Boksçular qazandıqları qələbələri kimə həsr etdilər? - AÇIQLAMA
23:28 – 18 May, 2017

“Döyüş ağır keçdi. Tam istədiyim kimi vuruşa bilmədim". APA TV-nin məlumatına görə, bu açıqlamanı jurnalistlərə boks millimizin üzvü, IV İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı Tamerlan Abdullayev verib. 

 

O finalda məğlub olmasının səbəblərini açıqlayıb: “Qaşlarımın partlaması mənə yaxşı döyüşmək üçün imkan vermirdi. Yaxından döyüşə bilmirdim. Qorxurdum ki, qaşlarım açılar və qanı dayandıra bilməzlər. Həkimlər sağ olsunlar, qaşlarım partlasa da, döyüşü saxlamadılar. Bundan sonrakı yarışlarda qızıl medal əldə etməyə çalışacağam”.

 

 

81 kiloqram çəki dərəcəsində mübarizə aparan, finalda Türkmənistan boksçusu Arslanbek Açilova məğlub olan Rauf Rəhimov iki raundda rəqibindən üstün olduğunu deyib: “Hər üç raundda əlimdən gələni etdim. Rəqibim yalnız ilk raundda məndən üstün oldu. Ancaq hesab edirəm ki, qalan 2 raundda üstünlük məndə idi. Sadəcə, hakimlərin qərarı ilə qələbəni rəqibim qazandı. Bundan sonra Avropa və dünya çempionatında qızıl medal əldə etməyə çalışacağam”.

 

 

Final döyüşündə Türkiyə təmsilçisi Burak Akşinə qalib gələn boksçumuz Teymur Məmmədov qələbəsini ikinci övladına həsr etdiyini deyib: "Final döyüşü mənim üçün asan olmadı. Ancaq bütün gücümü sərf edərək çempion oldum. Rəqibimlə 6-7 il əvvəl qarşılaşmış və uduzmuşdum. Bu gün isə ona qalib gəldim. I Avropa Oyunlarındakı çempionluğumu birinci oğluma həsr etmişdim. Bu qələbəmi isə ikinci oğluma həsr edirəm. Artıq Avropa çempionatına hazırlaşıram”.

 

 

91 kiloqramdan ağır çəki dərəcəsində qızıl medal qazanan boksçumuz Məhəmmədrəsul Məcidov ona dəstək olan hər kəsə təşəkkür edib: "Ölkə prezidentinə, məşqçilərimə, azarkeşlərə təşəkkür edirəm ki, bizə belə dəstək oldular. Qızıl medalı alanda və Azərbaycanın himni səslənəndə ürəyim qürur və fərəh hissi ilə doldu. Qələbəni atama həsr edirəm. Avropa çempionatına hazırlaşacağam. Orada da yüksək səviyyədə çıxış etmək istəyirəm”.

 

 

Boks yarışlarında yığmamızın hesabına ilk qızıl medalı yazdıran Cavid Çələbiyev İslamiadaya ciddi hazırlaşdığını deyib: “İslamiadaya çoxdan hazırlaşırdıq. Güclü məşqlərin nəticəsini əldə etdim və qızıl medal qazandım”.

 

Dünya çempionu İslamiadada qazandığı mükafatı “Qəbələ” klubuna həsr etdiyini bildirib: “Çəkdiyim əziyyətlərə görə, əmin idim ki, bütün rəqiblərimdən güclüyəm. Qələbəmə inanırdım. Bundan sonra bütün yarışlara 60 kiloqram çəki dərəcəsində qatılacağam. “Qəbələ” klubunu təmsil edirəm və bu qızıl medalı da klubuma həsr edirəm. Çünki bu klubun üzərimdə böyük əziyyəti var”.

 

Qeyd edək ki, bu gün IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarına yekun vurulub. Boksçularımız yarışlarda 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar. 

X

XƏBƏRLƏR
BÖYÜT