Sığorta ilə bağlı mübahisəli məqamlar...
17:13 – 23 May, 2017

Çox vaxt sığorta şirkətləri ilə vətəndaşlar arasında yaşanan problemlər haqqında məlumat alırıq. İnsanların bu sahə üzrə çalışan mütəxəssislərə ehtiyac duyduğunu görürük. Ümumiyyətlə, bu sahədə fəaliyyət göstərən peşəkarların sayı yetərincədirmi? APA TV-nin "Avtoclub" layihəsinin növbəti buraxılışında sığorta ilə bağlı yaranan məsələlərə aydınlıq gətirilib.

Sığorta üzrə mütəxəssis İlkin İbrahimovun sözlərinə görə sığorta şirkətləri ha-hazırda sığorta sahəsində hər xırdalıqdan xəbərdar olan, bütün incəlikləri bilən, bu sahə üzrə mövcud olan məsələləri həll edə biləcək şəxsləri əllərindən buraxmırlar: "Bu da hardasa vətəndaşın hüquqlarının demək olar ki, pozulmasına gətirib çıxardır. Hazırda sığorta sahəsində mübahisəli məsələlərlə bağlı məqamlar çox aktualdır".

Şikayətlərin daha çox nə ilə bağlı olduğu sualına gəlincə mütəxəssis bildirib ki, icbari sığorta və ya könüllü sığortadan asılı olmayaraq, əgər iki tərəf arasında müqavilə bağlanıbsa, sığorta məsələləri ilə bağlı ən qabarıq və problemli məqamlar sağlamlığa dəyən ziyanla bağlıdır. "İcbari sığortada sağlamlığa dəyən ziyanı hər bir halda müəyyən edib, kompensasiya etmək mümkündür. Yəni məhkəmə ekspertizası sağlamlığa dəyən zərəri dərəcəsindən asılı olaraq təyin edir. İcbari sığorta bu halları nəzərdə tutur. Sağlamlığa dəyən yüngül zərərə görə 750 manat, az ağır və ağır zərərə görə 1500 manat. Üç il müddətinə əlillik dərəcəsinə keçərsə yenidən 1500 manat, toplamda 3 min manat və ölüm hadisəsi qeydə alınıbsa 5 min manat nəzərdə tutulur" - İlkin İbrahimov belə deyib.

İlkin İbrahimov bildirib ki, istənilən şəxsə yol hərəkəti haqqında qanunvericiliyə əsasən sürücülük hüququ varsa, etibarnaməsi varsa və ya avtomobilin sahibi avtomobildə əyləşibsə, bu hallarda sığorta ödənişi verilir və heç kimdən də subraqasiya qaydasında ödəniş tələb edilmir:  "İcbari sığorta haqqında qanunun 25-ci maddəsi subroqasiya hüququnun təmin edilməsi ilə bağlıdır".

Ölüm halları ilə bağlı məsələyə münasibət mütəxəssis qeyd edib ki, qəzaya düşən avtomobilin könüllü sığortası varsa, sığorta haqqı 5.000 manat məbləğ dünyasını dəyişən şəxsin varislərinə ödənilir: "Əgər həmin avtomobilin sığortası yoxdursa, zərər çəkən şəxs bu zaman müvafiq qayda üzrə icbari sığorta bürosuna müraciət edə bilər. Onun 5 min manat kompensasiya tələb etmək hüququ var".

 

Sığorta üzrə mütəxəssis qəza komissarı məsələsinə də toxunub: "Əslində qəza komissarı kim olmalıdır? Bu şəxs bitərəf olmalıdır. Yəni nə sığorta şirkətinin, nə də vətəndaşın tərəfini tutmalıdır. Bəs yaxşı sığorta şirkətinin hadisə yerinə gələn təmsilşisi bitərəf qalırmı? Məsələnin qaranlıq tərəfi də elə budur.  Çünki bu şəxs sığorta şirkətindən məvacib alır, oranın təqdim etdiyi güzəştlərdən yararlanır".

"Sığorta ilə bağlı mübahisəli məqamlardan biri də, zədələnən nəqliyyat vasitəsinin təmir edilib-edilməməsi ilə bağlı verilən qərardır. Təcrübə onu göstərir ki, sığorta şirkətlərinin biri hansısa bir boksu tutur, gedir qiymətləndirir, heç dəqiq də bilinmir ki, hansı formada qiymətləndirir. Sonra da müştəriyə bildirir ki, zərərin filan qədərdir, sənə də bu qədər məbləğ ödənliəcək. Müştərinin təqdim etdiyi məbləğ isə fərqlidir. Tərəflər fərqli rəqəm göstərdiyi üçün burada ziddiyyət yaranır. Zərərçəkən də məcbur olur ki, dəymiş ziyanı yox, sığorta şirkətinin tərəf kimi diqtə etdiyi məbləği götürmək məcburiyyətindədir" - İlkin İbrahimov belə deyib.

Könüllü sığorta ilə bağlı mübahisəli məqamlar necə həll olunur?  Franşiza məsələsi necə tənzimlənir? suallarına mütəxəssisin cavabı belə olub: "Franşiza (Azadolma məbləği)- sığorta hadisəsi nəticə sində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Başqa sözlə desək, bu sizin tərəfdən öz üzərinizə götürdüyünüz maddi məsuliyyətin bir hissəsidir.  Azad olmanın iki növü var: şərtli azad olma və şərtsiz azad olma. Təcrübə göstərir ki, bizdə şərtsiz azad olma daha geniş yayılıb. Bu o deməkdir ki, müqavilədə məbləğ müəyyən edilibsə, qeyd-şərtsiz həmin vəsait dəymiş zərər məbləğindən çıxılacaq. Misal üçün, şərtli azad olmaya görə avtomobilinizə dəyən ziyan 500 manata qədərdirsə, yəni 499 manatdırsa ödəniş olunmur".

İlkin İbrahimovun sözlərinə görə hazırda qanunvericilik sığorta şirkətlərinin fəaliyyətini çox məhdudlaşdırıb: "Məsələn, tərəf anlayışı kimi İXM-nin 128-ci maddəsinə Konstitusiya məhkəməsinin 2016-cı ilin noyabr ayında bir şərhi oldu. Bu da konkret olaraq sığorta şirkətlərinin hüquq və vəzifələrini məhdudlaşdırdı. Təsəvvür edin ki, DYP baxır ki, hadisə baş verib, sığorta şirkəti həmin protokoldan şikayət verə bilməz. Tərəflər ancaq zərər vuran və zərər çəkən olmalıdır".

 

X

XƏBƏRLƏR
BÖYÜT