Dünyanın siyasi trendləri: seçkilər və münaqişələr
16:49 – 12 May, 2017

Ötən həftənin gündəmi çox zəngin olub. Dörd illik fasilədən sonra Rusiyanın Xarici işlər naziri Birləşmiş Ştatlara səfərə gedib, Ağ evdə görüşlər keçirib. Fransada prezident seçkiləri 39 yaşlı Fransua Makronun qələbəsi ilə başa çatdı. Böyük Britaniya isə Baş nazirin vədlərinə rəğmən növbədənkənar seçkilərə gedir. Daha bir ölkə, qonşumuz İran prezident seçkiləri ərəfəsindədir. Türkiyə Birləşmiş Ştatlar münasibətlərində gərginlik davam edir. Birləşmiş Ştatlar Suriyada Əsədə və İŞİD-ə qarşı döyüşən kürd terrorçularına ağır texnika vermək barədə qərar qəbul edib. Türkiyənin Rusiya ilə münasibətlərində də soyuqluq qalmaqdadır. APA TV-nin “Panoram” layihəsinin növbəti buraxılışında bu məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Politoloq Elşad Mirbəşiroğlunun sözlərinə görə Lavrovun Birləşmiş Ştatlar səfərini tam əhəmiyyətsiz adlandırmaq olmaz: “Bu ondan xəbər verir ki, Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında dialoqa cəhdlər mövcuddur. Bunun özü diqqəti cəlb edəcək bir məqamdır. Rusiya ilə Amerika arasında münasibətlərin normallaşması baxımından müəyyən istəklərin olması və addımların atılması müsbət dəyərləndirilə bilər. Putinlə Tramp arasında görüşün keçirilməsi nəzərdə tutulub”. Politoloq hesab edir ki, bu gün Amerika ilə Rusiya arasındakı əsas müzakirə məsələsi Suriyanın üzərindədir: “Hər iki tərəf gələcək talelərini Suriyada cərəyan edən proseslərin axarına bağlayıb. Çünki Suriyanın ərazisində vahid dövlət olmyacaq. Suriya nəzarət ərazilərinə bölünəcək. Suriyada nə Amerika Birləşmiş Ştatları, nə də Rusiya özünü mütləq təsir gücü kimi hiss etmir”. Politoq onu da vurğulayıb ki, Amerika Birləşmiş Ştatları Rusiyanı güc sahibi kimi qəbul etməkdədir: “Səfərlər mübadiləsi Rusiya ilə ABŞ arasında dialoqun mümkünlüyündən xəbər verir. Amma Amerika Birləşmiş Ştatları əvəlki kimi israrlı görünmür, öz mövqelərini qoruyub saxlamağa çalışır. Rusiyanın da əsas məqsədi odur ki, Bəşər Əsədin nəzarəti altında olan əraziləri öz nəzarətində saxlaya bilsin”.

Elşad Mirbəşiroğlu hesab edir ki, Fransada keçirilən son seçkilərdə yeni seçilmiş Makronun Rusiyanın əleyhinə fikirlər səsləndirməsi, Avropada keçirilən bütün kampaniyaların Putinin nəzarəti altında olması kimi qəbul edilir: “Belə çıxır ki, Rusiya artıq yeni müstəvidə, informasiya-kommunikasiya müstəvisində uğurlu addımlar atmaqdadır. Avropada gedən proseslərə açıq şəkildə müdaxilə edə bilir və Avropa bundan qorxur. Görəsən bu belədirmi?” Politoloqun bu qənaətdədir ki, Fransada keçirilən son seçkilər heç də Avropada demokratiyanın mövcud olmasından xəbər vermir, seçkilər müəyyən dairələr tərəfindən idarə olunur: “Artıq Avropada seçkilər tam nəzarət altında gedir”.

Politoloq Fransada keçirilən seçkilərdə Makronun ulduza çevirlməsi media maqnatlarının onu dəstəkləməsi ilə əlaqələndirir: “Ollandın prezidentliyi dövründə ölkə iqtisadiyyatı pis günlərini yaşadı. Makronun da ölkənin iqtisadiyyatı ilə bağlı ciddi proqramı yoxdur”. Elşad Mirbəşirli hesab edir ki, prezidentliyə namizəd Mari Le Penin seçki öncəsi Avropa İttifaqından çıxmaqla bağlı qərarını açıqlaması, məğlubiyyətinin əsas səbəbi oldu: “Elə Fransa günü kimi potensial bir dövlətin İttifaqın tərkibində olması, Fransanın özündən daha çox, digər dövlətlərə lazımdır. Bu baxımdan yüksək dairələr Makronun qələbəsində maraqlı idilər. Makron Ollandın kabinetindən çıxdığı üçün, Fransanın mövqeyində dəyişiklik müşahidə etməyəcəyik. Makron Ollandın cavan formasıdır”. Politoloq bu fikirdədir ki, Makronun seçilməsini, bir növ Rusiyanın məğlubiyyəti kimi dəyərləndirmək mümkündür: “Buna baxmayaraq, Avropada ultrasağçılıq meylləri güclənməkdədir”.

Böyük Britaniyanın növbədənkənar seçkilərə getməsi məsələsinə münasibət bildirən Elşad Mirbəşiroğlu bildirib ki, Böyük Britaniyanın Avropa İttifaqının sıralarını nə zaman tərk edəcəyi hələ də sual altındadır: “Böyük Britaniya de-yure Avropa İttifaqının sıralarını təkr etsə də, de-fakto Avropa İttifaqının sıralarındadır. Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi, bütövlükdə İttifaqın dağılmasına gətirib çıxaracaq. Sistem o qədər sıx əlaqəli şəkildə formalaşmışdır ki, sistemdən qopmaq onu laxladacaq. Bu gün siyasi inteqrasiya yoxdur. Avropa İttifaqında bu gün mədəni inteqrasiyadan danışmaq olar”. Politoloq iddia edir ki, siyasi inteqrasiyanın olmadığı şəraitdə Avropa İttifaqının dağılması qaçılmazdır.  

Elşad Mirbəşirli İranda keçiriləcək prezident seçkilərindən də danışıb. O deyib ki, seçkilər İran cəmiyyəti üçün həlledici bir məsələdir: “İranda prezident seçkiləri keçirilən zaman, İranın xarici müstəvidəki davranışları nəzərə alınır. Qərblə kim dil tapacaq? Və yaxud Rusiya ilə Qərb arasında tarazlığı kim saxlaya biləcək? Namizədlərin müəyyənləşdiyi zaman Ali dini liderin mövqeyi vacibdir. Əhməd Nejadın namizədliyi qeydə alınmadısa, deməli seçkilərin nəticəsi bəllidir”. Politoloq hesab edir ki, Həsən Ruhaninin növbəti müddətə prezident seçilməsi mümkündür.

     

 

 

    

X

XƏBƏRLƏR
BÖYÜT