Boşanmaq istəyənlərin nikah müqaviləsi varsa...
16:22 – 04 May, 2017

Ailə müqəddəs bir anlayışdır. Amma son illərin statistik rəqəmlərinə əsaslansaq görərik ki, Azərbaycanda boşanmaların sayında artm müşahidə edilməkdədir. Bəs bunun səbəbi nədədir? Bunun  günahını fərddə, yoxsa cəmiyyətdə axtar lazımdır? APA TV-nin “Bizim həftə” layihəsinin növbəti buraxılışında bu məsələ ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib ki, nikahlar və boşanmalarla bağlı statistika heç də ürək açan deyil: “2016-cı ildə 668000 nikah bağlanıb, 13.100 boşanma halı qeydə alınıb. Təqribi götürsək hər 5-6 nikaha bir boşanma düşür. Əvvəlki illərlə müqayisədə bu heç də qənaətbəxş hal deyil”.

Hüquqşünas Paşa Səfərov deyib ki,  nikahın pozulmasına səbəb olan amillər əsasən sosial-məişət mübahisələridir: “Ər-arvad bunu artıq öz aralarında razılaşdıra bilmir və mübahisəni qanuni yolla həll etmək istəyirlər. Buna görə də məhkəməyə, eyni zamanda müvafiq qeydiyyat şöbələrinə müraciət edirlər”.

Psixoloq Aygün Cəfərovanın sözlərinə görə boşanma halının kökündə şəxsiyyətlərin bir-birinə uyğun olmaması dayanır: “Ailələr var ki, 10-15 il uşaqları olmur, amma onu problem eləmirlər. Ailə var ki, qadın kişinin hərəkətlərinə göz yumur. Qarşı tərəflər çox vaxt “yaşım ötür, evlənirəm”, “anam bəyənib, evlənirəm”, “yaxşı qızdır”, “evi var, maşını var” kimi fikirlərlə evlənirlər. İki insan bir-birinə dəyər vermirsə, heç bir madiyyat bunu əvəz edə bilmir”. Psixoloq iddia edir ki, əgər əvvəllər daha çox qadınlar analarına söz aparırdılarsa, indi bunu daha çox kişilər edir: “Ailə birliyi bu gün ailələrdə yoxdur. Bu ailə tərbiyəsindən gəlir”.

Taliyə İbrahimova isə söyləyib ki, ən son qəbul edilən qaydalardan biri, nikaha daxil olmaq istəyən cütlüklər icbari tibbi yoxlanışdan keçirlər: “Amma rəsmi olaraq cütlüklər üçün hər hansı psixoloji testdən keçmirlər. Özləri müraciət edib, keçə bilərlər. Doğrudan da boşanan ailələrin əksəriyyətində həm xasiyyət, həm də uşağın olmaması əsas gətirilir. Bu cür insanlara baxanda görürük ki, onların əksəriyyəti kor-koranə şəkildə, kiminsə məsləhəti ilə ailə qurublar. İnsanların təhsilindən də çox şey asılıdır”. T. İbrahimova nikaha daxil olan insanların məsuliyyəti dərk etmələrinin vacib olduğunu vurğulayıb.

Paşa sözlərinə görə Azərbaycan qanunvericiliyində nikahın pozulması ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur: “İstənilən şəxs məhkəməyə müraciət edə bilər. Məsələn bizə yaxın olan Türkiyədə məhkəməyə müraciət etmək üçün 6 səbəb olmalıdır, əks halda o səbəblər yoxdursa, öz təsdiqini tapmırsa, o zaman nikahın pozulması imtina edilə bilər. Bizdə məhkəmə tərəflərin bir yerdə yaşamağının mümkün olmaması səbəbindən onları boşayır”. Hüquqşünas nikahı pozmaq istəyən şəxslərlə öncədən dialoq apardığını söyləyib: “Çox zaman qarşı tərəflər məhkəməyə gəlmir, qanun buna imkan verir. Qarşı tərəf məhkəməyə gəlmirsə, məhkəmə qanunvericiliyə görə onlara 3 ay vaxt verir”.

Verilişə telefon bağlantısı ilə qoşulan millət vəkili Aqiyə Naxçıvanlı hesab edir ki, milli dəyərlərin itirilməsi, ailə qurarkən riskin düzgün qiymətləndirilməməsi, evlilik yaşının aşağı düşməsi və bu kimi digər amillər nikahların son illərdə pozulmasına səbəb olur: “Ailə təkcə iki adamın bir yerdə yaşaması deyil, eyni zamanda onların övladları deməkdir. Natamam ailələlərin uşaqları fərqli olurlar. Erkən yaşlarında aldıqları travmalar, onların cəmiyyətə aqressiv fərd kimi inteqrasiyasına səbəb olur. İnsanlar dəyərlərimizdən çox uzaqlaşıblar”. A. Naxçıvanlı sözlərinə görə gənclərin toydan topladıqları külli miqdarda vəsaiti rəqs öyrənməyə, müxtəlif şəkillər çəkdirməyə sərf etməsi düzgün deyil: “Bunun əvəzinə birgə yaşayış zamanı problemləri, riskləri qiymətləndirmək yaxşı olardı. Azərbaycan qanunvericiliyndə ailə məsələləri ilə bağlı boşluq yoxdur”.

Aygün Cəfərova iddia edir ki, 70-80% ailələlərin dağılmasına əsas səbəb kənar müdaxilələrdir.: “İkinci, üçüncü şəxslər müdaxilələr edirlər, öz baxış tərzlərinə, subyektiv fikirlərinə görə. Təbii ki, münaqişələr başlanır”.  A. Cəfərova onu da əlavə edib ki, insanlar dərk edərək ailə qurmağa qərar versələr, boşanmaların  qarşısı alına bilər.

Taliyə İbrahimova söyləyib ki, boşanmaların baş verməsində daha çox rast gəlinən səbəb xasiyyətlərin uyğunsuzluğudur: “Boşanma sosial məsələdir. Qadınlar boşanma prosesində çox əziyyət çəkirlər. Əksər xanımlar əlverişsiz vəziyyətdə olanlardır. Komitəyə edilən müraciətlərdə həyat yoldaşının narkoman olması, içki içməsi və s. səbəblər ortaya çıxır. Üstəlik xanımın hüququ olmur ki, mal-mülk tələb etsin”.

Paşa Səfərov boşanma prosesi dövründə nikah müqaviləsinin vacib sənəd olduğunu vurğulayıb: “Şərt o deyil ki, tərəflər bir-birini sevib, nikaha girsinlər. Nikah müqaviləsi tərəflərin sonrakı həyatında məsuliyyəti müəyyənləşdir. Əgər atanın hər hansı əmlakı yoxdursa, ananın ondan nəsə tələb etməsi düzgün deyil”  

X

XƏBƏRLƏR
BÖYÜT