Yaponiyada həyəcan siqnalı, Çindən gözlənilməz addım, ABŞ-ın Koreya inadı - UZAQ ŞƏRQDƏ YENİ TƏHLÜKƏ
13:59 – 19 May, 2017

ABŞ Koreya sahillərinə yeni aviadaşıyıcı göndərib. APA TV-nin CNN-ə istinadən verdiyi məlumata görə, Yaponiya limanlarından birində olan Ronald Reagan artıq yola düşüb.

Sözügedən aviadaşıyıcı Sarı dənizdəki Carl Vinson atom gəmisi ilə birlikdə nəzərdə tutulan hərbi təlimlərdə iştirak edəcək.

Təlimlərin Şimali Koreyanın nüvə təhlükəsinə qarşı həyata keçiriləcəyi bildirilir. Zərbə qrupuna onlarla qırıcı da daxildir.

Bu arada Şərqi-Çin dənizi üzərində Çin və ABŞ hərbi təyyarələri arasında insident yaşanıb. Çin qırıcılarının ərazidə Amerika təyyarəsini aşkar etdiyi qeyd olunur.

Çin Hərbi Hava Qüvvələrinə aid iki "Su-30" təyyarəsi ABŞ-a aid WC-135 Constant Phoenix qırıcısına xəbərdarlıq edib.

Pentaqondan həmin təyyarənin Çin hava məkanını pozmadığı bildirilib.


Yaponiya hərbi aviasiyası isə hazır vəziyyətə gətirilib. Mübahisəli Senkaku adaları üzərində aşkar edilən PUA Yaponiya tərəfini bu addımı atmağa vadar edib. Ölkənin müdafiə naziri hərbi dronun Çinə aid olduğunu vurğulayıb.


Xatırladaq ki, belə hal ilk dəfədir müşahidə olunur.

Bundan başqa, Çin hərbi gəmilərinin Yaponiyanın su sərhədlərini pozduğu da qeyd edilir. Yaponiya XİN Çin səfiri vasitəsilə Pekinə etiraz ünvanlayıb.

Qeyd edək ki, Senkaku adaları 1895-ci ildən Çin və Yaponiya arasında mübahisə predmetidir. Rəsmi Pekin adaların 1783-1785-ci illərin xəritələrində bu ölkənin ərazisi kimi göstərildiyini bildirir. İkinci dünya müharibəsindən sonra ABŞ-ın nəzarətinə keçən faydalı qazıntılarla zəngin adalar qrupu 1972-ci ildə Yaponiyaya verilib. 

X

XƏBƏRLƏR
BÖYÜT