İran seçicisi niyə Ruhaniyə səs verdi?
17:38 – 22 May, 2017

İranda prezident seçkiləri başa çatdı. İran vətəndaşları ənənələrə sadiq qalaraq eyni prezidenti ard-arda ikinci dəfə bu kürsüdə əyləşdirdilər. Həsən Ruhaninin seçkilərdə qələbəsi İranda nəyi dəyişdirəcək? İranlı seçicilər hansı gələcəyə səs verdilər? Nəticələr Rəsmi Tehranın Qərblə münasibətlərinə necə təsir göstərəcək? APA TV-nin "Panoram" layihəsinin növbəti buraxılışında bu suallar ətrafında geniş fikir müzakirəsi aparılıb.

 

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekan əvəzi, "Oğuz" Müstəqil Araşdırmaçılar Mərkəzinin rəhbəri Vüqar Zifəroğlunun sözlərinə görə Həsən Ruhaninin prezident seçilməyi ilə bağlı ən azı dörd məqamı qeyd etmək lazımdır: "Bu məqamlardan birinci seçicilərin daha sərt mövqe ilə daha yumşaq mövqe arasında seçim etməsi ilə bağlı idi. Təbii ki, İbrahim Rəisinin timsalında daha mühafizəkar qüvvələrə deyil, Həsən Ruhaninin timsalında daha yumşaq və dialoqa meylli qüvvələrə meyl etməsi idi. Həsən Ruhaninin xarici siyasətdə oynadığı geosiyasi rol idi. Çünki son 3-4 ildə İran Yaxın Şərqdə mövqeyini möhkəmləndirmiş oldu". V. Zifəroğlunun sözlərinə görə ikinci məqam Yaxın Şərqdəki gərginliklə bağlıdır: "İkinci mərhələni Ərəb ölkələri, ABŞ, İsrail konteksində qiymətləndirə bilərəm. Üçüncü məqamı İranın öz daxili ilə bağlı siyasi rəqabətdə görürəm. Bu baxımdan deməzdim ki, mühafizəkarların arasında Rəisi ilə bağlı monolit fikir vardır". Vüqar Zifəroğlu hesab edir ki, mühafizəkarlar Ruhani tərəfdarları ilə müqayisədə seçkilərə təşkilati baxımından daha zəif hazırlaşmışdılar. V.Zifəroğlu dördüncü məqamı İrandakı ali ruhani sisteminin dəstəyi səbəbi ilə izah edir.  Politoloq bildirib ki, bu gün İranın daxili birliyə ehtiyacı var: "Bu baxımdan Ruhani islahata meylli siyasətçi obrazını təsdiq edə bildi. Ən azı parlamentdə türk fraksiyası yaradıldı. Hətta kürd dilinin tədrisi ilə bağlı müəyyən manevrlər edildi. Bu cür addımlar narazılıqları yumşaltmağa başladı".       

 

Politoloq vurğulayıb ki, prezident postunda kimin əyləşəcəyindən asılı olmayaraq, İranın xarici siyasət kursunda hər hansı ciddi dəyişikliyin baş verə biləcəyindən söhbət gedə bilməz. Politoloqun sözlərinə görə Ruhani daha loyal və liberal mövqeyə keçid mərhələsi oldu: "Növbəti dörd ildə də həmin kurs davam edəcək. İranın Avropa ilə yaxınlaşmasını görəcəyik".

 

Seçkilərdə səs faizlərinə münasibət bildirən Vüqar Zifəroğlu bildirib ki, Həsən Ruhani kifayət qədər xarizmaya malik olan bir insandır: "Mühafizəkar qanadın özü də Ruhaniyə tam müxalif mövqe ortaya qoymadı. İndi gəlin İbrahim Rəisi ilə Əhməd Nejatın açıqlamalarını müqayisə edək. Hər ikisi üsulçular qanadının üzvüdür".   Politoloq hesab edir ki, İranın dini sistemi mühafizəkarlarla islahatçılar arasında balansı qoruyub saxlaya bilir: "Sistem islahatçıları qabağa verməklə, narazılıqların qarşını almağa çalışır. Nəzərə alaq ki, İranın özündə etnik vəziyyət də çox mürəkkəbdir".

 

Politoloq istisna etmir ki, ABŞ-ın Suriyaya hava zərbələrindən İranda keçirilən seçkilərdə manipulyasiya kimi istifadə edilib: "Bu raketlər əgər bu gün Suriyaya endirilibsə, sabah heç kim bilmir ki, bu zərbələr Tehrana endirilməyəcək. Bu manipulyasiya edilir və İrandakı seçkilərdə özünü göstərir". Politoloq bu informasiya manipulyasiyasını normal hal kimi qəbul etdiyini vurğulayıb.

 

İranın müsəlman dünyasındakı mövqeyindən bəhs edən politoloq bildirib ki, İran, Türkiyə və digər ərəb ölkələri söz sahibi olsalar da, müsəlman dünyasının içində bu gün kifayət qədər ziddiyyətlər mövcuddur.    

 

Yaxın Şərqdəki münaqişələrə toxunan Vüqar Zifəroğlu iddia edir ki, regionda mövcud olan təşkilatların hər birinin arxasında güclü dövlətlər dayanıb: "Bu gün ərəb ölkələrini, ABŞ-ı İranın mövcud statusu qane etmir. Mən düşünmürəm ki, Türkiyəni də qane etmir. Sadəcə olaraq Türkiyənin başı öz daxili problemlərinə qarışıb. Rəqqa ilə bağlı məsələ son nəfəs idi. Amma fikir verirsinizmi, Amerikanın münasibəti necə oldu?"

 

Politoloq sonda bir daha qeyd edib ki, İranın daxilində baş verən proseslər və xarici siyasət kursu seçkilərin nəticələrini proqnozlaşdırmağa əsas verirdi. 

X

XƏBƏRLƏR
BÖYÜT