Fədayə Laçın Tacir Şahmalıoğlu ilə sevgili olmasından danışdı: "Ağ vərəq idim"
11:40 – 31 May, 2017

“Özümdən 5 yaş kiçik oğlanla evlənmişəm, deyirlər ki, 20 yaşlı oğlanla evliyəm.

Özündən kiçik oğlanla ailə quranlara pis baxmıram. Peyğəmbərimiz də öz həyat yoldaşından 20 yaş kiçik idi”.

 

Bu sözləri “APA TV”- nin “Show time” verilişində qonaq olan əməkdar artist Naibə Allahverdiyeva ikinci dəfə ailə qurduğu adamdan danışarkən deyib. O, bildirib ki, hazırda həyat yoldaşı ilə küsülüdür: “Hər bir insanın həyatında ağır günlər olur. İç dünyamı qovura-qovura qalmışam. Başımdan qara buludlar keçir, özüm də bilmirəm ki, bu nədir. Elə şeylər var ki, mən onları deyə bilmirəm. Həyat yoldaşımla aramda inciklik var”.

 

Daha sonra verilişə müğənni Fədayə Laçın qoşulub. O “Sənət dünyasında dostluq mümkündürmü? “ sualına cavab verib: “Peşəsindən asılı olmayaraq dostluğu bacaran hər kəslə dostluq etmək olar. Özüm heç bir müğənni ilə dostluq etmirəm. Niyə müğənnidən dost olmur? Mən də müğənniyəm, kiminsə dostuyam. Həmkarlarımın mənə qarşı etibarsızlığını görməmişəm. Çünki o qədər də yaxın olmamışam. Bu günə qədər heç bir müğənni, aktrisa ilə düşmənçiliyim olmayıb”.

 

Müğənninin bu sözlərinə aktrisa fərqli tərəfdən yanaşıb: “Aktrisalar, müğənnilər də insandır. Duyğusal, həssas insanlardı. Sənət adamlarının bir-birləri ilə dostluq etməməyinin səbəbi rəqabətdir. Çünki heç kəs digərinin öndə getməyini istəmir. Nə qədər də olsa insanlar arasında ağ paxıllıq var. Sənət adamları arasında bu mütləq var. Buna baxmayaraq mənim teatrda rəfiqələrim var. Rəfiqə tam başqa bir anlamdır. Bacına, qardaşına deyə bilmədiyin sözü ona deyə bilirsən”.

 

F.Laçın daha sonra əlavə edib ki, onun xanımlarla dostluğu alınmır: “Mənim rəfiqələrim yoxdur. Yalnız əks cins nümayəndələri ilə dostluq edə bilirəm. Düşünürəm ki, həyatda qazancım elə o dostlarımdır. Qadınla rəfiqəlik etməyi heç sınamamışam da. Bəzən dostlar arasında mənə qarşı səhv edənlər olanda yaxşı əməllərinə görə bunu onlara keçirəm”.

 

F.Laçın 6 il birgə duet ifa etdiyi həmkarı Tacir Şahmalıoğlu ilə sevgili yaşamasından da danışdı: “Bura Azərbaycandır, balaca yerdir. Yalan danışmağın adı yoxdur, hamı bir-birini tanıyır. Biz Tacir bəylə 6 il çalışdıq. Bu az müddət deyildi. Bu söhbətləri 20 il sonra gündəmə gətirdilər. Yəni həmin vaxt mənim 20 -21 yaşım var idi. O yaşadıqlarım uşaqlıq illərimin ağ vərəq hissəsi idi. Tale, qismət idi. Amma indi bu barədə çox danışmıram. Çünki övladım mənə baxır. İndi mənim sevdiyim, hər şeyim odur ”.

 

İfaçı bildirib ki, heç vaxt 2-ci dəfə ailə qurmaz: “İlk ailəm uğursuz oldu, amma övladıma atası ilə görüşməyə heç bir zaman qadağa qoymadım. Yenidən ailə qurmaq, oğluma ögey ata istəmədim. Çünki oğluma nəsə deyən olsa, mən həmin adamı döyərəm. İndi mənə evlilik təklifləri gəlir. Amma mən heç bir zaman qəbul etmərəm. Mən “heç vaxt” deyəndə, deyirlər ki, heç vaxt demə, çünki gələcəyi bilmək olmaz. Amma mən bu işə ömürlük "heç vaxt" deyirəm. Ailə qurmayacam”.

 

N.Allahverdiyeva bildirib ki, stress yaşadığı üçün çəkisi 9 kilo azalıb: “Hərdən elə addımlar atıram ki, sonra özümə deyirəm, bunu niyə etdim? Stress yaşadım, 9 kiloya yaxın çəki verdim. Həyat yoldaşımdan barışıq jesti gözləyirəm. Bilirsiniz, mən kinli deyiləm, amma ürəyimdəki yara gec sağalır. Həyatda ancaq özüm-özümü qınayıram”.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT