Pomada, tünd ətir, çimmək, siqaret orucu pozurmu?
17:59 – 25 May, 2017

İçki içən, siqaret çəkən, namaz qılmayan da oruc tuta bilərmi? Başqasının əvəzinə oruc tutmaq, namaz qılmaq olarmı?

 

“ İbadətin mahiyyətini dərk etmək önəmlidir. Bəzən müsəlman namaz qılır, oruc tutur. Amma mahiyyətindən xəbərsiz olur.  Odur ki, zamanla dindən uzaqlaşır. Müsəlman etiqad etdiyi dinin biliklərinə sahib olmalıdı. İslamı oxumalı, öyrənməlidir”.

 

APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Şəhadət Heydərov “Yaşıl orta” verilişində deyib. Oruc ibadətinin  müzakirə olunduğu verilişdə qari Rəşad Ataşov və digər ilahiyyatçı Hacı Eldayaq Hüseynov da iştirak edib. Qonaqlar mövzu ilə bağlı fikirlərini bölüşüblər. Ş.Heydərov bildirib ki, il boyu içki içən, siqaret çəkən müsəlmanlar da ramazanda oruc tuta bilər: “ Heç kim içki içən şəxsə oruc ibadətini yasaqlaya bilməz. Əgər müsəlman ramazanda oruc tutmaq istəyirsə, onu həvəsdən salmamalıyıq. Əksinə dəstək olmalıyıq. Bəlkə bu 1 ay onda elə gözəl təsir buraxa bilər ki, qalan aylarda da ibadət edər”.

 

İlahiyyatçı orucu pozan hallar barədə də ətraflı məlumat verib: “Siqaret orucu pozur.  Odur ki, müsəlman oruc halında siqaret çəkməməlidir.  Dodaq boyası isə ağız boşluğuna düşmədiyi müddətcə orucu pozmaz. Amma bəyənilmir. Çünki xanımlar çox diqqət etməlidirlər ki, pomada ağız boşluğuna getməsin.Buna diqqət etmək isə çox çətindir. İnsan unuda da bilər. Yaxşı olar ki, oruc tutan xanımlar bu ay  dodaq boyasından istifadə etməsinlər. Əgər ətir  boğazda hiss olunacaq qədər tündürsə, bundan da çəkinmək lazımdır”.

 

İlahiyyatçı Hacı Eldayaq Hüseynov da Ramazanla bağlı sualları cavablandırıb: “  Bu ibadətə insan həm fiziki, həm də ruhi və ideoloji cəhətdən də özünü hazırlamalıdır Hazırlıq üçün Ramazandan bir neçə gün əvvəl oruc  tutulması məsləhətdi. Orucu pozan 9 hal var. Əgər insan oruclu halda bilərəkdən yeyib-içirsə, bu ibadəti pozur.  Yox, oruc olduğunu unudub, bilmədən yeyib-içərsə, oruc batil  sayılmır. O şəxs iftara qədər oruclu qəbul olunur. Qatı toz da orucu pozur. Amma kimsə yol ilə gedirsə, gözləmədiyi halda qarşısına qatı toz çıxsa, bu ibadəti batil etməz. Çünki o qəsdən etməyib. Eləcə də qeyri-ixtiyari qusmaq orucu pozmaz. Amma süni şəkildə, kimsə özünü qusdurarsa, bu ibadəti batil edər. Ev şəraitində duş ilə çimmək orucu pozmaz. Amma çayda, dənizdə çimmək, yəni suya baş vurmaq ibadəti batil edər”.

 

Verilişdə iştirak edən qari  Rəşad Ataşov  da söhbətə qatılaraq mövzu ilə bağlı fikirlərini bölüşüb, həmçinin “Qurani-Kərim”dən ayələri tilavət edib. Gözəl qiraəti ilə verilişə rəng qatıb. 

X

XƏBƏRLƏR
BÖYÜT