Elnarə Abdullayeva: Bahalı avtomobil aldım...
17:23 – 23 May, 2017

“Düz 10 il bir ayaqqabını geyinmişəm. Deyirdilər ki, bir paltarı 10 dəfə efirə geyinir. Cavab verirdim ki, pulum yoxumdu, kimə deyim ki, mənə paltarını versin? Əvvəllər pulumuz yox idi, indi var, geyimimə fikir verirəm .”

 

Bu sözləri APA.TV- nin “Show time” verilişində qonaq olan əməkdar artist Elnarə Abdullayeva deyib. O, bildirib ki, son vaxtlar geyimlərinə diqqət edir: “Kimsə mənə yaxşı deyəcək deyə, kreditə paltar götürüb, geyinmərəm. Başqasının paltarını geyinim, mənə yaxşı desinlər, bu da mənim xarakterimə uyğun deyil. Nəyim varsa, onu geyinəcəm. Yoxumdusa, canım çıxacaq, geyinməyəcəm. Pulum olanda 4-5 cüt ayaqqabı aldım. Sonra heyfsiləndim ki, yaxşı hərəkət eləməmişəm, onsuz da ayaqqabı paltarın altında qalır, görünmür. Bir ayaqqabı da bəs edərdi. Ona verdiyim pulu gərək xeyirli işə xərcləyərdim. Özüm - özümə dedim ki, "nə oldu qudurdun?"

 

E. Abdullayeva bir müddət öncə səsləndirdiyi “oğluma müğənni qız almaram” fikrinə aydınlıq gətirib: “Mənə sual verildi, mən də aldığım tərbiyəyə, gördüyüm dünyaya görə cavab verən adamam. Yəni öz pəncərəmi açıb, oradan nə görürəmsə, elə də deyirəm. Bu fikirləri də kiminsə müzakirə etməsi üçün səsləndirmədim. Bu fikirlərimə münasibət bildirən müğənnilərə də dedim ki, gedin müğənniləri alın, o qızlar da sayənizdə subaylığın daşını atsınlar. Mən oğluma oxuyan qız alan deyiləm. Özüm çox əziyyət çəkdiyimə görə oğlumun da əziyyət çəkməsini istəmirəm”.

 

Xanəndənin fikirlərinə verilişin digər qonağı müğənni Elvin Abdullayev də qoşulub: “Elnarə xanımın fikirlərini dəstəkləyirəm. Əlbəttə Elnarə xanım "oğluma müğənni qız almaram" deyəndə bir çox tanınmışlar etiraz ifadə edən açıqlamalar verdilər. Ancaq o açıqlamaları verənlərin əksəriyyəti də Elnarə xanımın fikrini dəstəkləyənlərdi. Sadəcə söhbəti böyüdüb, gündəmdə qalsınlar deyə açıqlama verdilər”.


 

Verilişin digər qonağı Tünzalə Əliyeva da söhbətə qoşulub: “Məsələn mən də istəmərəm ki, qızım aktrisa olsun. Çünki səbəblərim var. Bu peşə çox çətindir. Yoldaşım istəyir ki, qızım idmançı olsun ".

 

 

T. Əliyeva öz işlərindən də danışıb: “Əvvəllər xınayaxdı mərasimlərinin təşkili biznesim var idi, indi yoxdur. Tək ümidimi də ona bağlamamışdım. Mən televiziyada da işləyirəm. Yəni oradan da maaş alıram. Seriallara, reklama çəkilirəm. Yəni qazanc yerim var. Son vaxtlar yalnız televiziya sahəsindən qazanıram. Xınayaxdı biznesindən qazanmaq artıq çətinləşib. Amma indi də xınayaxdıya dəvət alaramsa, gedərəm. Məsələn əvvəllər bir ayda 5 xına olurdusa, indi beş ayda 1 xına olur. Ona görə də ümidimi bu biznesə bağlasam, gərək ac qalam. Şükür edirəm ki, öz ayağım üstə dayanmağı bacarıb, övladımı dolandıra bilirəm”.

 

Aktrisanın dolanışıqla bağlı dediklərindən sonra xanəndə də bu barədə fikirlərini bölüşüb: “Bakıda dolana bilmədinsə, rayona gedirsən, orada kənd təsərrüfatı ilə məşğul olursan. İndi əksər adamlar deyirlər ki, hazır pul gəlsin. Bu harada görünüb ki ?... Bizim gəlirimiz şou-biznesdəndir. İndi bu aləmi elə bir hala salıblar ki, adam bura girdiyinə peşman olub. Şou-biznesi pis hala salanlar həyasızlar kimi danışan kişilərdi. Baxırsan ki, kişidir, əyninə şalvar geyinib, amma elə həyasız-həyasız açıqlamalar verir. Adam ona efirdə baxanda iyrənir. Üstəlik də düşünəndə ki, bu adam sənin sənət yoldaşındır, dəli olursan. Çalışmışam ki, hər zaman söz-söhbətdən uzaq gəzim. Mənim özümə də pulla qurama qalmaqallar təklif edənlər çox olub. Heç vaxtı buna razı olmamışam. Çünki özümə hörmət edən insanam.

 

E. Abdullayeva sənətdə bir çox gənclərə nümunə olacaq addım atdığını da söyləyib: “Mən göstərdim ki, imanla, qeyrətlə də qabağa getmək olur. Bu yolla hər şeyə gec nail olursan. Amma zəhmətinlə nail olursan. Alın tərimlə illərdi işlədim, bir günü getdim nağd pula təzə bir maşın aldım. Hamıya da göstərdim ki, halal zəhmətlə də maşın almaq olar. Gənclərə tövsiyəm odur ki, kiminsə cibinə girib, gənc yaşınızda maşın almayın. Necə ki, mən etdim elə edin. Kimlərinsə ailəsini dağıdıb, ciblərinə girib, özünüzə maşın almağa tələsməyin. Hər şey şərəflə olmalıdır. Bax, Allah mənə gec verdi, amma ən yaxşısını verdi. Amma onu da deyim ki, sonradan maşın aldığıma da peşman oldum. Çünki o pula da  Allah rizası üçün nələrsə edə bilərdim”.

 

Daha sonra “Toppuş bacı” həyat yoldaşının ona qoyduğu qadağalardan danışıb: “Yoldaşım hər işimə qarışır. Əcəb edir. Bizim evdə ilk və son sözü kişi deyir. Mən öz evimizdə belə görmüşəm. Atam söz deyib, anam da deyib ki, baş üstə. Aktrisalar arasında mənim yaşımda, ağlımda ev qadını yoxdur. Varsa da Allah canlarını sağ eləsin. Mən səhərdən axşamadək həyat yoldaşımdan nəsə bir istəyinin olub-olmadığını soruşuram. Yəni yatanadək onun qulluğunda dururam".

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT