Mübariz İbrahimov haqqında çəkilən film Azərbaycanı istəməyən ölkələrə mesaj olacaq
17:43 – 18 May, 2017

Adı təkcə Azərbaycanda deyil, Türkiyədə də hörmətlə anılan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında Türkiyənin "Rəng" Media Şirkəti bədii film çəkir.  APA TV-nin "Bizim həftə" layihəsinin növbəti buraxılışında istehsalata buraxılan "Mübariz" filmi ilə bağlı məqamlara aydınlıq gətirilib. 

 

Filmin ideya müəllifi, politoloq Ramiz Alıyev Mübariz İbrahimov haqqında film çəkmək ideyasının hələ iki bundan əvvəl yarandığını qeyd edib: "Yaxından tanıdığım və şəxsiyyətinə hörmət etdiyim Hamid Tuncellə söhbət etdik. Hamid bəy dedi ki, Azərbaycandan milli qəhrəmanları çox eşitmişik, amma Mübariz İbrahimov adı Türkiyə üçün çox önəmlidir. Mübariz İbrahimov Azərbaycan üçün nə qədər dəyərlidirsə, Türkiyə xalqı və dövləti üçün bir o qədər dəyərlidir. Mən də dedim ki, bir ideyam var və bunu həyata keçirmək üçün kömək edə bilərsinizmi?" R. Alıyevin sözlərinə görə "Rəng" Media Şirkətinin seçilməsi, sözügedən Şirkətin bu tip layihələrdə daim öz peşəkarlığını nümayiş etdirməsi ilə əlaqədardır. Ramiz Alıyev filmin çəkilməsində rəsmi olaraq Mədəniyyət və Turizm Nazirliyindən razılıq alındığını söyləyib: "Ssenari və sinopsis hazırlanıb. Hazırlıqda peşəkar ssenaristlərin iştirak etməsinə baxmayaraq, siyasi və mənəvi tərəfdən biz iştirak etmişik".

 

"Rəng " Media Şirkətinin rəhbəri Hamid Tuncelin sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi ilə keçirdiyi görüşlər zamanı bu filmi təkcə Azərbaycan üçün çəkməyəcəyini söyləyib: "Mübariz İbrahimov haqqında film bəsit çəkilməməli, ucuz olmamalı, keyfiyyətli adlar olmalıdır. Buna görə də hazırlıqlarımız uzun çəkdi. Bizim hədəfimiz bir çox ölkələrdə filmin yayımını təşkil etməkdir. Mübariz İbrahimov Azərbaycanın Milli Qəhrəmanı olduğundan rəsmi icazə almaq qərarına gəldik". Hamid Tuncelin sözlərinə görə filmdə məşhur seriallarda çəkilən, Azərbaycanda sevilən aktyorlar rol alacaq. H. Tuncel onu da vurğulayıb ki, Mübariz İbrahimov haqqında filmin çəkilişi rəsmi olaraq yalnız "Rəng" Media Şirkətinə verilib.

 

Jurnalist Seymur Verdizadə bildirib ki, burada icazə senzura kimi qəbul edilməməlidir: "Əlbəttə, yaradıcı insanların qarşısını almaq olmaz. Azərbaycan bu gün müharibə şəraitində olduğundan, bu cür filmlər dövlətlə razılaşdırılmalıdır". S. Verdizadə bu cür filmlərin gələcək nəsillər, tədqiqatçılar üçün zəruri mənbə olduğunu qeyd edib.            

 

Ramiz Alıyev "Mübariz" bədii filminin dörd dildə tərcümə ediləcəyini, dünyanın siyasət vasitəsilə qəbul etmək istəmədiyi mesajların mövcud olacağını söyləyib: "Burada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ öz həllini tapmış olacaq. Xocalı faciəsi barədə məlumatlar veriləcək. Azərbaycan xalqının göstərmək istədiyi məsələlərin əksəriyyəti bu filmdə öz əksini tapacaq. Ssenarini yazanlar mütəxəssislər peşəkar olsalar da, siyasi və mənəvi baxımından düzəlişlər oldu, iradlar oldu". Ramiz Alıyev onu da qeyd edib ki, filmdə həmçinin azərbaycanlı aktyorlar yer alacaq.

 

Hamid Tuncel filmin büdcəsinin beynəlxalq media bazarının standartlara uyğun olduğunu söyləyib: "Bahalı müqavilələrə imza atan aktyorlarımız var. Ümumiyyətlə Türkiyədə filmin büdcəsinin əsasını aktyor heyəti təşkil edir". Həmid Tuncelin sözlərinə görə filmin təbliğində birinci hədəf Avropa, sonra isə digər regionlardır.

 

Seymur Verdizadənin hesab edir ki, Qarabağ müharibəsi barədə "Ana və poçtalyon", "Ananın öyüdü" qədər şer yazılmayıb: "Problem odur ki, mən jurnalist kimi, digəri aktyor kimi ortaya sanballı əsər qoymamışıq. Biz "Şərikli çörəyə" bərabər nümunəvi ekran əsərləri yaratmalıyıq".  

 

Ramiz Alıyevin sözlərinə filmdə elə məsələlər qoyulub ki, hətta erməni xalqı belə onu izləyəndə, Azərbaycan xalqına, onun qəhrəmanlarına rəğbəti olacaq: "Qəhrəmanların göstərdiyi insanlıq və Ermənistan ordusunun göstərdiyi vəhşilik olacaq. Filmdə elə məqamlara toxunacağıq ki, Azərbaycana düşmən olan ölkələr və Azərbaycanı istəməyən təşkilatlar görəcəklər ki, ermənilər  vəhşiliyə əl atıblar".  

X

XƏBƏRLƏR
BÖYÜT