Orucluqda necə qidalanmaq lazımdır?
18:56 – 26 May, 2017

“On bir ayın sultanı adlandırılan Ramazan ayı əslində bir saflaşma, paklanma ayıdır. Ramazan ayında düzgün qidalanma ən vacib məqamlardan biridir. Orucluğun əsas mahiyyəti bir ay ərzində orqanizmi saflaşdırmaqdır”.

 

Bunu “Sosium” proqramının qonağı, dietoloq Leyla Zülfüqarova deyib. Onun sözlərinə görə, insanlar on bir ay ərzində gündə ən azı 3 dəfə qidalanır ki, bununla da orqanizmdə toksinlər toplanır. Dietoloq bildirib ki, insan oruc tutan zaman onun orqanizmi bir ay ərzində istirahət edir, orqanizm toksinlərdən təmizlənir. L.Zülfüqarova insanlara imsak və iftar zamanı sağlam qidalanmaya xüsusi diqqət yetirməyi məsləhət görür. Qidalanma üzrə mütəxəssis imsak etmədən oruc tutmaq orqanizm üçün ziyanlı olduğunu bəyan edib.

 

“Xüsusi ilə imsak vaxtı qidalanma baş verməsə orqanizmdə metabolizm sürəti ləngiyəcək. Çünki, 16-18 saat fasilə edən mədə-bağırsaq sistemi gün ərzində iki dəfə qidalanmanın olacağını gözləyir. Biz bu imkanı da orqanizm üçün verməsək, ciddi səhvə yol vermiş oluruq. Qidaların ardıcıllığına da ciddi şəkildə riayət etmək lazımdır. Gün ərzində şirinə olan ehtiyacımızı xurma ilə almalıyıq. Xurma ən müdrik nemətdir, çünki tərkibi karbohidrat və zülaldan ibarət olan bəlkə də yeganə meyvədir. Az ölçüsü olmasına baxmayaraq orqanizmin zülala olan ehtiyacının 85 faizini ödəmiş olur. İnsanlar nədənsə düşünür ki yalnız iftar süfrəsində nələrisə yeyə bilərəm, amma xurmanı imsaqda da yemək olar. Çünki biz qlükozaya olan ehtiyacımızı daha çox günün birinci yarısında təmin etməliyik. Enerjinin daha çox hissəsini biz qlükozadan aldığımız üçün, ona görə də imsak vaxtı qlükozaya olan ehtiyacımızı xurma, ərik qurusundan götürə bilərik. Eyni zamanda, bununla suya olan ehtiyacımızı da ödəmiş oluruq. Çünki, iki dəfə yeməklə orqanizmə lazım olan bütün maddələri ötürməliyik. Ona görə də ən böyük öhdəliyimiz ondan ibarətdir ki, biz imsakı düzgün edək. İmsak vaxtı, süd və süd məhsullarından, yumurta və yarmalardan istifadə etmək məqsədəuyğundur. Normal tərtib edilmiş imsak günün sonunu normal iftarla da bitirməyimizə imkan verir. Bir ay ərzində tamamilə sağlıqlı qidalarla bəslənən orqanizm, bundan sonra qeyri-sağlam qidaları onsuz da götürməyəcək. Çünki bir ay ərzində orqanizmi çox gözəl tendensiya ilə planlamış oluruq”, - deyə Leyla Zülfüqarova vurğulayıb.

 

L. Zülfüqarova imsak zamanı genetik modifikasiya olunmuş qidalardan, yarımfabrikat məhsullardan, kolbasalardan istifadə etməyi məsləhət görmür. Onun fikrincə, qeyri-sağlam qidalardan istifadə orucluğun mahiyyətinə uyğun gəlmir: “Kolbasa və sosiskanı qəti qəbul etməməliyik. Bəlkə də orucluq ayı bizə göndərilmiş nemətdir ki biz sağlam qidalanma prosesinə keçə bilək. Əgər bir ay o qidalardan istifadə olunmasa, sonrada orqanizm o qidaları tələb etməyəcək”.

 

Leyla Zülfüqarova deyib ki, iftarı su ilə açmaq məsləhətdir: “Biz ən çox maye qəbul etməyə diqqət yetirməliyik. Maye dedikdə söhbət təmiz, qazsız və şəkərsiz sudan gedir. Su ən ciddi sakitləşdiricidir, müəyyən müddət boş qalmış orqanizmi birinci su ilə sakitləşdiririk. Gün ərzində orqanizmin suya olan tələbatını təmin etmək üçün hər kiloqrama görə müəyyən olunmuş həcmdə su qəbul olunmalıdır. Məsələn, 60 kiloqram çəkiyə malik insan imsakda 5-6 bardaq su, yəni 1,8 lit su içməlidir”.

 

Dietoloq hesab edir ki, əksər insanlar iftar vaxtı düzgün qidalanmır. “İftar vaxtı gün ərzində ac saxladığımız mədəni yükləməmək lazımdır. Mədə elə orqandır ki, mütəmadi az qidalanmaya əməl edilsə, mədə buna öyrəşir, mədənin ölçüsü kiçilir. İftar vaxtı müxtəlif qidaları qarışdırmaq olmaz. Mədə çoxlu qida istəmir. İftar zamanı ilk növbədə sulu yeməklər, salatlar və zülal ağırlıqlı ət yeməkləri qəbul edilməlidir. Sulu yeməkdən ən azı yarım saat sonra salat yeyə bilər. Eyni zamanda, salat yeyəndən 30 dəqiqə sonra digər qidaları qəbul edə bilər. Ümumiyyətlə, bu qidalardan 1 saat sonra süd məhsullarından istifadə etsə, daha yaxşı olar. Ramazan ayında doğru bəslənən insanlar bir çox xəstəlikdən də yaxa qurtarmış olur. “  

 

Dietoloqun sözlərinə görə, orqanizm iftardan sonra çox yükləndiyinə görə, oruc tutanlara dərhal yatmaq tövsiyə olunmur. Onun fikrincə, oruc tutanlar tez yatmamalı, iftardan sonra mütləq 3-4 saat oyaq qalmalıdır.

 

X

XƏBƏRLƏR
BÖYÜT