Oynaqlarda ağrı, qızartı, şişkinlik nələrdən xəbər verir?
17:23 – 05 May, 2017

“Oynaqlarda ağrı, şişkinlik revmatik xəstəliklərin əsas əlamətləridir. Bu gün əhali arasında revmatik xəstəliklər geniş yayılıb. Revmatik xəstəliklər sistem xəstəliyidir. Yəni bu,  təkcə əzələnin, oynağın, yaxud yumşaq toxumanın xəstəliyi deyil”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında daxili xəstəliklər uzmanı Çinarə Səfərova deyib.

 

Mütəxəssis bildirib ki, revmatik xəstəliklər lokal olaraq bir orqanı əhatə etmədiyindən bu problemlə yanaşma da kompleks şəkildə olmalıdır.

 

O, revmatoloji xəstəliklərin təsnifatı haqda danışaraq bu sırada revmatoid artrit, Reyno sindromu, Bexterev, Behçet, podaqra və s. bir çox xəstəliklərə rast gəlindiyini deyib.

 

Onun sözlərinə görə, müraciətlərə əsasən, bu gün revmatoid artrit, qırımızı qurd eşənəyi xəstəliklərinin daha geniş yayıldığını demək olar.

Ç. Səfərova revmatoid artritin daha çox özünü səhər yuxudan oyananda əl, bilək oynaqlarında tutulmanın yaranması, ağrı ilə büruzə verdiyini deyib. “Bu ağrılar simmetrik olaraq hiss edilir. Əl darağı sümüyü oynaqlarında hərəkət zamanı ağrı yaranır. Əli tam büküb aşmaq olmur. Bundan başqa, xəstələr səhərlər yataqdan durmağa əziyyət çəkirlər. Yataqda hərəkət edirlər ki, oynaqlar açılsın. Təxminən yarım saat sonra oynaqlarda açılma  olur. Bütün bunlar revmatoid artridin xarakterik əlamətləridir”.

 

Onun sözlərinə görə, yaz və payız aylarında, mövsüm dəyişikliyi baş verəndə, rütubətli havalarda diz, qurşaq, çanaq, ayaq oynaqlarında ağrıların kəskinləşməsi baş verir: “Çünki yaz və payızda bədənimizin adaptasiya hormonlarında oynama olur. Təbiətdə birdən-birə yaranan dəyişiklik orqanizmə də təsir edir və oyanma yaradır.  Hormon az olanda adaptasiya prosesinin tam getməsinə əngəl yaranır və şikayətlər ortaya çıxır. Bu daha çox yazda baş verir. Çünki qışda bədənin vitamin ehtiyatı azalır, bu isə hormonlara təsir edir. Bədənin immun sistemi bu şəkildə reaksiya verir. Oynaqlarda şişkinliklərin, qızartı, ağrının yaranması bundan irəli gəlir”.

 

Amma mütəxəssis deyib ki, ağrı olmadan da revmatik xəstəliklərin inkişaf etməsi mümkündür.

 

Revmatik xəstəliklərin inkişafında genetik amillərin rolu haqda danışan həkim onu da bildirib ki, uşaq yaşlarında tez-tez angina keçirilməsi, uşağın ildə 6 dəfədən çox angina olması, temperaturun yüksəlməsi revmatik xəstəliklərin inkişafı üçün zəmin ola bilər. Onun sözlərinə görə, belə hallarda badamcıqların qoruyuculuq mexanizmi sıradan çıxır və tonzilalar infeksiya mənbəyi olur. Belə hallarda isə tonzillektomiya əməliyyatlarının aparılması qaçılmazdır.

 

Mütəxəssis revmatik xəstəliklərin müalicəsində kompleks yanaşmağın vacib olduğunu deyib: “Yəni oynaq ağrıyırsa, oynağı müalicə etməklə iş bitmir. Oynaqlarda problemi yaradan amili aradan qaldırmaq lazımdır. Problemə hərtərəfli yanaşma olanda uğurlu nəticələr əldə etmək mümkündür”.

 

 

Revmatik xəstəliklərin xeyli gəncləşdiyini qeyd edən həkim bildirib ki, burada qidalanma rejiminin pozulması, gənclərin fast-food qidalara, qazlı içkilərə üstünlük verməsi də rol oynayır: “Eyni zamanda stress amilinin də rolu  var. Bütün bunlar immun sisteminin zəifləməsinə səbəb olur. Nəticədə bədən öz hüceyrələri ilə mübarizəyə başlayır”.

 

Həkim onu da deyib ki, qadınlarda revmatik problemlərlə bağlı kəskinləşmə daha çox 45 yaşdan sonra yaranır. Bu isə qadın cinsi hormonu olan esterogenin azalması ilə əlaqələndirilir: “Bu hormon qadının qoruyucusudur. Bu hormonun ifrazı azalanda  xəstəliklər şiddətlənməyə başlayır”.

 

Geniş yayılan revmatik problemlərdən birinin də podaqra olduğunu açıqlayan mütəxəssis qeyd edib ki, bu daha çox ayaq baş barmağı oynağında özünü göstərir:

 

“Revmatoid artrit bütün oynaqları əhatə edə bilir, simmetrik olaraq yayılır. Amma podaqra zamanı problem konkret oynaqlarda özünü büruzə verməyə başlayır.  Zaman-zaman dar ayaqqabı geyinən insanlarda ayaq oynaqlarında deformasiya yaranır, bu isə orada  kristalların toplanmasına şərait yaradır”.

 

Onun sözlərinə görə, kişilər bu problemdən daha çox əziyyət çəkirlər. Bu, daha çox alkoqol, qırmızı ət qəbulu ilə əlaqədar mübadilə pozğunluğunun yaranmasından irəli gəlir: “Əslində podaqra metabolizm prosesinin pozulması nəticəsində yaranır. Yəni ayağın baş barmağında, yaxud da böyük oynaqlarda olan podaqra bütün bədənin zədələnməsi nəticəsində yaranan problemdir”.

 

Qırmızı qurd eşənəyi xəstəliyinin gizli inkişaf etməsinin mümkün olduğunu deyən Ç. Səfərova qeyd edib ki, bu, hamiləliyin pozulması, təzyiqin yüksəlməsi,  böyrəklərin zədələməsi və bir sıra problemlərə yol açır.

 

Mütəxəssis onu da deyib ki, revmatik xəstəliklərin xronikləşməsi ən böyük problemlərdən biridir: “Xəstəlik xronikləşərsə, müalicədə problem yaranır”.

 

Onun sözlərinə görə, revmatik xəstəliklərə bağlı olaraq oynaqlarda yaranan degenerativ proseslərin qarşını almaq mümkündür. Bunun üçün müalicələrlə yanaşı bədənin kalsium və D vitamini ehtiyatının yaradılması vacibdir. Kalsiumlu qidaların qəbulu ilə bərabər Günəş şüalarından yararlanmaq da mühüm əhəmiyyət kəsb edir.

 

Revmatik xəstəliklərin diaqnostikası barədə danışan həkim klinik şikayətlərə uyğun olaraq bir çox revmatik testlərin olduğunu deyib və əlavə edib ki, bu testlərlə dəqiq diaqnoz qoymaq və buna müvafiq olaraq müalicə aparmaq lazımdır.

 

 

Həkim onu da deyib ki, revmatik xəstələrin çoxunda anemiya müşahidə edilir.

 

Revmatik xəstəliklərdən əziyyət çəkənlər üçün idman və fizioterapiyanın  əks göstəriş olması fikri ilə razılaşmayan mütəxəssis deyib ki, əslində bu xəstəliklərin kəskin dövründə idman hərəkətləri, fizioterapiya kursu məsləhət görülmür. Amma müalicə nəticəsində kəskinləşmə aradan qalxandan sonra idman hərəkətləri də, fizioterapiya kursunun aparılması da mümkündür...

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT