"26 Bakı Komissarı"ndan tapılmayan üç nəfər kimdir?
18:01 – 20 Noyabr, 2013

Boran Əzizli: “26 komissar deyə bir şey olmayıb, onlar cəmi 12 nəfər olublar”

 

“Bakıdakı keçmiş 26-lar bağından 23 nəfərin cənazəsi çıxdı, erməni komissarların cəsədi orada yox idi”

 

“Şaumyanın bu yaxınlara qədər Hindistanda yaşamasına dair sənədlər var”

 

“Komissarlar Sovet vaxtı bir simvola çevrilmişdilər, çünki onlar Azərbaycanda milli qüvvələrin hakimiyyətə gəlməsinə mane olan şəxslər idilər. Komissarların mənafeyi ilə Azərbaycan xalqının mənafeyi bir-birinə zidd idi. Onların məqsədi Azərbaycanı Rusiyanın vilayətinə çevirmək idi”.

 

Bu fikirləri APA TV-də efirə gedən “Mizan” proqramının qonağı, tarix elmləri namizədi Boran Əzizli deyib.

 

Tarixçi Azərbaycan tarixinin sosialist inqilabına qədərki dövrünün müəmmalı məqamlarına aydınlıq gətirib: “Çarizm devrildikdən sonra Rusiyanın gələcəyi ilə bağlı qərar verilmişdi. Rusiyada yaşayan müxtəlif millətlər də öz talelərini müəyyən etmək üçün ayağa qalxdılar, o cümlədən, müsəlmanlar, türklər. Rusiyada isə burada yaşayan bütün millətləri əhatə edən dövlət quruluşu modelini tapmaq üçün müxtəlif təkliflər irəli sürülürdü. Azərbaycanda da bu baxımdan üç qrup meydana gəlmişdi – sosialist cərəyan, milli cərəyan və dini-mühafizəkarlar. Sosialistlər özləri də iki qoldan ibarət idilər. Müsəlman sosialistlərə Nəriman Nərimanov, Soltan Məcid Əfəndiyev, Əliheydər Qarayev daxil idilər. Qeyri-müsəlman qol isə əsasən menşeviklərdən təşkil olunmuşdu. Onların əsas ideyası vahid və bölünməz Rusiya yaratmaq idi. Azərbaycanda hər hansı muxtariyyətdən söhbət gedə bilməzdi”.

 

Boran Əzizli çar Rusiyasının süqutundan sonra yaranmış ictimai-siyasi vəziyyət və cərəyanların mahiyyəti barədə maraqlı fikirlər söyləyib: “Proletariat guya əzilən və haqqı tapdalanan sinfi müdafiə edirdi, milləti yox. Sosialistlərdə milli haqq anlayışı yoxdur. Dini mühafizəkar cərəyan da vahid Rusiyanı müdafiə edirdi. Onların sosialistlərdən yeganə fərqi şəriət qanunlarının da qüvvədə qalmasını istəmələri idi. Komissarlar Sovet Rusiyasının mənafeyinə xidmət edirdilər. Onlar Sovet Azərbaycanının qəhrəmanlarına çevrilmişdilər. Əslində, demaqoqcasına əhalini mövcud rejimə qarşı qaldırmaqdan başqa fəaliyyətləri olmayıb”.

 

Qonaq 26-ların öldürülməsi faktının özündə ziddiyyət olduğunu deyir: “Komissarlar 1918-ci ildə xalqa qarşı törətdikləri soyqırımından qorxub aradan çıxmaq istəyirdilər. Əslində, 26-ları Türkmənistan eserləri qətlə yetirdilər. Stalin onları sevməsə də, onlara qəsd etməzdi, əksinə, ideologiya xətrinə onları qəhrəman kimi göstərməli idi. Menşeviklər bolşeviklərin silah gücünə hakimiyyətə gəlməsinə qarşı çıxırdılar. Türkmənistandakı qüvvələr menşeviklərlə əlbir idi. Menşeviklər isə ingilislərlə müttəfiq idi. Bu səbəbdən də komissarların ölümünün günahkarı ingilislər olduğu deyilir”.

 

Əslində, insanlıq və humanizm baxımından insan ölümünü cinayət hesab edən tarixçi komissarların sayı barədə maraqlı versiya səsləndirib: “Cümhuriyyət dövründə xalqa qarşı bunların törətdiyi cinayətlər istintaq komissiyası tərəfindən sübuta yetirilmişdi, amma materiallar məqsədli şəkildə itirildi. Yaxşı ki tale onları cəzasına çatdırdı. Onların güllələnməsi insanlıq baxımından terrordur, amma yüz minlərlə insanı qətlə yetirənlər özləri də terrorun qurbanı olmalı idi. Getdikləri gəmidə də qaçqınların arxasında gizlənmək istəmişdilər, ona görə də 12 nəfər yox, 26 nəfər həbs olunub güllələnmişdi. Komissarlar özləri ilə xeyli qiymətli qızıl, gümüş aparırmışlar”.

 

Boran Əzizli keçmiş 26-lar bağındakı qəbirlərin açılmasından da danışıb: “Bakıdakı 26-lar bağından 23 nəfərin cənazəsi çıxdı. Nə vaxtsa Sovet hökumətinin devriləcəyi, həmin məzarların açılacağı hakimiyyətin ağlına da gəlməzdi. Amma tarix bütün həqiqəti açdı, qaranlıq məqamlar üzə çıxdı. Əslində, aydın oldu ki, Şaumyan dəfn olunanlar arasında olmayıb. Onun Hindistanda son illərə qədər yaşaması ilə bağlı sənədlər də var. Sadəcə, bu faktı araşdırılıb axıra çıxmaq qalır. Hindistanda daha ciddi axtarışa ehtiyac var, ümid edək ki, bu verilişdən sonra araşdırılacaq. O vaxt Şaumyanın hərbi əsirlər arasında adı olub, bu barədə Sokolov soyadlı bir nəfərin teleqramında yazılıb. Sokolovun kimliyi və o teleqram araşdırılmayıb. Amma üç erməni komissarın cəsədinin orada olmadığı tarixi reallıqdır”. 

X

XƏBƏRLƏR
BÖYÜT