Bakı muzeylərində "açıq qapı" günü - REPORTAJ
19:53 – 18 May, 2017

Hər il mayın 18-də bütün dünyada Beynəlxalq Muzeylər Günü qeyd olunur. Bu bayram münasibətilə tariximizin, mədəniyyətimizin yaxından öyrənilməsi üçün ölkəmizdə də muzeylər "açıq qapı" günü elan edib.

 

APA TV-nin xəbərinə görə, "açıq qapı" günündə məqsəd muzeylərin insanların həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.

 

"Şirvanşahlar Sarayı Kompleksi"nin direktor müavini Təranə Balayevanın sözlərinə görə, bu il Beynəlxalq Muzeylər Günü “Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi” mövzusuna həsr olunub. Mövzu muzeylərin insanlar arasında sülhü təbliğ edən mərkəzə çevrildiyini göstərməklə onların cəmiyyət həyatında rolunu vurğulayır: "Şirvanşahlar Sarayında qaynar bir gündür, hər bir xidmət pulsuzdur, səhərdən axşama kimi bu davam edəcək. Gələnlərimiz çoxdur. Əvvəlki ilə nisbətən gələnlərimiz artıb, ən çoxda müasir standartlara uyğun yeni ekspozisiyamız diqqət çəkir".

 

Ziyarətçilər də muzeylərdə təşkil olunan "açıq qapı" gününü yüksək dəyərləndirirlər. Onlar belə proqramların tez-tez keçirilməsinə tərəfdardır: "Belə günlərin keçirilməsi xoşdur bizim üçün. Uşaqları çıxarıb tanış edirik, mənəvi dəyərlərimizi daha yaxından tanıdırıq. Biri var əyani, biri var qiyabi. Kitabda oxumaq başqa, gəlib görmək tamam başqadır".

 

Muzeylərə təşkil edilən "açıq qapı" günü paytaxtımızın qonaqlarının da böyük marağına səbəb olub: "Hələ ki Şirvanşahlar Muzeyində olmuşam, amma proqram çərçivəsində bütün muzeyləri gəzməyə çalışacağam. Sufi məqbərəsini görmək mənim üçün çox xoş oldu burda. Azərbaycanda belə günün qeyd olunması çox yaxşıdır. Biz turistlərin də Azərbaycanın tarixi, zəngin mədəniyyəti ilə tanış olmasına şərait yaradır".

 

Muzeylərə təşkil olunan "açıq qapı" günü çərçivəsində dahi cazmen Vaqif Mustafazadənin də ev muzeyi ziyarətçilərə pulsuz xidmət göstərir. Muzeyin əməkdaşı Leyla Pənahlı deyir ki, bura gələn insanlar görkəmli bəstəkarın həyat və yaradıcılığını yaxından öyrənib, onun şəxsi əşyaları ilə yaxından tanış ola bilərlər: "Bu gün çox insanlar buyurdu muzeyə. Gələn insanlara məlumat verməklə yanaşı, onlar üçün xoş olmasına çalışırıq. Vaqifin diskləri var ki, orda öz səsi ilə danışır, özü, anası haqqında, caz dərsi aldığı müəllimləri haqqında danışır. Bizim muzeyin əməkdaşı ziyarətçilər üçün Vaqifin məşhur əsərlərini ifa edir".

 

Ginnesin Rekordlar Kitabına daxil edilən dünyada ilk özəl Miniatür Kitab Muzeyi isə digər muzeylərdən fərqli olaraq, açıldığı gündən pulsuz xidmət göstərir. Burda 76 ölkənin nəşr etdiyi 5500 miniatür kitab sərgilənir. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən miniatür kitablar da var.

 

Burada Azərbaycanın ədəbiyyat, elm və incəsənət klassikləri də geniş təmsil olunub. Bundan əlavə, dini mövzuda kitablar, rus, sovet və xarici ölkələrin klassikası nümayiş etdirilir: "Miniatür Kitab Muzeyi ən dəyərli muzeylərimizdən biridir. Burda digərlərindən fərqli olaraq, kitablar sərgilənir. Hər birimiz üçün muzeylərdə olmaq vacibdir, ən azından Azərbaycanımızı tanımaq naminə biz muzeylərə getməliyik".

 

Muzeylər keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçidir. Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü münasibətilə Bakı muzeylərində "açıq qapı" günü mayın 20-dək davam edəcək.

X

XƏBƏRLƏR
BÖYÜT