Tərbiyəsizliyin fəsadları...
15:30 – 12 May, 2017

Tərbiyə cəmiyyətin mühüm əxlaqi kodeksidir. Bəs kodeksə əməl etmək lazımdır? Tərbiyə prosesində vacib olan nədir? APA TV-nin "Bizim həftə" layihəsinin növbəti buraxılışında insanın tərbiyəsi, cəmiyyət və ətraf mühitlə münasibətləri, həmçinin tərbiyəsizliyin fəsadlarından danışılıb. 

 

Tam orta məktəbin direktoru Könül Həsənova söyləyib ki, tərbiyə prosesində məktəbin rolu olduqca böyükdür: "Əgər uşaq ailədə həyatının məişət anlarını keçirirsə, artıq məktəbə hazır formada gəlir. Məktəb müəllimin üzərinə düşən vəzifə cəmiyyət üçün layiqli övladlar yetişdirməkdir. Amma tərbiyə ailədən başlanır. Ona görə də məktəb ilə ailə psixoloji mühit baxımından həmrəy olmalıdır". Lalə  Hüseynovanın sözlərinə görə çətin tərbiyə edilən uşaqlar üçün məktəbdə psixoloji kabinet fəaliyyət göstərir.

 

İlahiyyatçı Samir Ağayevə görə Allah peyğəmbərləri ona görə seçib göndərmişdi ki, insanları bir növ tərbiyələndirsin, onların daxili aləmini saflaşdırsın: "Bu mövzu Qurani-Kərimdə hər tərəfli şəkildə müzakirə edilmişdir. İslamda təlim-tərbiyə əsas sahələrdən biridir. Peyğəmbərin hamısı bu iş üçün ezam olunmuşlar. Allah özünü də Qurani-Kərimdə tərbiyəçi hesab edir".

 

Psixoloq Lalə Hüseynova hesab edir ki,   valideynin uşağa həddindən artıq sevgi verməsi, yaxud avtoritar olması arasında balanslaşdırma olmalıdır: "Bu ikisinin balansının qorunmaması nəticəsində uşaqlarda davranış pozuntusu yaranır. Hər bir insanın beynində şüuraltı bir sahə var. Ananın hamiləlik dövründən, 3 aydan etibarən bütün hisslər, əsəb ora yazılır". Lalə Hüseynova valideynlərin övladlarına uşaq yaşlarından qorxulu sözlər söyləməsinin əleyhinə olduğunu bildirib: "Bu valideynlərin övladlarını "yatmasan xoxan gələr" və s. sözlərlə qorxutması ilə bağlıdır".  Psixoloq həmçinin onu da vurğulayıb ki, valideynlər öz rəftarında övladlarına müstəqil yanaşmalıdırlar: "Yüz dəfə "əllərini yu" deməkdənsə, bunu valideyn özü göstərməli və övladı ilə bərabər əllərini yumalıdır".

 

Könül Həsənovanın sözlərinə görə hazırda məktəblərdə şagirdlərə qarşı humanist mövqe nümayiş etdirən müəllimlər çoxdur: "Müəllimlərin etik davranış qaydaları var. Amma evdə valideynin uşağı nəzarətsiz qoyması, sosial şəbəkədə hansı sayta baxdığına əhəmiyyət verməməsi gələcəkdə fəsadlara gətirib çıxarır. Evdə ata ilə ana həmfirkir olmalıdırlar. Uşağın yanında fikir ayrılığını büruzə verməməlidirlər". K.Həsənovanın fikirlərinə görə cəmiyyətdə baş verən dəyişiklik, özünü bilavasitə şagirdlərdə də göstərməkdədir.

 

İlahiyyatçı Samir Ağayev bildirib ki, Qurani-Kərim bir sahəyə aid kitab deyil, insan, şəxsiyyət yetişdirən tərbiyə kitabıdır. "İman faktorundan bütün peyğəmbərlər istifadə edib. Yaradılışın hədəfi ilə tanış etmək, Allahla tanış etmək imanın mərhələsidir. İslamda, dünyada qəbul edilmiş norma belədir ki, insan hansısa əxlaqi normanı aşırsa, tərbiyəsizlik edirsə, onun müəyyən psixoloji səbəbi var. Dəyərlər üzərində çalışsa, insan tərbiyələnə bilər. Tərbiyəni napak insanlara tapşırmaq olmaz". Samir Ağayev onu da əlavə edib ki, insan tərbiyələnmək üçün çalışsa, bütün yaşlarında buna nail ola bilər: "Bu barədə hədislərimizdə də var". İlahiyyatçı deyib ki, Peyğəmbərimizin öz məqsədinə nail olması düzgün tərbiyəçi olmasından irəli gəlirdi.    

 

Lalə Hüseynova hesab edir ki, uşağın tərbiyəsi 9 yaşdan sonra müəyyən mənada çətinləşir: "Uşaq daha pis yollara əl atanda valideyn başlayır psixoloq axtarmağa. Uşaqlar ona görə nadinc davranış edirlər ki, valideynlərinin diqqətini çəksinlər, özlərini göstərsinlər. Hər bir uşağın səhv hərəkəti olanda, valideyn onu vuranda uşaqda aqressivlik əmələ gəlir". 

 

Könül Həsənova hesab edir ki, tərbiyəsizliyin fəsadları daha çox cəmiyyətə, daha sonra fərdin özünə dəyir: "Tərbiyəsizlik cəmiyyətə həm maddi, həm də mənəvi ziyan vurur".

 

Lalə Hüseynovanın sözlərinə görə tərbiyəsizliyin fəsadları, fərdin həm özünə, ailəsinə, həm də cəmiyyətə olur: "Amma ən böyük təsir fərdin özünə olur. AMma stress nə qədər çox uzaq olduqca, xoşbəxtlik hormonu daha çox ifraz olunur". 

 

 

 

 

 

 

 

 

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT