Qaynananın qovduğu çarəsiz gəlin: “Anası nə dedi, oğlu onu da etdi...”
19:30 – 31 May, 2017

Pərvanə bətnindəki uşağı üçün kömək istəyir... 

 

Pərvanə Həsənova Ağdaş rayonunda doğulub. İki qardaşın bir bacısıdır. Orta təhsilini tam ala bilməyib. 4-cü sinifdə məlum olub ki, Pərvanənin böyrəyində problemi var və valideynləri onu müalicə üçün Rusiyaya aparıblar. Orda müalicə alıb, amma təhsilini davam elətdirməyib. Uşaqlıqdan çətinliklə böyüyüb Pərvanə. Kirayə evlərdə yaşayıblar. Anası da işləyib deyə, onun üçün həmişə darıxdığını deyir. Bu hiss heç zaman onu tərk etməyib. 20 yaşına qədər atası, anası və qardaşları ilə birgə Rusiyada yaşayıb. Sonra Azərbaycana qayıdıblar. Bir müddət sonra valideynləri qazanc dalınca yenidən Rusiyaya getməli olublar.

 

25 yaşına çatdıqda Pərvanə ana tərəfdən qohumu və özündən 5 yaş kiçik olan Royal adlı bir oğlanla ailə qurur. İki gənc yaş fərqinə baxmayaraq 2014-cü ildə izdivaca girirlər. Göz yaşları içində danışır həyatını Pərvanə. Çarə axtarmaqdan, qapılarda qalmaqdan, körpələrinin aclığını düşünməkdən yorulub...  

 

Cəmi 1 yaş 4 aylıq olan oğul balası da anasından ayrı qalmır.

 

Pərvanə Ağdaş rayonuna gəlin köçür. Amma həyat yoldaşı ona sahib çıxa bilmir. Elə ilk hamiləliyində qaynanası qovub onu. Pərvanə belə deyir və əlavə edir ki, əri anasının təhriki ilə onu hamilə vaxtı dəfələrlə döyüb.  

 

Evdə qayınanasından başqa, qayınatası, qaynı da olub Pərvanənin. Amma o, işgəncəni qayınanasından və yoldaşından görüb. Qadın sığınacağındadır Pərvanə indi ikinci balası və bətnindəki körpəsi ilə.

İzdivacdan iki övladı var – bir qızı, bir oğlu. Bir balası isə bətnindədir. Deyir onun da taleyi sual altındadır: “Qaynanam deyir ki, çıx evdən, səni istəmirəm, oğluma başqa gəlin almaq istəyirəm. Mən kasıbam, o imkanlısını almaq istəyir. Mənim atamla anamın imkanı yoxdur, onun istədiyini edə bilmirəm. Atama, anama deyə bilmərəm ki, yoldaşıma nələrsə verin, ya alın. Bunun üstündə hər gün evdə qırğın idi”.

 

Pərvanənin ilk uşağı qızdır, Məryəmdir. Yaşadığı problemlərdən dolayı uşağı vaxtından tez doğulub. Maddi çətinlik ucbatından uşağı anası gilin yanında, Rusiyada dünyaya gətirib. Qızının başına gətirilənlərdən xəbərdar olan ana ona bu evliliyi davam etməməyi məsləhət görüb. Amma ailə istəyi Pərvanəni yenidən qaytarıb o evə. Hər şey yenidən başlayıb deyir Pərvanə...

 

30 yaşındadır Pərvanə. Amma yaşadıqları onu nənən çox qocaldıb, yorulub. Deyir ki, kömək edin boşanım. Uşaqlarımı da götürüb getmək istəyirəm, onların sağ-salamat böyüməsini diləyirəm Allahdan. Deyir ilk övladı dünyaya gələndə əri də onunla bərabər Rusiyada olub. Orada ikinci dəfə hamilə qalıb. Amma əri anasının təkidi ilə hamilə xanımını və körpəsini Rusiyada qoyub Ağdaşa qayıdıb. Bu da zəif düşmüş qadını psixoloji cəhətdən xeyli sarsıdıb.

Pərvanənin ikinci övladı - oğlu vaxtından tez, 6 aylıq dünyaya gəlib. Deyir əri və onun anası övladdan imtina ediblər: "Anası qoymur, anası nə desə odur. Yoldaşım o evdə özbaşına heç nə edə. Hər üç uşaqda qovulmuşam”.

 

Təhsilsiz, valideynləri başqa ölkədə yaşayan, əli heç nəyə və heç kimə çatmayan Pərvanə həmişə hədə-qorxu içində yaşayıb, aciz qalıb. Deyir ikinci övladını yerli televiziya kanallarından birinin köməkliyi ilə yerləşdirildiyi doğum evində dünyaya gətirib. Ancaq uşağın qırxı çıxmamış xəstəxana körpəni atasına verib. Pərvanə iki ay Bakı Sağlamlıq Mərkəzində müalicə alıb.

 

Sonradan, Pərvanə ikinci dəfə də həmin evə qayıtmaq məcburiyyətində qalır. Göz yaşı içində deyir ki, övladlarım var idi, qayıtmaqdan başqa çarəm yox idi, istədim ailəm olsun...

 

Pərvanə deyir, ərinin ailəsi bətnindəki uşağı da qəbul eləmir. Təzyiqlərə dözməyib uşağı tələf etmək üçün həkimə müraciət edib. Məlum olub ki, uşaq əkizdir. Uşağın biri tələf olub, digəri isə 7 aylıqdır. Anasının bətnində hələ də mübarizə aparır dünyaya gəlmək uğrunda: “Qızımda boşanırdım. O, məni Rusiyada atdı gəldi. Yolda mənə dedi ki, anam düz deyir, mən səni neynirəm ki. Anam deyəni alacam. Rusiyadan boşanma ilə bağlı ərizə yazıb Azərbaycana göndərəcəkdim. Amma sonra bildim ki, boynumda uşaq var. Yoldaşım məni Rusiyada qoyub gedəndə mən ikinci uşağa hamilə idim. Boşanmaq istəyirəm bu adamdan. Oturub uşaqlarımı böyütmək istəyirəm. Başqa heç nə. Etibarnamə alıb uşaqları da götürüb anamla getmək istəyirəm. Mən atmıram uşaqlarımı, atmaram. Çoxu nifrət edir ataya, uşaqları atır. Anam-atam Rusiyada olan müddətdə kömək istəyirəm. Daha ailəm yoxdur. Mən ona çox yalvardım ki, gəl ailəmizi qoruyaq, o razılaşmadı. Bilmirəm artıq səhv qadında olur, yoxsa kişidə. Mən çox əziyyətlərə dözdüm, o buna layiq deyilmiş demək ki”.

 

Pərvanə hara və necə gedəcəyini belə bilmir. Mayın 4-dən bəri bir körpəsi qucağında, biri bətnində olan qadın sığınacağa qısılıb, kömək istəyir. Böyük qızı Məryəmə anası baxır...

 

Anası Pərvanəni qəbul edir, amma bətnindəki körpəni istəmir. Deyir, iki körpənə baxaram, amma üçüncünü qəbul eləməyəcəm: ”Zəmanə elədir ki, nə qadın artıq can yandırmır, nə də kişilər. Çox övlad uşaq evinə atılır. Çünki kişilər qızları alır-boşayır. Əgər mənim indiki ağlım olsaydı ərə getməzdim”.

 

O uşaqlarının fəxr ediləsi övlad olmasını istəyir. Deyir, istəmirəm ki, gələcəkdə övladlarım “anamız bizi orda-burda kiməsə möhtac böyüdüb” desinlər. İstəmir ki, övladlarını dünyaya gətirmək qərarını verdiyi üçün peşman olsun. Mənəvi dünyası darmadağın olub bu qadının. Əslində bu bir ailənin yox, bütün cəmiyyətin faciəsidir. Cəmiyyətdə Pərvanə kimi onlarla qadın var - çarəsiz vəziyyətdə. Kimi bu çarəsizlikdə özünü məcburən qəbul etdirməyə müvəffəq olur, kimisi isə Pərvanə kimi çıxdaş olunur... Gözlərinin yaşı dayanmadan axan qadının bu hala düşməsinin səbəbkarı hamımıza bəllidir. Ailə bir nəfərin qoruması ilə dayanıqlı və xoşbəxt ola bilməz. Bunun üçün yaşanan bütün ağrı və çətinliklərə, qarşılıqlı ittiham və təhqirlərə baxmayaraq hər iki tərəf yuvanı qoruyub bir-birinə dəyər verməlidir. Pərvanənin həyatına verilən dəyər isə çoxdan itib. Çünki seçdiyi adamın, yəni ailə başçısının özü özünə dəyər verən biri olmayıb... 

X

XƏBƏRLƏR
BÖYÜT