Şagirdlərin döyülməsi hansı fəsadlara səbəb ola bilər?
17:41 – 08 May, 2017

“Hal-hazırda Azərbaycanda Təhsil Nazirliyinə tabe olan 4481 orta ümumtəhsil məktəblərində 151 min müəllim 1,6 milyon şagirdə dərs deyir. Bu da ölkə əhalisinin böyük hissəsini əhatə etdiyinə görə müəllim-şagird münasibətlərində zaman-zaman xoşagəlməz hallara rast gəlinir”.

 

"Sosium" proqramının qonağı təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, aparılan araşdırmalardan məlum olub ki, 2016-2017-ci tədris ilində müəllimlər tərəfindən şagirdlərə bu və ya digər formada 49 zorakılıq halı qeydə alınıb. “Bu zorakılıq faktlarından 40-ı regionda qeydə alınıb. Aparılan araşdırmalar göstərir ki, daha çox fiziki zorakılıq hallarına hərbi, bədən tərbiyəsi, tarix, riyaziyyat, fizika və riyaziyyat müəllimləri yol verir. İbtidai sinif müəllimləri arasında da zorakılığa yol verən bir neçə müəllim var. Bakı şəhəri üzrə zorakılıq hallarına yalnız bir neçə məktəbdə ibtidai sinif müəllimləri tərəfindən yol verilib. Zorakılıq hallarına yol verənləri cinsiyyətinə görə bölsək, böyük əksəriyyəti 90% kişi müəllimlərin payına düşür. Yaş kateqoriyasına gəlincə, yaşı 35-dən yuxarı olanlar daha çox zorakılığa yol verir”.

 

K.Əsədov deyir ki, “Müəllimlərin etik davranış qaydaları”na görə, müəllimin şagirdə qarşı hər hansı zorakılıq halına yol verməsi qadağandır. “Müəllimin öz davranış qaydaları ilə auditoriyanı idarəetmə qabiliyyətini ortaya qoymalıdır. Heç bir halda müəllimin şagirdə qarşı zorakılığına haqq qazandırmaq olmaz. Kimlərsə deyə bilər ki, əmək haqqı az olduğuna görə müəllim sosial problemlərini auditoriyaya gətirir. Bu bir bəhanədir və heç bir halda bu müəllimin şagirdi döyməsinə əsas vermir. Çox təəssüf ki, bizim müəllimlərdə “empati” deyilən bir hiss yoxdur. Yəni, müəllim özünü başqasının yerinə qoya bilmir.  Zorakılıq edən müəllimlər deyir ki, bu zorakılıq halları Sovet dövründə də olub. Əvvəlki dövrdə bizdə tədris proqramı başqa dəyərlər üzərində qurulmuşdu. Artıq 2009-ci ildən bəri ölkədə tədris şəxsiyyətyönümlü istiqamətdə qurulub. Biz artıq layiqli şəxsiyyət yetişdirməli, şəxsiyyətin ləyaqətini alçaldan hərəkətlərə yol verməməliyik”, - deyə K.Əsədov vurğulayıb. Onun sözlərinə görə, müəllimin şagirdi cəzalandırmaq üçün bir neçə cəza metodu seçmək imkanı var. K. Əsədov vurğulayıb ki, bu cəza metodlarına tənbeh, xəbərdarlıq, valideyni məktəbə dəvət etmək, sinfin və ya məktəbin dəyişdirilməsi aiddir.

 

Zorakılıq hallarına yalnız dövlət ümumtəhsil məktəblərində yol verildiyini deyən təhsil üzrə ekspert hesab edir ki, özəl məktəblərdə zorakılıq hallarının olmaması burada məktəbin düzgün idarə olunması və psixoloqlarla işin düzgün qurulması ilə bağlıdır. 

 

“Sosium” proqramının qonağı, psixoloq Könül Cəfərova insan tərbiyəsində fiziki zorakılığa yol verilməsini məqbul saymır. “Müəllimlər tərbiyə üsulu kimi mükafatlandırma və cəzalandırma metodlarını seçə bilər. Bu cəzalandırma növü şagirdlərin sevdiyi şeylərdən məhrum etmək, mükafatlardan məhrum etməkdən ibarət olmalıdır. Heç bir halda şagirdin digər şagirdlər qarşısında ləyaqətini alçaltmaq olmaz. Burdan bütün müəllimlərə səslənərək deyirəm ki, siz bu ixtiyara sahib deyilsiniz. Şəxsiyyətin inkişaf mərhələsində müəyyən böhranlı dövrlər var ki, müəllimlər bunu nəzərə almalıdır. Əgər bu periodik keçid dövrlərindən biri 1-3 yaş arasındadırsa, digər keçid dövrü yeniyetməlik dövrünü əhatə edir. Yeniyetməlik dövründə uşaqlarda həm psixoloji, həm də fiziki dəyişikliklər baş verir. Həmin psixoloji və fiziki dəyişikliklər fonunda uşaqlarda aqressiv davranış halları ola bilər. Müəllimlər bununla bağlı məlumatlı olmalı və şagirdə ilk növbədə pedaqoq kimi yox, valideyn kimi yanaşmalıdır”.

 

Psixoloqun fikrincə, fiziki zorakılıq gələcəkdə uşaqlarda özünə inamın azalmasına səbəb olur və sağlam şəxsiyyət kimi yetişdirilməsinə maneə yaradır. K.Cəfərova qeyd edib ki, fiziki zorakılığa yol vermiş müəllimlər psixoloq məsləhətlərinə qulaq asmalıdır: “Fiziki zorakılığa yol verilən zaman günah təkcə şagirddə olmur. Bu onu göstərir ki,belə hala yol verən müəllimlərin də psixikasında ciddi problemlər var. Bunun üçün məktəb psixoloqları hər zaman aktiv olmalıdır. Psixoloqlar şagirdlərlə yanaşı, müəllimlərin də psixoloji vəziyyətini dəyərləndirməli və öz məsləhətlərini verməlidir”.  

X

XƏBƏRLƏR
BÖYÜT