Sumqayıtdakı "Şərq bazarı" niyə sökülür? - REPORTAJ
18:20 – 19 May, 2017

Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən "Şərq bazarı"nda 66 sahibkara məxsus dükanların söküntüsünə başlanılıb. Bu barədə APA TV-yə məlumat daxil olan kimi hadisə yerinə yollandıq.

 

Ərazidə qızğın iş getsə də, çəkiliş qrupumuz hadisə yerinə çatandan sonra texnikalar bir-bir qeybə çəkildilər. İki cüt, bir tək fəhlə isə təmizləmə işi ilə məşğul olurdu.

 

Sökülən dükanların sahibləri də gözə dəymirdi. Qonşuluqda olan dükan sahibləri isə "3 gün ərzində mallarınızı boşaldın!" xəbərdarlığını aldıqları üçün narahat idilər: "Deyirlər, dükanları boşaldın, biz sökürük, sizə 3 ildən sonra yer verəcəyik". 

 

Sahibkarlar bildirdilər ki, "Şərq bazarı" ərazisində olan bu mübahisəli ərazinin keçmiş icra başçısının vaxtından sökülməsi planlaşdırılsa da, sonradan nəzərdə tutulan plan yarımçıq qalıb. 2013-cü ildə isə bazar sahibi obyekt sahiblərini məhkəməyə verib. Lakin hər üç instansiya sahibkarların lehinə qərar çıxarıb. 

 

Çox keçmədi əraziyə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Eyvaz Qocayev gəldi. Vətəndaşlarla görüşən nümayəndə sahibkarların əsassız tələb irəli sürdüyünü bildirdi. Məlum oldu ki, sahibkarlarla İcra Hakimiyyətində bir neçə dəfə görüş təşkil olunub. Sənədi olan dükan sahiblərinin yeni inşa olunmuş obyektlə dükanla təmin olunacağı deyilib: "Bu yolun ərazisində antisanitar şəraitdə meyvə-tərəvəz satılırdı. Gördüyünüz kimi, artıq ərazi təmizlənib. "Şərq bazarı"nın ərazisində isə sahibkar tərəfindən söküntü işlərinə başlanılıb. Sənədi olan bütün sahibkarlar burda yeni müasir ticarət mərkəzi tikiləndən sonra müvafiq yerlə təmin olunacaqlar. Təmənnasız şəkildə".

 

Nümayəndəyə yaxınlaşan sahibkarlar hansı müddətə işlərin başa çatacağını da öyrəndilər. Konkret vaxt deyilməsə də, Eyvaz Qocayev obyektlərin burda səsləndiyi kimi,  3 ilə deyil, daha tez tikilib təhvil veriləcəyini bildirdi: "9 kv. m sahəsi olan sahibkara 18 kv. m sahə ayrılacaq".

 

Əlavə olaraq qeyd olundu ki, ticarət obyekti tikiləndən sonra hər bir sahibkara rəsmi sənəd veriləcək. Bu həm də o deməkdir ki, 2011-ci ildən başlayan və bu vaxta qədər davam edən məhkəmə çəkişmələrinə son qoyulacaq.

X

XƏBƏRLƏR
BÖYÜT