Şirvanda "oğrudan oğruya halaldır" deyimi cinayətin üstünü açdı - TƏFƏRRÜAT
16:46 – 19 May, 2017

Şirvanda 20 yaşlı gənc evdən qızıl-zinət əşyaları oğurlayıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, polisin əməliyyat tədbirləri zamanı Şirvan sakini, 1997-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş İsmayılov Coşqun Rövşən oğlu şəhərdəki evlərdən birindən qızıl-zinət əşyaları və noutbuk oğurlayıb.

 

Müstəntiq Əhməd Baloğlanovun sözlərinə görə, istintaqla müəyyən olunub ki, İsmayılov Coşqun Rövşən oğlu 11 may tarixində, saat 11.00 radələrində şəhər sakininə məxsus mənzilə pəncərədən qanunsuz daxil olaraq, oradan 750 manat dəyərində kompüter və 1500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq cinayət törədib.

 

C.İsmayılov şübhəli şəxs qismində saxlanılaraq barəsində Şirvan şəhər Məhkəməsinin qərarı ilə 3 ay müddətinə  həbs-qəti imkan tədbiri seçilib.

 

Şirvan Şəhər Polis Şöbəsi tərəfindən istintaq hərəkətləri zamanı məlum olub ki, C.İsmayılov oğurladığı qızıl-zinət əşyalarını gizlətdiyi zaman onu görən tanışı, 1995-ci il təvəllüdlü Röyal Məhərrəməli oğlu Xələfov sonradan qızıl-zinət əşyalarını götürərək əlbir olduğu tanışları - 2000-ci il təvəllüdlü Gündüz Elxan oğlu Mirzəyev, 2000-ci il təvəllüdlü Əlizamin Əlövsət oğlu İsmayılov və 1993-cü il təvəllüdlü Əsgər Tərlan oğlu Məmmədovla "Lombard"a sataraq əldə olunan pulu aralarında bölüb.

Şirvan polisi tərəfindən ikisi azyaşlı olmaqla digər iki nəfər də istintaqa cəlb edilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

X

XƏBƏRLƏR
BÖYÜT