Əməkdar artist oğluna görə xəstəliyə tutuldu
17:43 – 16 May, 2017

“Xəstəyəm, səhhətimlə bağlı efirlərə də çıxmıram. İkinci qrup əlil, şəkər xəstəsiyəm”. Bu sözləri “APA.TV”-nin “Show time” verilişində qonaq olan Azərbaycan Dövlət Kukla teatrının aktyoru, əməkdar artist Rəhman Rəhmanov deyib. O, bildirib ki, səhhəti ilə bağlı bir çox efirlərdən imtina edir: “Ayaqlarım da yaxşı işləmir. Sağ olsunlar ki, məni bu vəziyyətdə sayıb, efirə dəvət edirlər. Ayaqlarımın yaxşı olması üçün həkimlər əllərindən gələni etdilər. Elə ona görə də bu gün ayaq üstə gəzə bilirəm. Xəstəliyə baxmayaraq, teatra gedib-gəlirəm. Sağlamlığım əl versə, televiziyaya qaça-qaça gedərəm”.

 

Aktyor bildirib ki, sənətlə ailəni bir arada saxlamaq onun üçün asan olmayıb: “Əvvəllər sənətlə ailəni bir arada davam etdirmək mənim üçün çətin idi. Bu çətinliklər uşaqlar kiçik olanda daha çox bilinirdi. İndi heç bir çətinliyim yoxdur. Ailədə mənim sözüm keçir. Evdəkilər də sağ olsunlar ki, sözümü eşidirlər. Buna görə də Allaha şükür edirəm”.

 

Əməkdar artist bildirib ki, ilk evliliyi uğursuz olub: “İki dəfə ailə qurmuşam. İkinci həyat yoldaşımla 25 ildir ki, bir yerdəyik. Və ölənə qədər də bir yerdə olacağıq. İlk həyat yoldaşımla da münasibətim normaldır. Niyə də pis olmalıdır ki? İlk həyat yoldaşımla ikinci xanımımın da münasibəti normaldır, rəfiqəlik edirlər”.

 

Aktyor həmkarlarının rəqabətindən də söz açıb: “Hərdən rəqabətə paxıllıq kimi baxırlar. Aktyorlar arasında bir-birlərinə paxıllıq edənlər var. Paxıllıq yox, rəqabət çox gözəl şeydir. Rəqabət sənəti inkişaf etdirmək deməkdir. Təəssüflər olsun ki, indi rəqabət yox, paxıllıq çoxdur”.

 

 

R. Rəhmanov bildirib ki, onu həyatda ən çox üzən oğlunun faciəvi şəkildə vəfat etməsi olub: “Oğlumun ölümündən sonra şəkər xəstəliyinə tutuldum. Onun vəfat etməsi xəbərini qəfildən dedilər mənə, həmin anda da bədənimdə dəyişiklik hiss etdim. Oğlum çox gözəl müğənni idi. Evləndirmişdim, çox gözəl ailəsi var idi. Onu heç nədən itirdik. Ev tikdirirdik, ikinci mərtəbəsi qurulurdu. Evin içindən də pilləkən qaldırıldı. O pilləkən də tam qurulmamışdı. Yerdən 3 metr məsafədə idi. Oğlum o pilləkəndən yıxılıb, başına daş batmışdı. Daş da düz şah damarını kəsmişdi. Və heç cür biz onu xilas edə bilmədik. Həyatımın ən çətin dövrü bu idi”.

 

 

Əməkdar artist özünə “Sənətkar” deyənlərə də səslənib: “Sənətkar olmaq üçün işini gərək kamil biləsən. Mən 100 il də keçsə, özümə sənətkar demərəm. Amma sənət adamıyam. Bu peşədə çalışıram və bəhrələnirəm. Sənətkar olmaq üçün illərin təcrübəsi gərəkdir. Gənc yaşında sənətkar olmaq mümkün deyil. İnsan anadan olandan ölənə qədər öyrənir”.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT