İki boksçumuz yalnız finalda məğlub oldu - 2 GÜMÜŞ MEDAL
19:46 – 18 May, 2017

Azərbaycan boksçuları IV İslam Həmrəyliyi Oyunlarında iki gümüş medal qazanıblar. 69 və 75 kiloqram çəki dərəcəsində keçirilən görüşlərdə təmsilçilərimiz yalnız finalda məğlub olublar.

 

APA TV-nin xəbərinə görə, 69 kiloqramda mübarizə aparan təmsilçimiz Tamerlan Abdullayev finalda Özbəkistan boksçusu Bobo-Usman Baturovla üz-üzə gəlib.

 

Gərgin keçən görüşün sonuncu raundunda təmsilçimiz qaşından zədə alıb. Zədə səbəbilə oyun bir neçə dəfə dayandırılıb və boksçumuza tibbi yardım göstərilib. Zədəli döyüşən boksçumuz raundun sonunda gözlənilmədən nokdauna düşüb və görüşün bitməsinə 41 saniyə qalmış qələbəni əldən verib. Bununla da Tamerlan Abdullayev boks yarışlarını gümüş medalla başa vurub.

 

75 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Kamran Şahsuvarlı finalda Qazaxıstan boksçusu Tursunbay Kulahmetlə qarşılaşıb. Oyun gərgin mübarizə şəraitində keçib, sonda hakimlər qələbəni qazax boksçuya veriblər. Bununla da Kamran Şahsuvarlı gümüş medalla kifayətlənməli olub. 

X

XƏBƏRLƏR
BÖYÜT