Astarada sahibkarlarla görüş keçirildi
19:14 – 18 May, 2017

Astara Gömrük İdarəsi və Astara Rayon İcra Hakimiyyətinin nümayəndələri sahibkarlarla görüş keçirib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, Astara Rayon Mərkəzi Kitabxanasında keçirilən görüşdə investisiya təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məsələləri müzakirə olunub.

 

Görüşdə Astara Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayev, Astara Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev, eləcə də Lənkəran və Astaradan olan sahibkarlar iştirak edib.

 

Astara Gömrük İdarəsinin rəis müavini Nazim Məmmədov gömrükdə idxal və ixrac üçün yaradılan güzəştlər, sərhəddə yaradılan “bir pəncərə” sistemi barədə məlumat verib. Daha sonra sahibkarlar gördükləri işlər barədə məlumat verərək, gömrük əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsi məqsədilə tətbiq olunan yeniliklərin biznes subyektlərinə faydasından bəhs ediblər.

 

Astara Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayev bildirib ki, Astara gömrük-keçid məntəqəsində yaxın vaxtlarda  iş vaxtı uzadılacaq: "Hazırda iş vaxtının uzadılması istiqamətində işlər görülür. Səhər saat 8-dən günorta istirahət etmədən, nahar fasiləsi olmadan, axşamda zərurət yarandıqda, vaxt uzadıla bilər. Qarşı tərəflə əlaqəli iş qurmuşuq".

 

Toplantıda sahibkarların qarşılaşdığı çətinliklərin həlli yolları da müzakirə olunub.

 

X

XƏBƏRLƏR
BÖYÜT