan və nizamlanmayan yolayrıcılarının fərqindən danışan Eldar Bəşirov deyib ki, nizamlanan yolayrıcı dedikdə nizamlayıcı yəni DYP əməkdaşı tərəfindən nizamlanan vəziyyət nəzərdə tutulur: "Bir də işıqforların yaşıl və qırmızı işığı nizamlanan sayılır. Sarı rəng isə nizamlanmayan yolayrıcı deməkdir. Bu zaman həmin yolda vəziyyət işıqforun alt hissəsində olan nişanlara əsasən tənzimlənir. Bəzən işıqfor gecə saatlarında nizamlanmır, buna da əsasən regionlarda təsadüf edilir. Lakin bu zaman belə, vəziyyət işıqforun alt hissəsində quraşdırılan nişanlara görə tənzimlənir".

E. Bəşirovun sözlərinə görə Ümumiyyətlə bir yolayrıcında dörd kəsişmə ola bilər: "Məcburi hərəkət nişanları birinci kəsişmədə öz təsirini itirir. Əgər əlavə olaraq yerdə 1.18 nişanı və ya göydə 5.18 nişanı yoxdursa, məcburi hərəkət nişanın təsiri birinci kəsişmədə itir. Birinci kəsişmədən sonra düz əmredici nişan qoyulubsa, bu zaman biz sağa da, sola da, geriyə də dönə bilərik".

Yol ayrıcını keçmə qaydalarının pozulduğu halda nə qədər cərimə tətbiq olunur sualına cavab olaraq Eldar Bəşirov deyib ki,   İXM görə 3 bal 60 manat məbləğində cərimə ödənilir. "Yolayrıclarında sürücülər işqforun yaşıl işığının yanmasını rəhbər tutaraq düşünür ki, yola daxil ola bilərlər. Lakin bu tamam fərqli bir məsələdir. Ola bilsin ki, yaşıl işğın yanmasına səbəb yolayrıcında müəyyən tıxacın əmələ gəlməsi deməkdir".

Eldar Bəşirov onu da qeyd edib ki, sürücülük vəsiqəsi alan istənilən şəxs xüsusi imtahan verir. Müstəqil şəkildə hazırlaşan şəxslər də var.B kateqoriyasını almaq üçün yüngül minik avtomobili sürən hər hansı bir vətəndaş, xüsusi tədris keçmədən lazımi ünvana müvafiq qaydada müraciət edərək iki dəfə imtahan verə bilər".

Eldar Bəşirovun sözlərinə görə əksər sürücülər elə bilir ki, yaşıl işıq yanırsa yol onundur: "Lakin tıxac tam sovrulandan sonra bizə səlahiyyət verilir ki, yola daxil olaq. Bu hallarda mütəxəssislərin də rəyinə ehtiyac var".

Yaxın günlərdə Bakıda keçiriləcək İslam Oyunlarına toxunan qonaq, tədbirlə əlaqədar Bakının 14 küçə və prospektində xüsusi zolaqlar çəkildiyini bildirib: "Bu zolaqlar, oyunlara cəlb olunan avtomobillərin, eləcə də operativ nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulduğundan, həmin zolaqlarda digər avtomobillərin hərəkətinə may ayının 5-dən 25-dək  qadağa qoyulub. Bu zolaqlara çıxan sürücülər həmin yerdəki hərəkəti qadağan edən nişanın tələblərini pozacaqları halda İXM-nin 327.1 maddəsinə görə 40 manat məbləğində cərimələnəcəklər. Həmin zolaqlara əməkdaşlarımız tərəfindən nəzarət olunur və qadağanı pozan sürücülər barəsində elektron protokollar tərtib ediləcək".

E.Bəşirov onu da əlavə edib ki, rayon qeydiyyatında olan nəqliyyat vasitələrinə gəlincə, onların Bakıya daxil olması ilə bağlı məhdudiyyətlər hazırda da var. Lakin, mayın 5-dən buna nəzarət bir qədər də artırılacaq. Bir də, şəhər ərazisində yük avtomobillərinin, YDM-nə yanacaq daşıyan nəqliyyat vasitələrinin, eləcə də kommunal xidmət göstərən yük avtomobillərinin də ümumilikdə hərəkətinə may ayının 5-dən 25-dək axşam saat 22:00-dan səhər saat 07:00 qədər qadağa var". 

X

XƏBƏRLƏR
BÖYÜT