ANA: “Böyrəklərimi və ürəyimi balamın yaşaması üçün verməyə hazıram...” – HƏYAT DRAMI
13:34 – 08 May, 2017

Rəşad Bilalov:  “Bu yaşamaq deyil...”

 

Rəşad Bilalov 1984-cü il iyunun 21-də Gürcüstanın Dmanisi rayonunda anadan olub. 5 yaşından ailəsi ilə birgə Bakıya köçüb yaşamağa başlayıb. 11 illik orta təhsil alıb, hərbi xidmətə gedib, əsgərliyini çəkib. Gənc yaşından hər işdə çalışıb. 7 il əmisi ilə birgə Rusiyada işləyib. Bakıya qayıdıb və 2013-cü ildə ailə qurub, İndi özünün 32, övladının 2 yaşı var.  Bir ildən artıqdır ki, böyrək çatışmazlığından əziyyət çəkir Rəşad. Bu xəstəliyə düçar olandan həyatı sanki proqramlaşdırılıb. Həftənin üç günü dializə gedir. Həyatı dializ aparatından asılıb qalıb onun. Amma yenə də körpəsinə atalıq, anasına oğulluq etmək ümidini itirməyib. Rəşada təcili böyrək köçürülməlidir.

 

Dializ bəlkə də bu cür xəstələr üçün ən dəhşətli prosedurdu - deyir Rəşad. Çəkiliş apardığımız həmin gün də dializdən gəlmişdi qəhrəmanımız. Ağır prosesdən dolayı sol qolu əsirdi, bunu görmək ağrılı idi.

 

Rəşad: “Xəstələnəndən  sonra I qrup əlillik verdilər. İş qabiliyyətim sıfıra bərabərdir. Kənar şəxsin köməyi olmadan alınmır. Dolanmaq da çətindir”.

 

Özünü ailəsinin, övladının varlığı ilə sakitləşdirir. Deyir onlar olmasa dözə bilmərəm bu gərginliyə: "Ailəmdən, yaxınlarımdan hamı öz böyrəyini mənə verməyə hazır idi, amma heç biri uyğun gəlmədi".

 

Rəşadın əməliyyatı üçün 40 min manata yaxın pul lazımdır. Atasını bir neçə il əvvəl itirən Rəşadın ailəsi imkansızdı. Maddi kömək olsa onu xaricdə əməliyyat etdirmək mümkündür: “Düşünürsən ki, bu heç zaman bitməyəcək. Sonu görünmür bu yolun. Bir gün dializə getməsən pisləşirsən. Demək olar ki, həyat yaşamırsan”.

 

Anası Zemfira Bilalova deyir ki, uşaqlarını halal zəhmətlə böyüdüb, boya-başa çatdırıb. İndi - 31 ildən sonra əziyyətlə böyütdüyü övladının həyatda qalmaq üçün savaşını izləmək onun ürəyini dağlayır. Bir il hər yerə müraciət edib övladı üçün. Uyğun donor yoxdur deyə oğlunun əməliyyatı mümkün olmayıb.

 

Deyir həm mənəvi, həm cismani əziyyət çəkir Zemfira ana: “Rəşad yatır, onun ayaqları altında qıvrılıb balama baxa-baxa qalıram ki, nəsə istəyər, yanında olmaram”.

 

Bununla belə ana oğluna xəstəliklə mübarizə aparmaq üçün dəstək də olur: “Yatanda deyir mama getmə, uzan yanımda. Onda hiss edirəm ki, o, qorxur. Çox qorxur.

Çalışıram ki, heç əziyyət çəkməsin, mən anayam, qoy mən çəkim bütün əziyyətini”.

 

Aramsız göz yaşları sakitləşdirmir ananın yanğısını. Balama kömək edin, yaşasın, deyir:  “İmkanlı şəxslərdən xahiş edirəm, balama kömək eləsinlər. Mən hər iki böyrəyimdən də, ürəyimdən də keçməyə hazıram, təki balam yaşasın”.  

 

Bütün sözlərin bitdiyi andır, bu hayqırtı... Körpəsi atasız böyüməsin deyə Rəşad özü də üz tutub insanlara müraciət edir: “Daha çox övladım üçün yaşamaq istəyirəm. Axı o, hələ balacadır, onun üçün heç nə edə bilməmişəm..."

 

Ailənin ümidi yalnız xeyirxah insanlaradır! Rəşad Bilalova yardım etmək istəyənlər göstərilən hesab nömrələrinə pul köçürə bilərlər. 32 yaşlı bir oğulun yaşaması üçün xaricdə böyrək köçürmə əməliyyatını həyata keçirmək lazımdır! Bunu etmək mümkündür.   

 

 

 

Kapital Bank

 

Valyuta:                    AZN

 

Benefisiarın Bankı: Kapital Bankı ASC Qara Qarayev filialı

 

Filialın Kodu:           200145

 

VÖEN:                       9900003611

 

SWIFT kod:               AIIBAZ2X

Müxbir hesab:          AZ37NABZ01350100000000001944

 

Benefisiarın adı:       Zemfira Bilalova Cəlal

 

Hesab N:                   AZ06AIIB41010019440047735114

 

 

Ünvan: Bakı şəhəri, Qara Qarayev pr.29

Tel:      (012) 421 14 27 

X

XƏBƏRLƏR
BÖYÜT