Şərif Ağayar: "Tarixi roman yazsaydım, Qacarla məzələnərdim"
15:50 – 19 May, 2017

Hər hansı dövrü, yaxud şəxsiyyəti öyrənmək üçün tarixi romanlara müraciət etməli oluruq. Amma təbii ki, ədəbiyyat tarix deyil. Amma bununla belə hər hansı tarixi romanda tarixi fakt təhrif olunursa, bu müəyyən yanlışlıqlara gətirib çıxarır.

APA TV-nin Ilham Tumasla 40 dəqiqə layihəsində bu məsələ ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Tarixçi alim, türkoloq, tarixi romanların müəllifi Yunus Oğuz söyləyib ki, sovet dövründə tarixi romanların yazılışı bir qədər çətin idi: "Yadınızdadırsa, Əlisa Nicat onların ştampına, qəlibinə sığmadığından onu qoymurdular. Buna görə də Əlisa Nicat 90-cı illərdə parladı. Avropa ilə Şah İsmayılın əlaqəsi var idisə, Şah İsmayıl haqqında yazmaq olardı, amma Şah Təhmasib Avropa ilə əlaqələrdən imtina edib, Sultan Süleymana daha çox meylli idisə, onda Təhmasib Şahdan yazmaq olmazdı. O zaman başqa cür yazmaq mümkün deyildi. Əgər tarixi roman müəllifləri bu gün yenidən yazsaydılar, daha güclü əsər yarada bilərdilər. Moskva sovet ideologiyasından asılı deyil, istədiyin qəhrəmanı yarada bilərdilər".

 

Gənc yazar Sahilə İbrahimova hesab edir ki, tarixlə ədəbiyyat heç zaman dostluq etmirlər: "Sovet dövründə dünya müharibəsində iştirak etmiş veteranlara verilən evlər o qədər də şəhərin mərkəzində deyildi, yazıçılara, bəstəkarlara verilən evlər daha prestijli yerdə idi. Çünki ideologiya önəmli idi". Sahilə İbrahimova hesab edir ki, tarixi ədəbiyyata gətirəndə istər-istəməz təxəyyülə yol verilir ki, bu da qaçılmaz bir haldır.

 

Filologiya üzrə fəlsəfə doktoru, yazıçı Şəmil Sadiqin sözlərinə görə yazarlar tarixçilərlə müqayisədə daha səmimidirlər: "Tarixi romanların yeri daha mükəmməldir, nəinki tarixin. Bu gün də tarixi mövzuda yazılan romanlar var. Amma sovet dövrü ilə müqayisədə indiki dövrdə tarixi romanlarda pərakəndəlik var. Hər kəs öz ideologiyasını ortaya qoyur. Mən Şah İsmayıldan roman yazsam, istənilən halda öz simpatiyamı ortaya qoyacağam".

 

Yazıçı Şərif Ağayar hesab edir ki, müəllif obrazlara münasibət bildirməməlidir, məsafədə dayanmalıdır: "Ekoda da, Pamukda da birinci növbədə həmin dövrün hadisələrini çatdırmaq məqsədini daşımır. Burada ədəbi fakt olaraq meydana çıxır. Mən şəxsən əsərimi tanıtmaq üçün Şah İsmayılla zarafatlaşa bilərəm. Çünki mənim məqsədim Şah İsmayılı tanıtmaq deyil, güclü bir əsər yaratmaqdır. Tarixi roman ifadəsi ümumiyyətlə mübahisəlidir. Mən Şah İsmayılla bağlı tarixi təhriflərə yol verirəmsə, məcbur oluram ki, onun adını dəyişim. Mənə görə ədəbiyyat elmin bütün sahələrin fövqündə dayanır. Bu ayrı bir dalğadır". Şərif Ağayarın fikirlərinə görə tarix ədəbiyyatı, ədəbiyyat isə insanlar təsvir edir.

 

Yunus Oğuzun hesab edir ki, tarixi əsər hər kəsin xoşuna gələ bilməz: "Mən ümumiyyətlə tarixi şəxsiyyətlərlə məzələnmək fikrinin əleyhinəyəm. Tarixi şəxsiyyət başqa şeydir. Siz əgər Qacarın vaxtına düşə bilsəydiniz, onda baxıb görərdim, yaza bilərsiniz, ya yox? Mən şəxsiyyətlərlə yox, sözlə məzələnə bilərəm". Yunus Oğuzun sözlərinə görə tarixi hadisələrdən və tarixi şəxsiyyətlərdən yazan yazıçı mütləq xronoloji ardıcıllığı gözləməlidir.

 

Sahilə Şərifova söyləyib ki, Şah İsmayıl uğurlu sərkərdə olmaqla yanaşı, amansız vergiləri təyin edən bir şah kimi də təqdim edilə bilər: "Bunu yazıçı xalqı çətinliyə salan bir sərkərdə kimi təqdim edə bilər. İdeologiyaya xidmət edən müəlliflər bunu edə bilməzlər. Tarixi qəhrəmanla ədəbi qəhrəmanın fərqi, tarixi qəhrəmanın əlisilahlı olmasındadır. Ədəbi qəhrəman əfəl də ola bilər, zəif də ola bilər. Tarixi mənbələrə əsaslanmış əsər öz qəhrəmanını zəif göstərə bilməz. Bu baxımdan ədəbiyyat daha azaddır".

 

Yunus Oğuz isə hesab edir ki, ədəbiyyat azad deyil: "Ədəbiyyat ən azı birinci müəllifin əsiridir, ikincisi yaşadığı cəmiyyətin əsiridir. Üçüncüsü gələn sifarişin əsiridir. Yəni sosial sifariş var. Mən Azərbaycanda Qacar haqqında yazılan heç bir əsəri bəyənmirəm. Biz müasir gəncliyi tarixi şəxsiyyətlərlə necə yetişdirəcəyik? Vətənpərvərlik ruhunda, yaxud kosmopolit ruhunda? Tarixi şəxsiyyətlərdən yazırsansa, istənilən halda müəllifin mövqeyi olmayacaq".

 

Yunus Oğuzun fikirləri ilə razılaşmayan Şərif Ağayar bildirib ki, ədəbiyyat azadlıq zonasıdır: " Dünyada bu gün dekonstruksiya gedir. Biz qəhrəmanlarımızı tanıtmaqla, qəhrəmanlarımıza yaltaqlanmaqla məşğuluq. Şah İsmayıla münasibətdən asılı olmayaraq yazdığım sənətdirsə, qəbul olunur. İnsan tarixdən çox yüksəkdə dayanır. Mədhiyyə xarakterli əsəri bu gün yazıçı oxumur". 

 

Şəmil Sadiq hesab edir ki, bu gün Azərbaycanda tarixi qəhrəmanların pafosla təqdim edilməsinə çox böyük ehtiyac var: "Ədəbiyyatda prototip yaratmaq yazarın sığortalanmaq üsuludur".  

 

Sahilə İbrahimovaya görə gənc nəsil heç də hər hansı yazıçının həqiqət diktəsinə ehtiyac duymur: "Bizim müxtəlif, fərqli fikirli yazıçıların əsərlərinə ehtiyacımız var".    

X

XƏBƏRLƏR
BÖYÜT